Azərbaycan Texnologiya Universitetində gənc tədqiqatçılar, doktorantlar, magistrlər, gənc universitet müəllimləri üçün seminar təşkil edilib.
Tehsil.biz xəbər verir ki, seminar Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elmi data bazalar və indekslər haqqında tədqiqatçılar üçün seminarlar” adlı layihə çərçivəsində keçirilib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycan Texnologiya Universitetinin prorektoru iqtisad elmləri doktoru Mayis Güləliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov üç gün davam edəcək seminarın elmi tədqiqatçılar üçün faydalı məlumatlar əldə etmək və tədqiqatların beynəlxalq səviyyədə təşviqi baxımından əhəmiyyətindən danışıblar.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti dosent Ruslan Rəhimli iştirakçılara beynəlxalq elmi data bazalar və indekslər haqqında məlumat verilib. Seminarlarda “open access” jurnallarına çıxış imkanları, eyni zamanda, elmi məqalələrin hazırlanması üçün beynəlxalq stillər, İMRAD haqqında məlumatlar yer alıb. Qeyd edilib ki, imkanları reallığa çevirmək üçün elmi tədqiqat və ali təhsil sahələrində çalışanlar “open science” və onun verdiyi üstünlüklərdən yararlanmalıdırlar. Eyni zamanda, “open access”in geniş elmi sferada reallaşdırılması və bütün nəşrlərin, data bazaların bu prinsiplə fəaliyyət göstərməsi elmi nəticələrin əlçatan olmasına, bütün elmi məlumatların araşdırmaçılar, ümumilikdə hamı üçün asan əldə olunmasına gətirib çıxaracaq, istinadların edilməsinə imkan yaratmaqla beynəlxalq rəqabətliliyə və bunun nəticəsində universitetlər və tədqiqat mərkəzlərinin beynəlxalq reytinqinin yüksəlməsi ilə nəticələnəcəkdir. “Open access”in təşviqi minimal olaraq nəşrləri internetdə oxumaq, yükləmək və çap etmək, nəşrləri kopyalamaq, yaymaq, axtarış etmək, sitat vermək, skan etmək kimi imkanlarının yaradılmasına hədəflənib.
Seminar Azərbaycan Texnologiya Universitetində ümumilikdə 100 iştirakçı arasında keçirilib. Ekspert iştirakçıların suallarını cavablandırıb və seminar müzakirələrlə davam edib. Seminar iştirakçılarına bukletlər paylanıb və sertifikatlar təqdim olunub.