Logo

NDU-da Hüseyn Cavidin 140 illik yubileyi qeyd olunub

23.10.2022 15:17 466 baxış
IMG

Naxçıvan Dövlət Universitetində şair-dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin birinci hissəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi  nümayiş olunub. Sərgidə İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov qrafika, yağlı boya, sulu boya, ağac üzərində yandırma üsulu ilə hazırlanmış rəsm əsərləri barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin ikinci hissəsində “Hüseyn Cavid-140” mövzusunda Elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Naxçıvan Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov  Hüseyn Cavid irsinin yaşadılmasında ümummilli lider Heydər Əliyevin rolundan bəhs edib. Bildirilib ki, Azərbaycançılıq, turançılıq və bəşəri ideyaların carçısı, milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb:”Azərbaycanın bir çox ziyalıları kimi Hüseyn Cavidin də taleyində 1937-ci il böyük faciələrlə iz qoyub. Dramaturq 1938-ci ildə həbs olunaraq 8 il islah əmək düşərgəsinə məhkum edilib və 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini ümummilli lider Heydər Əliyev verib. Heydər Əliyevin göstərişindən sonra 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cəsədin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul edib. 1982-ci ilin oktyabrın 26-da görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Azərbaycana qovuşub. Görkəmli dramaturqun Bakıda və Naxçıvanda ev muzeylərinin yaradılması, külliyyatının çap edilməsi, 1996-cı ildə Naxçıvan Muxtar Respublikasında qəbrinin üzərində məqbərəsinin ucaldılması, yubileylərinin keçirilməsi kimi hadisələr də dahi şəxsiyyət Heydər Əliyevin sayəsində həyata keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev poeziyada bənzərsiz sənət nümunələri yaradan dramaturqun həyat və yaradıcılığı barədə danışıb:”Milli ədəbiyyatda poetik dram və faciə janrının yaradıcısı olan dramaturqun mənəvi zənginliyi ilə seçilən əsərləri bir çox nəslin estetik zövqünü oxşamaqdadır. Əsərlərində sevgi və gözəllik, yaxşılıq və pislik, işıq və qaranlıq qüvvələr arasındakı mübarizənin, humanizm, xeyriyyəçilik ideyalarının tərənnümünə yer verən H.Cavid fəlsəfi lirikanın orijinal nümunələrini ortaya qoyub. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub”.

Çıxış edən rektor Elbrus İsayev bildirib ki,  dünya ədəbi mühitini dərindən bilən, dini, siyasi, etnik mövzulara əsərlərində fəlsəfi mövqedən yanaşan, pedaqoji və fəlsəfi fikir tarixində görkəmli yer tutan Hüseyn Cavid Azərbaycan ədəbi irsinə işıq salan bənzərsiz xadimlərdəndir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asif Əliyev Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavidin dramaturgiyası barədə danışaraq onun Səlma, Maral, Şeyx Sənan, İblis, azadlıq istəyən Xəyyam kimi obrazlarının təhlili vasitəsilə, əsərlərindəki bəşəri ideyaların təbliği məsələlərini ön plana çəkib.

Naxçıvan Universitetinin müəllimi İman Cəfərli Hüseyn Cavidi Azərbaycan romantizm ədəbi cərəyanını dünya ədəbiyyatı müstəvisində təmsil etmək qüdrətinə malik ədib kimi qiymətləndirib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tərəfindən hazırlanmış “İblis” tamaşası göstərilib.

Xəbər lenti