“Ümmətdən millətə doğru” -deyərək bütün həyatını xalqının xoş rifahına həsr edən və sonda canını faciəli surətdə qurban verən Firidun bəy Köçərli zamanından, məkanından asılı olmayaraq “elm və irfan sahibi” kimi daim bu xalqın qəlbində yaşayacaqdır.
Ədəbiyyatşünas alim, ilk milli ədəbiyyat tarixinin müəllifi, istedadlı publisist, ədəbi-tənqidçi, tələbkar pedaqoq, maarif fədaisi, millətsevər, vətənpərvər vətəndaş, xeyirxah insan olan Firidun bəy həyatı boyu heç nə yazmasaydı-yaratmasaydı belə təkcə Qori seminariyasının “Müsəlman şöbəsini” Azərbaycana köçürməklə yaddaşlara həkk edilmiş olardı.
“Nə daraşmısınız Qafqaz müsəlmanlarının canına. Bəsdir Azərbaycan şöbəsini addım-addım güdməyiniz!” -deyə 1902-ci ildə Qori Müəllimlər Seminariyasına təyin edilmiş direktora cəsarətlə öz etirazını bildirən Firidun bəy nəyin bahasına olursa-olsun şöbəni Azərbaycana köçürməy üçün mübarizəyə başladı. Hər gün azaərbaycanlı seminaristlərə cəza tətbiq edən Seminariya rəhbərliyinin Firidun bəyə də münasibəti isti deyildi. Hələ 1905-ci ildə Seminariyanın Azərbaycan şöbəsinin təlimatçısı F.A.Smirnovun başqa vəzifəyə keçməsi ilə əlaqədar, həmin yeri tutmaq üçün ərizə verən Firidun bəy bir neçə ilə arzusuna çata bilməsə də inadkarcasına mübarizə apardı. Nəhayət, 1910-cu ildə rəhbərlik müvəqqəti də olsa onu Azərbaycan şöbəsinin təlimatçısı təyin etdi.
Seminariya rəhbərliyi açıq-aydın ruslaşma siyasətini həyata keçirdiyi üçün digər millətlərin dilinə, adət-ənənəsinə qarşı çox kobud rəftar edirdi. Xüsusən də müsəlman seminaristlərə qarşı bu kobudluq hər an özünü büruzə verirdi. Seminarist Üzeyir bəy dəhlizdə azərbaycanca danışdığı üçün rəhbərlik tərəfindən cəzalandırılmış, bir neçə azərbaycanlı seminarist isə haqsız olaraq seminariyadan qovulmuşdur. Bütün bunlar bir daha Firidun bəyi “müsəlman şöbəsi”nin Azərbaycana köçürülməsi üçün inadkarlığa məcbur etmişdir.
Onu da qeyd edək ki, Firidun bəydən əvvəl də bu xeyirxah işi görmək üçün mübarizə aparanlar olmuşdu. 1881-ci ildən Seminariyada müəllim vəzifəsinə təyin edilən Səfərəli bəy Vəlibəyov hələ 1884-cü ildə bu barədə öz rəyini yazıb, seminariyanın pedaqoji şurasının müzakirəsinə vermişdi. Təəssüflər ki, seminariya rəhbərliyi bu məsələyə otuz il biganə qalmış və hər dəfə də rədd cavabı vermişdir. Çünki bu xoş məramın həyata keçməsinə nə rus çarlığı, nə də gürcü knyazlığı rəvac verirdi. Xoşbəxtlikdən uzun illər aparılan gərgin mübarizə Azərbaycan ziyalılarını öz yolundan döndərə bilməmişdir.
Nəhayət, Firidun bəy çox böyük çətinliklə, 1918-ci ildə Qori Seminariyasının “Müsəlman şöbəsi”ni Qazax şəhərinə köçürməyə nail olur. Tədqiqatçılar yazırlar ki, seminariyada yay məzuniyyəti vaxtı fürsəti əldən verməyən Firidun bəy Azərbaycan şöbəsinə aid olan bütün sənədləri və dəftərxana ləvazimatlarını gizli yolla seminariyadan çıxararaq Ağdama “qaçırır”.
Sonra isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin köməyi ilə Qori Müəllimlər Seminariyası “Müsəlman şöbəsi”nin Qazax da fəaliyyətə başlamasına nail olmuşdur. Seminariyaya direktor təyin edilən Firidun bəy burada Azərbaycanın gələcəyi olan yüzlərlə ziyalının yetişməsinə şərait yaratdığı üçün qürur duyurmuş. Xalqının övladlarını savadlı, mədəni görmək onun ən ümdə arzusu olmuş və bu arzusu yolunda bütün həyatını fəda etmişdir. Bu yolda həm qələmi, həm sözü, həm də əməli ilə mübarizə aparan Firidun bəy ilk olaraq arzularını mətbuatda bəyan etməli olur.
Publisist Firidun bəy
Ədəbiyyatşünas alim Əziz Mirəhmədovun yazdığına görə, 1886-ci ildə ilk dəfə olaraq “Tərcüman”da çap olunan Firidun bəy Köçərli gənc bir müəllim kimi müsəlman gəncliyinin maarifdən, Şərq və Qərb mətbuatından bixəbər olduğunu ürək ağrısı ilə qeyd edirdi. Gəncliyi elmə, maarifə, mədəniyyətə bir sözlə, dini elmlərlə yanaşı, dünyəvi elmlərə səsləyən gənc müəllifin bu məqaləsi İrəvan üləmasının qəzəbinə səbəb olur. Lakin bu Firidun bəyi heç də öz yolundan döndərə bilmir.
“Bütün türklərin tərcümanı” olan “Tərcüman”dakı ilk çıxışı onun üçün çox düşərli olur. Belə ki, 1880-cı illərin axırları artıq F.Köçərli imzası ilə həm Rus, həm Azərbaycan dillərində nəşr olunan bir neçə mətbu orqanlarında rastlaşırıq. Gənc olmasına baxmayaraq “Kavkaz”, “Novoye obozreniye”, “Kaspi”, “Kavkazski vestnik”, “Znaniye”, “Zakavkazye”, “Tiflisski listok”, “Otqoloski”, “Ziya”, “Ziyayi -Qafqaziyyə”, “Kəşkül” qəzetlərində artıq o, bir jurnalist, publisist kimi müxtəlif mövzulara mürüciət edirdi. Lakin bu mövzular arasında əsas yeri bir pedaqoq olduğu üçün maarif, əlifba, ədəbiyyat məsələləri tuturdu. Məqalələrinin böyük əksəriyyətində Firidun bəy xalqının tərəqqisi üçün maarifin, mədəniyyətin tərəqqi etməsini çox zəruri şərt sayır və mətbuatı bu problemlərin həll edilməsində köməyə çağırırdı.
20-ci yüzilliyin əvvəllərində Firidun bəy bütün bu arzu və istəklərini uzun illər həsrətlə gözlədiyi anadilli mətbuatda da şövqlə davam etdirib. “İrşad”, “İqbal”, “Tərəqqi”, “Səda”, “Molla Nəsrəddin”, “Dəbistan”, “Məktəb”, “Rəhbər” və s.qəzet və jurnallarda artıq dövrünün tanınmış və istedadlı ədəbi tənqidçisi kimi məsələni daha kəskin bir şəkildə qoyur və həlli yollarını göstərirdi.
O dövrün görkəmli tədqiqatçısı Fərhad Ağazadə onu “dəyərli bir qələm sahibi” adlandıraraq “...Firidun bəy qələminə yalnız türklər deyil, ruslar, gürcülər də böyük hörmətlə yanaşdığını” fəxrlə qeyd edirdi.
Müəllif ən məşhur “Taybuynuz öküz”, “Həyata dəvət”, “Əcəlsiz ölənlərimiz” adlı publisistik məqalələrində xalqı tərəqqiyə çağıraraq ətalətə, avamlığa qarşı çıxırdı. Məqalələrində fikirlərinin simvolik şəkildə ifadə edən Firidun bəy sadə, zəhmətkeş, bir parça çörəyini min bir əzabla qazanan insanların halına ürəkdən acıyaraq onları bu əzab-əziyyətdən qurtarmaq üçün elmə, maarifə dəvət edirdi.
Bunun üçün bütün qələm əhlini milli mətbuatı daha geniş inkişaf etdirməyə çağırırdı. Mətbuatın da bu yolda mühüm rol oynadığını hələ bir neçə il əvvəl “Şərqi -Rus”da “Hörmətli “Şərqi-Rus” ruznaməsinə bir neçə sözlər” adlı məqaləsində belə bəyan edirdi: “...Ərbabi-qələm gərək qəzetənin mündəricatını xeyli və zəmanənin təqazasına müvafiq məlumat ilə doldursun, ta ki, qəzetəni oxuyanlar ondan istifadə edib, arzu və təmənnaları puç və ümidlər zay olmasın, gərək qəzetə milləti ayıldan və onun ruhani və cismani qüvələrini hərəkətə gətirsin”.
Mətbuatşünas alim Firidun bəy
Dövrünün bir çox ziyalıları kimi ana dilli mətbuatın inkişafı üçün var qüvvəsi ilə çalışan Firidun bəy yalnız qəzet və jurnallarda məqalələr yazmaqla kifayətləmirdi. O, həm də Azərbaycan mətbuatını diqqətlə izləyir, tədqiq edirdi. Uzun illər müxtəlif mətbu orqanlarında anadilli mətbuatımız haqqında ədəbi-tənqidi, biblioqrafik məqalələr, icmallar yazan müəllif “Azərbaycan dilində çıxan dövri mətbuata dair qısa icmal” adlı məşhur məqaləsində “Əkinçi”dən tutmuş 1920-ci ilə qədər olan Azərbaycan dövri mətbuatı haqqında bir tənqidçi kimi öz fikirlərini də bildirib.
İlk anadilli mətbuatımızın bünövrəsini qoyan Həsən bəyin tarixi xidmətlərini, xalqı üçün etdiyi fədakarlığı yüksək qiymətləndirən mətbuatşünas alim “birinci müsəlman qəzetəsi” adlandırdığı “Əkinçi”nin bütün saylarının toplanıb yenidən çap olunması təklifini irəli sürürdü.
Müəllif məqaləsində “Ziyayi-Qafqaziyya” və “Kəşkül”ü, “səliqəsiz və müəyyən istiqaməti olmayan nəşr” adlandırsa da, onların da Azərbaycan mətbuatının inkişafında mühüm rol oynadıqlarını söyləyir.
1903-cü ildə fəaliyyətə başlayan “Şərqi-Rus” qəzeti haqqında isə müəllif fərəhlə yazırdı: “Bu qəzetənin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirirdi”.
Ədəbi-tənqidçi “Həyat” qəzetini “...ona qədər nəşr edilmiş Azərbaycan qəzetələrinin “ən mötəbəri” adlandırıdı. “Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr olunan “İrşad” ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır” söyləyən Firidun bəy bu qəzetin fəaliyyətinə hər kəsdən diqqət və qayğı ilə yanaşmağı tələb edirdi. “Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir” -deyərək bütün müsəlman ziyalılarını israrla “İrşad”a yardım etməyə səsləyirdi.
Mirzə Cəlillə hələ seminariya yoldaşı olan Firidun bəy onu “savadlı və mədəni azərbaycanlı” adlandıraraq çap etdiyi “Molla Nəsrəddin” jurnalına yüksək qiymət verirdi: “Ümumiyyətlə, “Molla Nəsrəddin” çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir”. Heç də təsadüfi deyil ki, elə bu jurnal haqqında da ilk icmal məqaləni də Firidun bəy yazıb.
Firidun bəy digər mətbu orqanlarına nisbətən “Molla Nəsrəddin”ə və mollanəsrəddinçilərə ayrı-ayrılıqda bir neçə məqalə və icmallar həsr edib. Jurnalın üç aylıq fəaliyyətini şərh edən tənqidçi daima “Molla Nəsrəddin”in dostları sırasında olmuşdu. Bu bəlkə də ondan irəli gəlirdi ki, mollanəsrəddinçilərin müraciət etdiyi mövzular əsasən Firidun bəyin qəlbinə, ruhuna daha yaxın idi və onu daha çox düşündürürdü. Məsələn, ana dilimizin saflığı, qorunması və yaşanması uğrunda mübarizə aparan jurnal az qala hər sayında bu mövzuya müraciət edib.
Rus, fars və ərəb dillərini mükəmməl bilən Firidun bəy jurnalda çap etdirdiyi “Ana dili” adlı publisistik məqaləsində yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziuləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. Müəllif bu məsələdə əsasən də milli yazarlarımızı öz ana dilini mükəmməl bilməyə, onu yaşatmağa çağırırdı. Əks halda isə bir millət olaraq məhv olmaq təhlükəsini bəyan edirdi: “...Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, fot olar və ondan bir nişan qalmaz”.
Azərbaycan satirik şeir məktəbinin banisi olan M.Ə.Sabir haqqında da ilk ciddi və samballı məqaləni də Firidun bəy yazıb. “Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Sabirin təbində bir o qədər zəriflik və lətafət var ki, güldürə-güldürə ağladır, ağlada-ağlada güldürür”.
1913-14-cü illərdə çar hökumətinin və bəzi “din xadimləri”mizin növbəti hücumuna məruz qalan mollanəsrəddinçiləri məhkəmədə müdafiə edən də Firidun bəy olmuşdur.
Hər zaman jurnalın işləri, problemləri ilə maraqlanan F.Köçərli 1910-cu il 25 dekabrda Batumdan “Molla Nəsrəddin”in redaksiyasına Məmmədəli Sidqiyə məktubla müraciət edir. O, məktubda yazırdı: “...Bu halda, bəradərim Mirzə Cəlil haradadır və “Molla Nəsərəddin”in işi necə gedir. Təzə ildən jurnal çıxacaqdırmı? Əgər çıxacaqsa, nə üçün jurnalda elan olunmur. Mirzə Cəlil jurnalın işlərinə mübaşir olacaqdırmı? Yoxsa siz öhdənizə götürəcəksiniz? Hər halda lazımdır jurnalı işlətmək. Çünki onun nəfi çoxdur. Bizim müsəlmanların tərəqqisinə və ədəbiyyatına, “Molla Nəsrəddin” kimi heç bir cəridə xidmət etmir. Çox təvəqqi edirəm ki, Cəlilin adresini mənə məlum edəsən”.
Mirzə Cəlil yaradıcılığını çox diqqətlə izləyən ədəbi-tənqidçi onun yazıçılıq istedadına heyranlığını da gizlətmirdi. O, Mirzənin 1906-cı ildə çap olunmuş “Usta Zeynal” hekayəsi haqqında anadilli dövrü mətbuatla yanaşı, “Znanie” qəzetində (23 noyabr 1906) də ayrıca məqalə nəşr etdirmişdi.
Firidun bəy Köçərli “Tərəqqi” qəzetində çap olunan “Məişətimizə dair” adlı məqaləsində mollanəsrəddinçilərin qadın azadlığı mövzusunda kı, çıxışlarını alqışlayaraq jurnalda “Lağlağı” imzası ilə verilən yazılar haqqında xüsusi fikir bildirirdi.
1915-ci ilin iyununda Şuşada istirahət edən Həmidə xanım xatirələrində yazırdı ki: “1915-ci ilin yayında biz Şuşaya gəldik. Firidun bəy də həmin il Şuşada istirahət edirdi. Firidun bəy bir gün ədəbi gecə təşkil etdi. Mirzə Cəlili də kənddən dəvət etdilər. O gəldi. Gecə maraqlı keçdi. Mirzə Cəlil çox razı qaldı”.
Bütün varlığı ilə Azərbaycan mətbuatının, ədəbiyyatının, mədəniyyətinin tərəqqisinə can atan Firidun bəy həm də
Ədəbiyyatşünas alim idi
Azərbaycan ədəbiyyatı tarixinə və folklora aid ən samballı əsərlərin müəllifi olan Firidun bəy Köçərli saysız-hesabsız məqalələri, əsərləri ilə bir ədəbiyyatşünas alim kimi Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, onun inkişafına təkan vermişdi. “Azərbaycan ədəbiyyatı tarixi materialları” (üçcildlik), “Azərbaycan xalqının ədəbiyyatı”, “Balalara hədiyyə”, “Təlimati-Sokrat”, “Mirzə Fətəli Axundzadə” və s.əsərləri bu gün də öz maraq dairəsini itirməmişdir. Müəllif bu əsərlərində Azərbaycan klassik ədəbiyyatının inkişafından və onun yaranmasında rolu olan klassiklərimizdən ətraflı bəhs edir. 1914-cü ildə qələm yoldaşı Abdulla Şaiqə yazırdı ki: “... Bu yolda məqsədim pul qazanmaq deyil, xalqımıza, ədəbiyyat və mədəniyyətimizə kömək etməkdir”.
“Milli intibahımızın banisi” olan Mirzə Fətəli Axundzadəni “Milli ədəbiyyatımızın atası” adlandıran Firidun bəy ondakı istedada heyran olaraq yazırdı: “Mirzə Fətəlinin təbində öylə bir zəriflik, yaratmaqlıq qüdrəti, yoxdan vücuda gətirməklik qüvvəsi var imiş ki, bunun misli az mühərrirlərdə müşahidə olunur. Bu bir Allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz”. Daha sonra isə Firidun bəy ona “Türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni” deyərək komediyalarını “reflektora” bənzədirdi: “Mirzə Fətəli Axundzadənin komediyaları Zaqafqaziya müsəlmanlarının 40-50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir”.
“Demək olar ki, Azərbaycan türkləri arasında birinci tənqidçi mərhum Firidun bəy idi”-söyləyən Fərhad Ağazadənin tədqiqatına əsaslanaraq deyə bilərik ki, F.Köçərli Azərbaycan ədəbiyyatı tarixində nəzəriyyəçi və tənqidçi kimi də özünəməxsus bir yer tutur və ədəbiyyat tarixçisi kimi tanınan ən görkəmli simalardan bridir. Tədqiqatçıların fikrincə, Firidun bəyin təşəbbüsünə kimi demək olar ki, Azərbaycan ədəbiyyatı tədqiq edilməmişdir. İlk dəfə bu xeyirxah təşəbbüs Firudin bəydən gəlmişdir. O, ədəbiyyat tariximizə dair zəngin material toplamış və onu əks etdirən mükəmməl bir əsər ortaya qoymaqla Azərbaycan ədəbiyyatı tarixini tədqiq etmişdir.
Ədəbiyyatşünas alim əsas diqqətini M.Vaqif, Q.Zakir, M.F.Axundzadə və S.Şirvani yaradıcılığı üzərində mərkəzləşdirmişdir. Müəllifin 1903-cü ildə “Azərbaycan türklərinin ədəbiyyatı” adlı rus dilində çap olunan bu əsəri təəssüflər ki, Azərbaycan dilində onun öz salığında işıq üzü görə bilməmişdi. Yalnız 1925-26-cı illərdə Fərhad Ağazadənin təbrincə desək, “Şuralı Azərbaycan”ın dövlət nəşriyyatı tərəfindən əsərin iki cildi “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı ilə çap olundu.
Əsərində Azərbaycanın 129 ədəbi şəxsiyyəti haqqında məlumat verən müəllif dahi Füzulidən, Nizamidən başlayaraq Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin həyat və yaradıcılığına müraciət etmişdir. Bu xeyirxah işi Şıxəli Qurbanov belə qiymətləndirirdi:“F.Köçərli Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində böyük iş görmüşdür. Onun bu sahədə yaratdığı əsər ədəbiyyat tarixinin yaradılması yolunda atılan əhəmiyyətli addım idi”.
Odur ki, çəkinmədən deyə bilərik ki, Firidun bəyin bu işi Azərbaycan filologiyasında irəliyə atılan ən doğru addım idi və “Azərbaycan ədəbiyyat-şünaslığında iri və mötəbər mənbələrdən biridir”.
Tədqiqatlardan belə bəlli olur ki, Firidun bəy 300-dən artıq dərsliyə düzəliş etmiş, metodik dəyişikliklər, əlavələr edərək onları zənginləşdirmişdi.
“Anadangəlmə pedaqoq” olan Firidun bəy
Qori Müəllimlər Seminariyasında təhsilini başa vuran F.Köçərli müəllim kimi ilk olaraq İrəvanda fəaliyyətə başlayır. 1985-ci ildən qutardığı Qori Müəllimlər Seminariyasında dərs deyən Firidun bəy tezliklə tələbələrinin sevimlisinə çevrilir və 23 il ömrünü bu Seminariyaya bağlayır.
Tələbələrinin, xüsusən də həmsoydaşlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olan Firidun bəy dərsdən sonra da saatlarla vaxtını onlara həsr edib və onları xalqına, millətinə layiq bir vətəndaş, vətənpərvər yetişməsi üçün əlindən gələni əsirgəməyib.
1913-cü ildə Xəlil adlı tələbələrindən biri yazırdı: “Siz mənə nəinki ustad idiniz, Siz mənə artıq ata idiniz. O qədər ki məhəbbət mən Sizdən görmüşəm, bu vaxta qədər bir kimsədən görməmişdim və görmərəm də”.
O, hər dəfə tələbələrinə təlimin məqsəd və vəzifələrini, tərbiyə və təhsil üsullarını, nümunəvi ədəb-ərkan qaydalarını, dünyəvi elmlərin üstünlüklərini dönə-dönə anlatmağa çalışırdı. Onları milli adət və ənənələrə biganə qalmamağa səsləməklə yanaşı, yeni dünyagörüşünün formalaşmasına da şərait yaradırdı. Dünya mədəniyyəti, ədəbiyyatı ilə tanış etməklə onları yeniliyə, maarifə istiqamətlən-dirirdi. Bu üsulla Firidun bəy onları təkcə bir pedaqoq kimi yox, həm də yeni fikirli bir maarif xadimi, yüksək əxlaqi dəyərləri və biliyi olan bir vətəndaş kimi hazırlayırdı. Rus və dünya klassiklərinin, pedaqoqlarının əsərlərindən tərcümələr edərək onların bilik və dünyagörüşünü daha da zənginləşdirmişdir.
Tədqiqatçıların söylədiyinə görə, Firidun bəy tələbələri seminariyanı qutardıqdan sonra da onlarla əlaqə saxlayırmış. Yenicə müəllimlik fəaliyyətinə başlayan tələbələrinin qarşılaşdığı çətinliklərlə maraqlanır, köməyini, məsləhətlərini əsirgəmirdi. Bax elə ona görə Firidun bəyi xalq arasında “anadangəlmə pedaqoq” adlandırıblar. Bu “anadangəlmə pedaqoq”un öz övladı olmasa da, yüzlərlə tələbələrini mənəvi övladı kimi yetişdirib.
27 iyun 1914-cü ildə Batumdan Əli adlı tələbəsi Firidun bəyə göndərdiyi məktubu “Möhtərəm ata” sözləri ilə başlayıb, “Oğlun Əli” imzası ilə bitirib. Bu məktub bir daha onun tələbələrinə olan atalıq qayğısının ən bariz nümunəsidir.
Yazıçı Seyfulla Şamilov isə əziz müəllimini belə xatırlayırdı: “Firidun bəy bir müəllim, məktəb nəzarətçisi olmaq etibarilə çinovniklik etməyi sevməzdi. Hər birimizin ehtiyaclarını dinləyib, dərdlərinə şərik olmağa vaxt tapardı. Ona görə onu ən yaxınımız bilərdik və bütün dərdlərimizi ona söylərdik, ondan məsləhət alardıq”.
Mehdixan Vəkilov isə yazırdı ki: “Çox həssas və qayğıkeş müəllim olan F. Köçərli gecələr vaxt-bivaxt şagirdlərin ümumi yataq otağına gələr, üstü açıq olanların yorğanlarını sahmanlamaqdan saqınmazdı”.
Firidun bəyin yaradıcılığı və şəxsi həyatı ilə yaxından tanış olarkən bəlli olur ki, o, təkcə tələbələri üçün qiymətli, sevimli olmayıb. O, həm də qələm yoldaşları, müəllim heyəti üçün qiymətli bir şəxs idi.
F.Köçərli irsinin ilk tədqiqatçısı olan Fərhad Ağazadə yazırdı ki: “Bir zaman Haşım bəy Vəzirov “Səda” qəzetində “Köhnə müsəlman-tazə müsəlman” məsələsini ortalığa atandan sonra Firidun bəy ondan məhəbbətini kəsib, məktub daha yazmadı. Bunun müqabilində Haşım bəy məktubunda Firidun bəyə belə yazır: “Özün bilirsən ki, mən dünyada heç kəsə boyun əyən deyiləm, amma sənə əyirəm. Sənə mən həmişə inanmışam və sənin sözlərin həmişə mənə təsir eləyib. Mən səni necə istəyirəm və necə istəyəcəyəm, istəyir yüz qat da bundan artıq qanısoyuqluq edəsən...”.
Azadlıq aşiqi
Bildiyimiz kimi, 20-ci yüzilliyin əvvəllərində hər bir ziyalımızın, o cümlədən Firidun bəyin də ən ümdə arzusu azad cəmiyyət, demokratik dövlət qurmaq idi. Bu arzunun çin olması üçün bir çox ziyalılar kimi F.Köçərli də 1917-ci ildə siyasi proseslərə qoşulur və “Müsavat” partiyasına daxil olur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilir və “İstiqlal bəyannaməsini” imzalayır. 1919-cu ildə “Müsavat”ın Mərkəzi Komitəsi səyyar bürosunun təşəbbüsü ilə Qazaxda partiya şöbəsi təşkil edilir və Firidun bəy şöbənin sədri seçilir.
1920-ci ilin aprel işğalından sonra Qazax kommunistləri F.Köçərlini və “Müsavat”ın digər üzvlərini “xalqa xəyanətdə”, “milli nifaq salmaqda” ittiham edərək onun həbs edilməsinə şərait yaradırlar. Qazax İnqilab Komitəsi Gəncə Fövqəladə Komitəsinin tədqiqatına əsasən ədib həbs olunur və 20-ci diviziyanın 7-ci xüsusi bölməsi şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqında qərar çıxarır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və Fövqəlada komissar Həmid Sultanov (sapı özümüzdən olan baltalar) tərəfindən təsdiq edilərək tezliklə hökm yerinə yetirilir.
Hökmdən bir neçə gün əvvəl Firidun bəy ömür-gün yoldaşı Badisəba xanıma məktub yazaraq “Təvəqqe edirəm ki, çox darıxmayasan. İnsanın başına hər cürə qəza gələr. Müəllimlərə və şagirdlərə salam. Səbr elə”- söyləməklə ona təmkinli davranmağı tövsiyə edirdi.
Sədaqətli ömür-gün yoldaşı
Firidun bəylə Badisəba xanım ailə quranda aralarında təkcə böyük yaş fərqi olmamışdı. Firidun bəy Şuşada adlı sanlı bəy ailəsində böyümüş, Seminariya təhsili almış, müasir düşüncəli bir gənc idi. Badisəba isə təhsil görməmiş, Qazaxın Salahlı kəndində kasıb bir ailədə böyümüşdür. Aralarında yetərincə yaş (19 yaş Firidun bəy böyük olub) və dünyagörüşü fərqləri olmasına baxmayaraq, onlar mehriban bir ailəyə sahib olmuşlar. Firidun bəy Badisəbaya mehriban ömür-gün yoldaşı olmaqla yanaşı, onun sevimli müəlimi də olub. Onu maarifləndirməklə dünyaya gözün açıb, həyata baxışların dəyişib. Tanrı onlara övlad verməsə də, ömürlərinin sonuna kimi sədaqətli, sevimli, mehriban ömür-gün yoldaşı olublar.
Odur ki, həyatda ən yaxın yoldaşı, sirdaşı olan Firidun bəyin yoxluğu ilə barışa bilməyən Badisəba xanım yoldaşının bu faciəli ölümündən sonra onun arzularını davam etdirməklə özünə təsəlli tapmış oldu. 1921-ci ildən 1958-ci ilə qədər ölkədə maarifin, elmin təbliği uğrunda yorulmadan bir pedaqoq kimi çalışır.
1930-cu illərdə Maarif Komissarlığının əmri ilə ölkəmizin bir çox yerlərində “yetimlər evi” fəaliyyətə başlayır. Belə “ev”lərdən biri də Şəki şəhərində təşkil olunur. Bu o zaman idi ki, ata-analarını “xalq düşməni” adı ilə gedər-gəlməzin qurbanı edən hökumət onları “dövlət qayğısı” ilə təmin edərək, “öz qayğısı”sını əsirgəmədən və bu “düşmən” balalarını böyüdərək onlardan sovet vətəndaşı yetişdirirdi.
Şəki şəhərindəki 2 saylı uşaq evinə də uzun illər Badisəba xanım rəhbərlik etmişdir. Beş yaşında atasını itirən Badisəba yetimliyin nə olduğunu bildiyi üçün bu uşaqlara rəhbərlik yox analıq, atalıq qayğısı göstərərək əzizi Firidun bəyin ruhunu şad etmişdir.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist