Logo

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinə dair növbəti təlim səfəri - FOTO

16.05.2023 10:53 266 baxış
IMG

9-12 may tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Estoniya Respublikasının paytaxtı Tallin şəhərinə və Latviya Respublikasının paytaxtı Riqa şəhərinə təlim səfəri təşkil edilib.

Tehsil.biz xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdir müavini, Dövlət Qulluğunu İdarəetmə Şurasının katibi Səriyyə Hacıyeva, layihənin beynəlxalq eksperti Gülzar Quliyeva, Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova, Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov iştirak ediblər.

Təlim səfərinin əsas məqsədi dövlət qulluğunda davamlı peşəkar inkişaf, eləcə də fərdi karyera planlama üsulları ilə bağlı Estoniya və Latviya respublikalarının təcrübələrini öyrənmək olub.

Səfərin ilk günü Tallin şəhərində Maliyyə Nazirliyi və Hökumət Aparatının Ali Dövlət Qulluğu Mərkəzi tərəfindən dövlət qulluğunda təlim sistemi, karyera inkişafı, dövlət qulluqçularının rotasiyası mövzularında təlim keçirilib.

10 may tarixində Riqa şəhərində Dövlət Katibliyinə səfər zamanı dövlət idarəetməsinin strukturu, insan resurslarının idarə edilməsi, ictimai iştirakçılıq, qanunvericilik portalı, təlim strategiyasına dair müzakirələr aparılıb. 11 may tarixində Dövlət Daşınmaz Əmlak idarəsinə edilən səfər zamanı istedadların idarə edilməsi sistemi, işçilərin rifahı və motivasiyası, gələcək iş təcrübəsi və büro konsepsiyası mövzularına toxunulub.

Səfərin son günü Latviya Dövlət İdarəçilik Məktəbi tərəfindən dövlət idarəçiliyində öyrənmə və inkişaf mövzularına dair təqdimatlar nümayiş olunub.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.

Xəbər lenti