Logo

İstanbul Texniki Universitetinin Texnoparkının rəhbəri Yüksək Texnologiyalar Parkında - FOTO

02.06.2023 12:21 146 baxış
IMG

Türkiyə Respublikasının İstanbul Teknik Universitetinin 1771 İTÜ Texnoparkının baş direktoru Deniz Tunçalp və Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) olublar.

Tehsil.biz xəbər verir ki, Türkiyəli qonaq YTP-nin infrastrukturu ilə tanış olub, bəzi rezident müəssisələrin fəaliyyəti ilə maraqlanıb.

D.Tunçalp və onu müşayiət edən N.Məmmədli YTP ilə tanışlıq zamanı texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanları, burada fəaliyyət göstərən laboratoriyalarla tanış olub, quraşdırılmış müasir tələblərə cavab verən avadanlıqlara baxış keçiriblər. Qeyd olunub ki, 4 laboratoriya otağından ibarət bu Mərkəzdə qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işləri həyata keçirilir.

Qonaqlar, həmçinin “Təcrübə Sənaye Zavodu” MMC-də sınaq və istehsal prosesləri ilə yaxından tanış olublar. Vurğulanıb ki, dünya standartlarına tam cavab verən məhsulların istehsalını həyata keçirən Təcrübə-Sənaye Zavodunda sənayeyə qədərki eksperiment və sınaq işlərinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. Daha sonra nümayəndə heyəti YTP-nin nəzdində fəaliyyət göstərən təcrübə-sınaq laboratoriyasında olublar.

Texnoparkın baş direktoru Vasif Abbasov qonaqlara YTP-nin infrastrukturu, burada rezidentlər üçün yaradılan şərait, görülən işlər, həyata keçirilən və planlaşdırılan layihələr barədə ətraflı məlumat verib. O, texnoparkın hazırda innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.

Görüşdə Deniz Tunçalp 1771 İTÜ Texnoparkı haqqında məlumat verib. Baş direktor rəhbərlik etdiyi texnoparkın sahibkarlar, şirkətlər və tədqiqatçılar üçün qabaqcıl texnologiya məhsulları və xidmətlərini inkişaf etdirmək üçün ən uyğun mühiti təmin etmək, İstanbul Texniki Universitetinin dünyanın qabaqcıl universitetlərindən birinə çevrilməsinə töhfə vermək və dünyada istinad edilən aparıcı texnologiya regionlarından biri olmaq məqsədilə yeni yaradıldığını diqqətə çatdırıb.

O, YTP ilə birgə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Görüşdə YTP ilə 1771 İTÜ Texnoparkı arasında əməkdaşlıq məsələləri müzakirə edilib və Türkiyə startaplarının iştirakı ilə Bakıda “Demo Day” keçirilməsinə dair razılıq əldə edilib.

Xəbər lenti