Logo

DİM-in sədr müavini Serbiya və Bosniya və Herseqovinada keçirilən beynəlxalq tədbirlərdə iştirak edib - FOTO

05.06.2023 18:38 184 baxış
IMG

25-27 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində Mərkəzi və Şərqi Avropada Dövlət İdarəçiliyi İnstitutları və Məktəbləri Şəbəkəsinin (NISPAcee) “Dövlət idarəçiliyi və yeni texnologiyalar: Çağırışlar və imkanlar” mövzusunda 31-ci illik konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir NISPAcee, Dövlət Qulluğu üzrə Astana Regional Xabı, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-inin İqtisadi və Sosial Departamentinin (UN DESA) birgə təşkilatçılığı ilə keçirilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov konfransda “Rəqəmsal hökumət” panelində çıxış edib. B.Xəlilov Dövlət İmtahan Mərkəzinin müvafiq sahədə fəaliyyəti, Mərkəz tərəfindən göstərilən elektron xidmətlər, pandemiya dövründə tətbiq olunan yeniliklər, Azərbaycanda ASAN xidmət və DOST xidmətləri təcrübəsində elektron hökumət sahəsində görülən işlər və s. haqqında iştirakçılara məlumat verib.

Bəhram Xəlilov daha sonra Bosniya və Herseqovina Federasiyasının Dövlət Qulluğu Agentliyinin dəvəti ilə Dövlət Qulluğu üzrə Astana Regional Xabının Rəhbər Komitəsinin sədri Əlixan Baymenovla birlikdə 29-30 may tarixlərində Sarayevo şəhərinə səfər ediblər. Səfər çərçivəsində Bosniya və Herseqovina Federasiyasının vitse-prezidenti cənab İqor Stoyanoviç, Dövlət Qulluğu Agentliyinin direktoru Refik Begiç, Sarayevo kantonunun ədliyyə və idarəetmə naziri Darya Softiç və Şəhər Şurasının rəsmi şəxsləri ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan və Bosniya arasında dövlət qulluğu sahəsində ikitərəfli, eləcə də Astana Regional Xabı çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub. B.Xəlilov həmçinin ölkəmizin dövlət idarəçiliyi, dövlət qulluğu sistemi, dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat verib.

Xəbər lenti