Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin “Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiyası çapdan çıxıb.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitab akademik Vaqif Fərzəliyevin redaktorluğu ilə nəşr olunub. Kitabda fermentlər, onların etimologiyası, nomenklatura və terminologiyası, təsnifatı, quruluşu və təsir mexanizmləri, kofaktorlar və kofermentlər, izofermentlər, ferment inhibitoru, fermentlərin ölçmə meyarları, ferment inhibitorlaşmasının molekulyar dokinq metodu ilə tədqiqi, canlı orqanizmdə baş verən patoloji proseslərə qarşı əsas müdafiə vasitəsi kimi antioksidantlar haqqında ən son ədəbiyyat məlumatları yer alıb. Müəllif tərəfindən son 10 ildə sintez edilmiş müxtəlif heterotsiklik birləşmələrin antioksidant, antikanser və ferment-izofermentlər üzrə inhibitor fəallıqları ilə bağlı beynəlxalq səviyyədə aparılan elmi tədqiqatlar zamanı əldə olunan əsas nəticələr müqayisəli və ümumiləşdirilmiş formada verilib.
Kitab universitet və elmi-tədqiqat institutlarında üzvi kimya, zərif üzvi sintez, bioüzvi kimya, əczaçılıq kimyası istiqamətlərində dərinləşdirilmiş tədqiqat aparan magistrant, doktorant və digər elmi işçilər üçün nəzərdə tutulub.