Logo

DİM sədri Asiya-Sakit Okean Təlim Mərkəzinin direktoru ilə görüşüb - FOTO

04.10.2023 11:13 265 baxış
IMG

Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək təlimdə iştirak etmək məqsədilə Bakıda işgüzar səfərdə olan İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT) heyəti və DİM nümayəndələri arasında görüş keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.

3 oktyabr 2023-cü il tarixində keçirilən görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müşavirləri Məhəbbət Əkbərli və Çingiz Xəlilov, aparat rəhbəri Vəfadar Misirov, digər struktur bölmələrin rəhbərləri, APCICT/ESCAP-ın direktoru Kiyonq Ko, təlim mərkəzinin təlimçi-eksperti Fredi Tan və layihə rəhbəri Nuanke Vonkçavaçay iştirak ediblər.

Sədr M.Abbaszadə Kiyonq Konun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb və onların işgüzar səfərinin Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdiyi dövrlə üst-üstə düşməsindən məmnun qaldığını bildirib. Daha sonra Məleykə xanım DİM-in İKT sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat verib və mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən birinin imtahanların elektronlaşdırılması, elektron xidmətlərin sayı və keyfiyyətinin artırılması, həmin xidmətlərin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi olduğunu bildirib.

Azərbaycanda ilk dəfə səfərdə olduqlarını qeyd edən Kiyonq Ko təşəbbüs üçün M.Abbaszadəyə təşəkkür edib və iki qurum arasında münasibətlərin uzunmüddətli olmasını arzulayıb. Cənab Kiyonq Ko İKT sahəsində bir sıra yeni və təkmilləşmiş akademiya modullarının vacibliyini qeyd edib, həmçinin gələcəkdə yuxarıda sadalan mövzularla yanaşı, qadınların bu sahədə bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələrdə əməkdaşlıq etməklə bağlı fikirlərini səsləndirib.

Görüşdə həmçinin İKT sahəsində dövlət qulluqçularının bacarıqlarının artırılması, hazırkı vəziyyət, görüləcək tədbirlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi ilə APCICT təlim mərkəzi arasında əməkdaşlıq fəaliyyəti 2016-cı ildən etibarən DİM tərəfindən davam etdirilən keçmiş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövründən başlayıb. APCICT təlim mərkəzi ilə əməkdalıq çərvivəsində ötən illərdə “Gənclər üçün İİKT üzrə dərslik seriyaları” və “İİKT layihəsinin idarə edilməsi üzrə təlimçilərin təlimi” mövzularında treninq keçirilib. Bundan əlavə, DİM APCICT təlim mərkəzinin “Qadın İKT Sərhəd Təşəbbüsü”, “İKT tətbiqləri və mənalı inkişaf arasında əlaqə”, “İnformasiya təhlükəsizliyi və məxfilik”, “İnternet idarəçiliyi”, “Elektron hökumət tətbiqləri” akedemiya modullarınının Azərbaycan dilinə tərcüməsinə töhfə verib.

Qeyd edək ki, APCICT nümayəndə heyəti DİM ilə birgə əməkdaşlıq çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixlərində “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda keçiriləcək milli təlimlə əlaqədar Bakıda işgüzar səfərdədir.

Xəbər lenti