Logo

Akademik İsa Həbibbəyli Qazaxıstanın Tarix və Etnologiya İnstitutunun direktoru ilə görüşüb - FOTO

25.11.2023 15:36 173 baxış
IMG

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Çokan Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, Qazaxıstan MEA-nın müxbir üzvü Ziyabek Kabuldinov ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA-da aparılan elmi-tədqiqat istiqamətləri barədə danışıb. Qazaxıstan Milli Elmlər Akademiyası ilə uzun tarixi bir dövrü əhatə edən, xüsusən müstəqillik illərindən vüsət alan qarşılıqlı elmi əlaqələrin bir çox sahələri əhatə etdiyini qeyd edən AMEA rəhbəri ictimai və humanitar elmlər sahələrində yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğunu bildirib. AMEA-nın Tarix İnstitutu ilə Qazaxıstan ETN-in Tarix və Etnologiya İnstitutu arasında imzalanmış Əməkdaşlıq müqaviləsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli ortaq dəyərlərə malik olan xalqlarımızın tarixi-elmi istiqamətlərinin birgə araşdırılmasının, müştərək konfransların keçirilməsinin, monoqrafiyaların hazırlanmasının böyük əhəmiyyət kəsb etdiyini deyib, iki qardaş ölkənin tarixçi alimləri arasında qurulmuş əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Çokan Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, müxbir üzv Ziyabek Kabuldinov AMEA-da səmimiyyətlə qarşılandığına görə minnətdarlığını bildirib və Qazaxıstan MEA-nın prezidenti, akademik Murat Jurinovun salamlarını akademik İsa Həbibbəyliyə çatdırıb. Başçılıq etdiyi elmi-tədqiqat müəssisəsinin AMEA-nın Tarix İnstitutu ilə imzaladıqları Əməkdaşlıq haqqında müqavilənin əhəmiyyətindan toxunan qazaxıstanlı institut rəhbəri ölkələrimizin tarixçi alimlərinin birgə fəaliyyətinin perspektivindən söhbət açıb, elmi münasibətləri yüksək dəyərləndirib.

Görüşdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

Xəbər lenti