Logo

Botanika İnstitutunun alimləri yad mənşəli ağac növü aşkar ediblər

06.12.2023 14:13 153 baxış
IMG

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Geobotanika şöbəsinin alimləri biologiya üzrə fəlsəfə doktorları Rəna Abdıyeva, Nigar Mürsəl qızı və Kəmalə Əsədovanın həmmüəllifi olduqları “Azərbaycan (Cənubi Qafqaz) florasında yeni yad növ” məqaləsi Rusiya Elmlər Akademiyası nəşriyyatının “Russian Science Citation İndex və Scopus” bazasına daxil olan “Botaniçeskiy jurnal” dərgisində nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə Botanika İnstitutundan məlumat verilib.

Bildirilib ki, məqalə Azərbaycanın invaziv florası üçün yeni olan Fraxinus pennsylvanica Marsh., (Pensilvan göyrüşü (Oleaceae fəsiləsi) Şimali Amerika ağac növünün aşkar edilməsindən bəhs edir. Botanik alimlər 2023-cü ildə respublikanın cənub rayonlarına ekspedisiya zamanı Lənkəran rayonunun dənizkənarı sahələrində sözügedən növün fərdlərini qeydə alıblar. Məqalədə qeyd olunur ki, Pensilvan göyrüşünün aşkar edilən yabanı 8 fərdi vegetativ və cavan generativ ontogenetik vəziyyətdədir. Növün az sayda olması onun dənizkənarı ərazilərə yenicə daxil olduğunu göstərir və invaziv statusuna görə “introduksiyadan qaçmış” növ kimi qiymətləndirilir. Bu növ taxta-şalban istehsalı üçün iqtisadi əhəmiyyət daşıyır. Növün bioekoloji xüsusiyyətlərinə və yayılmasının dinamikasına gələcək tədqiqatlarda diqqət yetiriləcəkdir.

Xəbər lenti