Logo

Yunanıstan parlamenti özəl universitetlər haqqında qanun layihəsini təsdiqləyib

09.03.2024 16:18 243 baxış
IMG

Yunanıstan parlamenti bu gün ölkədə ilk dəfə olaraq özəl qeyri-kommersiya universitetlərinin açılmasına icazə verən qanun layihəsini qəbul edib.

Tehsil.biz Reuters agentliyinə istinadən xəbər verir ki, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis bu islahatın ölkədə qeyri-dövlət, qeyri-kommersiya universitetlərinin fəaliyyəti üçün çərçivə müəyyən edərək dövlət universitetlərini gücləndirəcəyini bildirib.

Qanun layihəsini parlamentin 300 üzvündən 159-u dəstəkləyib. Yeni qanunvericiliyə əsasən, xaricdəki universitetlərə tələbələrdən ödəniş tələb edən, lakin qeyri-kommersiya əsasında fəaliyyət göstərən filiallar yaratmağa icazə veriləcək. Bu qanun yunanıstanlı tələbələrin xaricdə təhsil almaq tendensiyasını dəyişmək, əcnəbi tələbələri Yunanıstana cəlb etmək və bununla da ölkə iqtisadiyyatına fayda vermək məqsədi daşıyır.

Təhsil naziri Kyriakos Pierrakakis artıq on xarici universitetin ölkədə filiallar açılmasına maraq göstərdiyini və onların 2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaqlarını söyləyib.

Ali təhsil islahatı Yunanıstan cəmiyyətində etirazlara səbəb olub. İslahatın əleyhdarları hesab edirlər ki, yeni qanun dövlət universitetlərini sarsıdacaq.

Xəbər lenti