Logo

“Müəllim bir yerdə uzun müddət işləməməlidir” - PEŞƏKAR - MÜSAHİBƏ

14.07.2024 12:33 377 baxış
IMG

Günay Əkbərova: “Suallar minimum baza səviyyəsindədir. İmtahanda əsasən baza biliklər yoxlanılır. Hesab edirəm ki, uğursuz nəticə əldə edən müəllim ya yetəri qədər imtahanı ciddiyə almayıb, ya da öz üzərində illərdir çalışmayıb”.

 

 

"Azərbaycan müəllimi"  Kaspi.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İdarə Heyətinin üzvü Günay Əkbərova ilə müsahibədə həm müəllimlərin  sertifikatlaşdırma prosesi ilə bağlı mənzərəyə nəzər salındı, həm gənclərin müəllim peşəsinə sevgisindən danışıldı, həm də müasir dövrdə təhsilin üstünlüklərinə toxunuldu...

 

Təhsilimizə davam etsək...

 

- Günay xanım, siz Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunursunuz. İctimai iştirakçılıq üzərinizə hansı öhdəlikləri qoyur?

 

- İctimai iştirakçılıq məndə İctimai Şura üzvü və ya katibi seçildiyim üçün başlamayıb. Hələ tələbə vaxtı bir filmə baxmışdım. Filmdə yaxşı və pis insandan danışılırdı. Bu seçimi biz özümüz edirik. Əgər yaxşı işlər görürüksə yaxşı, faydalı insan olacağıq. Yaxşı insan o deyil ki, yalnız özünə və övladına faydalı olsun. Yaxşı insan ümumən fayda verən insandır. Tutaq ki, bir bölgənin peşəkar bir papaqçısı və ya ayaqqabı ustası ola bilər. Onlar özləri üçün çox gözəl ayaqqabı və ya papaq tikərlər və ya bunu satış məqsədilə edərlər. Amma o usta ətrafındakı işə ehtiyacı olan insanları və ya cavanları yanına dəvət edib sənətini onlara da öyrədərsə, bu, mənim üçün yaxşı insan kateqoriyasıdır. Bir neçə il əvvəl Gürcüstanda Avropa ingilis dili müəllimləri konfransında iştirak edirdik. “Öz ölkəmiz üçün nə edə bilərik?”, - deyə Qobudan, Astaradan, Bərdədən və Zaqataladan olan müəllimlərlə bir araya gəldik. “Gəlin, elə bir təşkilat quraq ki, onunla başqa müəllimlər üçün faydalı işlər görək”,- deyə qərarlaşdırdıq. Bununla da Gənc Xarici Dil Müəllimləri Birliyinin ilk rüşeymlərini atdıq. Artıq iki ildir ki, 6000-dən çox müəllimə ödənişsiz təlimlər, seminarlar təşkil edirik. Mən ümumiyyətlə, təhsilin davam etdirilməsinin tərəfdarıyam. Bakalavriat pilləsi ilə çox şeyə nail ola bilmirik. Bu pillə ilə olduğumuz yerdə saymaq bir az mənə insanın özünü geri atması kimi gəlir. Amma təhsilimizə davam etsək, mütləq bizə daha faydalı qapılar açılacaq. Ən azı, mən bu yolu keçdiyim üçün buna əminəm. Daha sonra İctimai Şura məsələsi gündəmə gəldi. Düşündüm ki, bu qurumda təkcə öz ixtisasımla bağlı yox, ümumilikdə insanlar üçün faydalı işlər görə bilərəm. Düşüncə tərzi uyğunlaşdığı üçün ictimai iştirakçılığa başladıq.

 

 

İllərin yığılıb qalan məsuliyyətsizliyi

 

- Bu günlərdə müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. Proses müəllimlərin təcrübəsi ilə bağlı gözləntiləri doğrultdumu? 

 

- Sertifikasiya prosesi ibtidai təhsildən başladı. Fikrimcə, təhsilə ibtidai təhsildən önəm vermək lazımdır. İngilis dilində öyrənmək istəyən maksimum o dilin tələbatına uyğun olaraq düşünməlidir. Xarici dil müəllimləri tərəfdən yanaşanda, təhsil aldıqları universitetin də, bu illər ərzində hansı siniflərə dərs deməklərinin də təsiri var. Düzdür, işlərinə xitam verilən müəllimlərin olması da bizi bir az məyus edir. Onların da mövqeyindən düşünürük: hər birinin maddi, ailə-məişət problemi ola bilər. Amma şagirdyönümlü və bir valideyn kimi məsələyə yanaşanda düşünürəm ki, yerində olan bir prosesdir. Mən prosesi çox yaxından izlədiyim üçün öz gözümlə nə qədər şəffaf olduğunun şahidi olmuşam. Biz bu bir il ərzində müəyyən bölgələrdə olduq. Həmin bölgələrdən ən çox gələn müəllimlərin narazı qaldıqları məqam “biz ibtidaidən yuxarı ingilis dili dərsi deməmişik”,  “biz doqquzuncu sinifdən yuxarıya dərs deməmişik” sözləri olurdu. Müəllim 10-cu sinfin materialını bilmirsə, bu problem yaratmazmı? Biz müəllimlərlə danışaraq təzadlı formada narazılıqları “bu sizə əsas vermir ki, 10-11-ci sinfin materialını bilməyəsiniz”, “bu bizə icazə vermir ki, biz şagirddən az bilək, onun verdiyi sualın qarşısında aciz qalaq”, - deyə aradan qaldırmağa çalışdıq. Məhz buna görə mən həmişə müəllimlərin öz təhsillərini davam etdirmələrinin tərəfdarı olmuşam. Onda istər-istəməz müəllim yenilikləri alır və şagirdə ötürür. 

 

- “Uğursuz” adlandırdığımız müəllimlərin müvafiq balı toplaya bilməməsinin səbəbi nədən qaynaqlanır? Yeni trendləri mənimsəməmələri, yoxsa prosesə biganə yanaşmaları?

 

- Suallar minimum baza səviyyəsindədir. İmtahanda əsasən baza biliklər yoxlanılır. Hesab edirəm ki, uğursuz nəticə əldə edən müəllim ya yetəri qədər imtahanı ciddiyə almayıb, ya da öz üzərində illərdir çalışmayıb.

 

- Bəzi fikirlər var ki, Azərbaycan dili və ibtidai siniflər üzrə suallar çətin, riyaziyyat müəllimlərinin sualları isə asan olub. Hətta ibtidai sinif müəllimlərinin “yapon mətbəxindən sual düşmüşdü” kimi fikirləri də paylaşıldı...

 

- Bu fikirlərin həqiqət yükü yoxdur. Bütün suallar paylaşıldı. Hər kəs də sualların nə dərəcədə rahat olduğunu gördü. Hətta, “beş minə yaxın müəllim bu sualı bilmədi”, - deyə qınaq obyektinə çevrildi. Ola bilər, müəllim o sualların müəyyən qədərini bilib, sadəcə stress və ya həyəcan mane olub, bu, təbiidir. Amma müəllim ikinci şans verilən yerdə də 60 sualın 30-nu yaza bilməyibsə, deməli, stress və həyəcandan başqa şeylər var. Bu, illərin yığılıb qalan məsuliyyətsizliyidir.

 

- Bəs 60 yaş üstü könüllülərlə bağlı vəziyyət necədir?

 

- Əslində burada vəziyyət daha yaxşıdır. İmtahan vermək istəyən kifayət qədər könüllü müəllim oldu. Onlara şamil olunan kriteriyaya görə, əgər imtahan versələr maaş artımından əlavə, işlərini davam etdirmək fürsətləri olacaq. Onlar həm işdə qalma, həm də maaşlarının artması baxımından daha həvəslidirlər və əksəriyyəti də yüksək nəticələr göstərib.

 

- Müsahibə mərhələsi üçün müəllimləri hansı həyəcan gözləyir?

 

- Avqustun sonuna doğru və avqust-sentyabr aralığında müsahibə mərhələsi nəzərdə tutulub. İmtahanın formatına gəlincə, bu mərhələdə artıq baza bilik yoxlanılmır, hansısa bir mövzunun hazırlanması, dərsin gedişatı ilə bağlı və sair sual ola bilər. Müəllim psixoloji, metodiki, dünyagörüşü baxımından sinfi necə idarə edir? Şagirdə nə ötürür? Xoş hal budur ki, müəllimlər sinif mühitinə öyrəşmiş insanlardır. Onlar bu mərhələni test mərhələsi ilə müqayisədə daha rahat keçirlər. 

 

 

“Beş ildən bir yerdəyişmə olsa...”

 

- Sizcə, müasir dövr müəlliminin inkişafı üçün sertifikasiya prosesi yetərlidirmi? Məsələn, siz bu prosesi təkmilləşdirmək üçün nə əlavə edərdiniz?

 

- Hesab edirəm ki, sertifikasiya prosesi müəllim üçün atılmış ən ciddi addım idi. Bu proses olmasaydı saf-çürük məsələsi olmayacaqdı. Amma bu prosesdən sonrakı addımlar necə olmalıdır? Mənə görə, müəllim bir yerdə uzun müddət işləməsin. Belə olanda onda qismən rahatlıq yaranır. “Onsuz da məni tanıyırlar, bilirlər ki, yaxşı müəlliməm, çox can yandırmasam da olar”, - deyə düşünürlər. Amma müəllim başqa məktəbə gedəndə məcbur qalıb özünü tanıtmaq və sevdirmək üçün öz üzərində işləməli, yeni trendləri izləməli olur. Ən azı beş ildən bir yerdəyişmə olsa, fikrimcə, yaxşı effekt verər.

 

 

Bir dəfə Amerikada

 

- Siz Şimali Karolina Dövlət Universitetinin ELT (English Language Teacher’s Master Program) proqramının Azərbaycan üzrə mentorusunuz. Floridada təşkil edilmiş “TESOL 2024” təqaüd proqramının məzunusunuz. Bu təcrübəniz də maraqlıdır...

 

- Bir neçə ildir ki, Şimali Karolina Universiteti Azərbaycanda müəllimlərin ixtisasartırma və təkmilləşdirməsi üçün 4-5 aylıq proqramlar təşkil edir. Hər il 100-dən çox müəllim bu proqrama seçilir və təhsillərinin sonunda “İştirakçı” və ya “Fərqlənmə” sertifikatı alırlar. Ən çox fərqlənən müəllimləri “mentor” təyin edirlər. Mən ötən il bu proqramı yüksək nəticə ilə bitirdim və mentor təyin olundum. Proqram bizə çox şey öyrətdi. TESOL təqaüd proqramı da artıq iki ildir ki, ABŞ-nin Azərbaycandakı səfirliyi tərəfindən keçirilir. Bu il proqram üzrə seçilən müəllim mən idim. Proqram çərçivəsində Luiziana ştatı, Yeni Orlean şəhərində və Florida ştatında olduq. Həm təhsil, həm mədəni proqramlarda iştirak etdik. ABŞ-də hər bir orta və ali məktəb öz daxili qayda-qanununu yaradır. Bizim olduğumuz Luiziana ştatında məktəb sayının 41 faiz şagirdi məktəbi bitirir. Bunun səbəbi ingilis dilini bilmək bacarığı və ödənişlə əlaqədardır. Bunun öhdəsindən gəlməyənlər məktəbi bitirmirlər. Bu baxımdan təhsil yüksək səviyyədə olsa da, universitetə daxil olma statistikaları daha aşağıdır. 

 

 

İngilis dili öyrənməyin üstünlüyü

 

- Siz Zəngilan rayon 33 saylı məktəbdə müəllim işləyirsiniz. Bu məktəbi könüllü seçmisiniz?

 

- 2011-ci ildən bəri Zəngilan məktəbində dərs deyirəm. Özüm məcburi köçkün və qaçqın ailəsindən olmasam da, MİQ imtahanı ilə könüllü olaraq o məktəbi seçmişəm. O vaxt məktəb indiki şəraitdə deyildi. Bizə yataqxananın tərkibində müəyyən otaqlar verilmişdi. Hazırda dərs dediyim məktəb Masazırda - Zəngilan şəhərciyinin içində yerləşir. Kiçik bir icmadır. 

 

- Sizin “YouTube” kanalında uşaqlar, tələbələr və qeyri-dil daşıyıcıları üçün ingilis dili dərsləriniz maraqla izlənilir. Bunu “internet mem” saymaq olarmı?

 

- Bacardığım qədər müxtəlif yaşlar üçün şagird və valideynlərə kömək etmək məqsədilə dərslər yerləşdirməyə çalışmışam. Dərslər tamamilə ödənişsizdir. Heç bir xüsusi kod yoxdur, hamısı publik formada paylaşılır ki, əlçatan olsun. Hər il sentyabr ayına yaxın siniflər və pillələr üzrə ödənişsiz “WhatsUp” qrupları qururuq. Hər il 2-3 min şagird, abituriyent, magistr və ya doktoranta kömək etməyə çalışırıq. 

 

- İngilis dilini öyrənmək nə üçün lazımdır?

 

- Bəzən şagirdlərim “məgər ingilislər bizim dilimizi öyrənir ki, biz onların dillərini öyrənirik?” - deyə soruşurlar. Mən cənab Prezidentin ingilis dilində çıxışlarını kompüterimdə saxlayıram. Bu sualı verən şagirdlərə o çıxışları göstərib: “baxın, cənab Prezident dünya jurnalistlərinin hər birinə onların öz dilində cavab verir. Görün dil bilgisi nə qədər əhəmiyyətlidir”, - deyə cavab verirəm. Yaxşı ki, indi uşaqlar artıq aşağı siniflərdən xarici dil öyrənmənin vacibliyini bilirlər. Yanaşma və motivasiya qaynaqları müxtəlifdir. 

 

 

- Sizcə, yaxşı müəllim həmişə uşaqların dostudur?

 

-Yaxşı müəllim həm uşaqların dostu, həm də yol göstərənidir. Çünki dost olmaq yol göstərən olmaqdan daha asandır. Biz həmişə dost ola bilərik, məsələn, uşağa bir kitab, bir oyuncaq və ya bir şəkər verərik. Amma uşağın yol göstərəni olmaq daha düzgündür. 

 

- Bəs müasir müəllim kimdir?

 

-Yeni trendi, dünya metodlarını bilməyə çalışan və paylaşmağı sevən insandır. İngilislərin bir sözü var: “paylaşmaq qayğısına qalmaqdır”. Biz paylaşdıqca, bir birimizin qayğısına qala-qala daha da böyüyəcəyik. Sertifikasiya imtahanının bir faydası da müəllimin müəllimə dəstəyi oldu.  

Xəbər lenti