Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmin populyarlaşdırılmasına həsr olunmuş seminar keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan məlumat verilib.
Seminarı açan institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, elmin populyarlaşdırılması, elmi biliklərin təbliği və cəmiyyətdə elmi dünyagörüşünün möhkəmləndirilməsi elmi təşkilatların və alimlərin əsas vəzifələrindən biri olmalıdır.
Dünyanın bir sıra aparıcı dövlətlərində elmin populyarlaşdırılması və təbliği ilə məşğul olan institutlar, laboratoriyalar fəaliyyət göstərir. “Azərbaycanda da elmin təbliği və populyarlaşması ilə əvvəllər məşğul olan alimlərimiz az olmayıb. Onlara misal olaraq Xudu Məmmədovun “Qoşa qanad” və “Naxışların yaddaşı”, Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitablarını və digərlərini qeyd etmək olar. Təəssüf ki, televiziyalarda elmin populyarlaşdırılmasına xidmət edən verilişlər çox azdır”, - deyə baş direktoru qeyd edib.
Akademik bildirib ki, elmin populyarlaşdırılmasında əsas məqsəd getdikcə çətinləşən elmi nəticələrin, elmi fenomenlərin sadə və anlaşılan tərzdə ictimaiyyətə çatdırmaqla cəmiyyətdə, o cümlədən gənc nəsildə elmə marağın artırılmasıdır: “Elmin populyarlaşdırılmasında bir çox vasitələrdən istifadə olunur. Bu vasitələrdən ən səmərəli olan elmi-populyar ədəbiyyat təkcə elmi populyarlaşdırmaqla kifayətlənmir, həm də oxucunu problem haqqında düşünməyə vadar edir. Bir çox alimlər elmə gedən yollarına gənclik illərində başlayıblar. Elmi-populyar kitablar, elmi jurnallar və verilişlər insanda böyük maraq yaradır, onda dərin iz buraxır və bu, bir çoxları üçün həyatın mənasına çevrilir. Populyarlaşdırma vasitələrindən ən təsirlisi mediadır ki, milyonlarla oxucu, dinləyici və tamaşaçı sayəsində elm kütlələrə çatır, populyarlaşır”.
İnstitutun baş direktoru qeyd edib ki, müasir dövrdə elmin populyarlaşdırılmasının vasitələrindən biri də elmi-populyar seminar, müzakirə və dəyirmi masaların təşkilidir: “Populyar elmi təqdimatlar iki mühüm xüsusiyyətə malikdir: interaktivlik - yəni qarşılıqlı diskussiya və müzakirə sayəsində populyar elmi məlumatların birbaşa dinləyici tərəfindən qəbulu. Bu baxımdan düşünürəm ki, bugünkü seminar elmin populyarlaşdırılması istiqamətində faydalı bir addım olacaq və bu seminarlar davamlı olaraq təşkil ediləcək.
Sonra AMEA-nın müxbir üzvü professor Məhəmməd Babanlının “Entropiya - miflər və reallıqlar” mövzusunda məruzəsi dinlənilib. Məruzədə müasir elmin fenomenal anlayışlarından olan entropiyanın mahiyyəti, onun təbiət və dəqiq elmlərdə, ümumiyyətlə, elmi dünyagörüşün formalaşmasında rolu məsələlərinə toxunulub. Professor entropiya anlayışının fəlsəfi kateqoriya kimi mahiyyətini qeyd edərək bildirib ki, kainatdakı proseslərin əsasını, dəyişikliklərin hərəkətverici qüvvəsini entropiya təşkil edir. Qeyd olunub ki, təkamül və entropiya bir-biri ilə bağlıdır və təkamül entropiya hesabına baş verir. Entropiyaya nizamdan xaosa keçidin simvolu kimi baxmaq olar. Entropiya bizə hər hansı bir halın (vəziyyətin) istər-istəməz dəyişdiyini, daha xaotik vəziyyətə doğru irəlilədiyini dərk etməyə kömək edir. Məruzəçi psixologiyada entropiya anlayışına toxunaraq qeyd edib ki, psixologiyada entropiya şüura xas olan daxili pozğunluq dərəcəsini təsvir edən bir termindir. Məsələn, stres və narahatlıq anlarında insanın şüurunda entropiya artır, bu da konsentrasiyanın və rasional düşünmə qabiliyyətinin azalmasına səbəb olur.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.