AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsas istiqamətlərindən birini gənclər siyasəti təşkil edirdi. Torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin inkişafında həmin siyasətin mühüm rolu var.
Dəyirmi masada Ümummilli Liderin həyat və fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyev: Azərbaycan gəncliyinin himayədarı” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Gənc nəslin mənəvi tərbiyəsi, ictimai tərəqqidə iştirakı kimi məsələlər Heydər Əliyevin siyasi-ideoloji baxışlarında və dövlətçilik fəaliyyətində hər zaman mühüm yer tutub.
Tədbirdə, həmçinin “Milli ruhdan modern dövlətə: Heydər Əliyev və Atatürkün gənclər siyasətinə müqayisəli baxış”, “Heydər Əliyevin idman və gənclər siyasəti davamlı inkişafın təməli kimi”, “Heydər Əliyev və gənclərin milli-mənəvi tərbiyəsi” mövzularında məruzələr dinlənilib.