Logo

Tələbələr Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar

08.05.2025 08:43 86 baxış
IMG

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri 2024-2025-ci tədris ilinin yaz semestri çərçivəsində AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, təcrübə tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi yanaşmalar kontekstində tətbiqi, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məqsədilə həyata keçirilir.

Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev tələbələrə elmi müəssisədə aparılan tədqiqat işləri, əldə olunan nailiyyətlər, dövri nəşrlər barədə geniş məlumat verib, son dövrlərdə nəşr olunan elmi monoqrafiyalar və yeni toplanılmış folklor örnəklərindən ibarət kitablardan söz açıb. “Azərbaycanın mədəni-mənəvi xəritəsi məhz folklorunda daha geniş və bütövdür”, - deyən alim qeyd edib ki, institutda bir tərəfdən folklor nümunələrinin bölgələrdən toplanılması, sistemləşdirilməsi və nəşri, digər tərəfdən isə müasir dünyanın çağırışlarına müvafiq elmi-nəzəri tədqiqatlar aparılmaqdadır.

Daha sonra təcrübəçi tələbələrin təhkim olunduğu Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri dosent Mətanət Abbasova çıxış edərək bildirib ki, tələbələr bir ay müddətində sözügedən şöbədə təcrübə keçərək elmi və praktiki biliklərini artıracaqlar.

Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olunub.

 

Xəbər lenti