Əldən heç zaman çıxmayan miras var, bu, elm və təhsildir. Bir də hər bir insanı alnı açıq, üzü ağ edən doğru təlim və düzgün tərbiyədir. Artıq xeyli zamandır ki, orta məktəbdə ibtidai sinif müəlliməsi olaraq, şagirdlərin təlim, tərbiyə və təhsil yolunda inamlı addım atmaları üçün çalışıram. Əbəs yerə deyilməyib ki, müəllimlik peşəsi cəmiyyəti formalaşdırır. Məhz bu işin mənəvi yükünü duyaraq çalışıram ki, bütün biliklərimi, təcrübəmi şagirdlərimə aşılayım. Çünki bu günün şagirdləri parlaq gələcəyimizin təminatçısıdırlar.
Dəyərli fikir var ki, bəs, əsl bilik - bildiyin şeyi bildiyini, bilmədiyin şeyi bilmədiyini bilməkdir. Bu misalı xatırlatmağımın səbəbi odur ki, biz müəllimlər də şagirdlərlə bərabər öyrənirik. Necə deyərlər: "öyrədərək öyrənənin öyünməyə haqqı var".
Öyünmək dedikdə yalnış anlaşılmasın. Çünki bu ifadədən öncə öyrənmək sözünü işlətdim. Ümumiyyətlə, dünyanın yaranışından bu günə qədər Adəm övladı nəisə öyrənməyə, mənimsəməyə, kəşf etməyə çalışır. Axı dünya gör-götür dünyasıdır. Biz müəllimlər də görüb-götürdüyümüz ən ali dəyərləri, əxz etdiyimiz bilikləri azyaşlı şagirdlərə ötürməyə çalışırıq.
Ümumi təhsilin ilk mərhələsi olan ibtidai təhsil məktəblinin ilkin biliklərə yiyələnməsində, təlim və tərbiyəsində ən vacib məqam, ən həssas mərhələdir. İbtidai orta təhsildən ümumi orta təhsiləqədər olan dövrün çətinliyi hər zaman müəllim və valideyn üzərinə düşüb.
İstənilən elmi araşdırmaya nəzər yetirmək kifayətdir ki, hər bir fərdin təlim və tərbiyəsinin 4-6, bəzən də 7-8 yaşlarında formalaşdığını görəsiniz. Buna görə də uşaqların ailədə, məktəbəqədər və ibtidai sinifdə oxuduğu dönəmlərdə onları necə yetişdirsən, hansı təhsili aşılasan, hansı tərbiyədə böyütsən ömrünün bütün mərhələlərində özünü yaxşı və ya pis formada göstərəcək. Nəzərə almaq lazımdır ki, mühit amili olduqca vacibdir. Öyrətməyin öyrənməkdən çətin olduğunu düşünsək, müəllim və valideynin də işinin heç də asan olmadığını görmüş olarıq. Qədim dünyanın ilk filosoflarından sayılan Sokratın tələbəsi və Aristotelin müəllimi olan Platon deyirdi ki, əsl vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan kamilləşməsi vacibdir. Əhməd bəy Ağaoğludan bir iqtibas söyləmək isə tam uyğun olar: "Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar - bütün bunların hamısı tərbiyəyə daxildir. Yeri gəlmişkən maraqlı bir məqamı xatırlatmaq istəyirəm. Vaxtilə Bakı Slavyan Universitetində oxuduğum illərdə müəllimlərimizin hər bir yararlı fərdin təhsillə bərabər, mütləq şəkildə yüksək tərbiyə sahibi olmasını da vurğulayırdılar.
Bu yaxınlarda internetin müsbət imkanlarından yararlanarkən, saytların birində Bakı Slavyan Universitetinin prorektoru, gözəl insan, gözəl müəllim və ən əsası da yüksək elm və bilik sahibi Oktay Səmədovun "Pilləkən" essesi qarşıma çıxdı. Yazının ana xətti isə milli mənəvi dəyərləri qorumağı, haqqa tapınmağı, özündən sonra gələnə dayaq olmağı və ən əsası isə həyat pilləkənini qalxanda-enəndə hər zaman tərbiyə və düzgünlük hisslərini üstün, uca tutmağı oxucuya çatdırır.
Olduqca duyğulu esseni oxuduqca bir daha müəllimlərimizi minnətdarlıq və dərin hörmət hisslərilə xatırladım. Bu gün biz gənc müəllimlər də vaxtilə öz müəllimlərimizdən öyrəndiklərimizi şagirdlərə sevə-sevə ötürməyə çalışırıq.
Bütün şagirdlərə təhsil-təlim-tərbiyə yolunda pillələrlə - maneəsiz addımlamağı arzu edirəm.
Mədinə Şaxbanova,
267 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi