AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlinin APA-ya müsahibəsi:
- Hazırda dilçilik sahəsində hansı problemləri görürsünüz, bunların aradan qaldırılması istiqamətində hansı işlər görülməlidir?
- Dilçilik problemləri hər zaman olub. Bəxtimiz gətirib ki, prezidentlərimiz hər zaman dilçiliyi düşünüb. O vaxt müharibə dövrü idi, əlifbanı dəyişməmək də olardı, amma əlifba dəyişdirildi. Başqa türkdilli xalqlardan xeyli qabağa getdik. Ümummilli lider, Prezident Heydər Əliyev ilk növbədə Azərbaycan dilinin adını əbədiləşdirdi. Heydər Əliyev gördü ki, dil yüksək səviyyədə inkişaf edib, dilə adın qoyulması ilə bağlı müzakirə keçirilməsi barədə göstəriş verdi. O zaman hərə bir ad təklif etdi. Heydər Əliyev qərara gəldi ki, dilin adı “Azərbaycan dili” olsun.
Dilin problemləri bu gün də var. Yaxşı haldır ki, Prezident İlham Əliyevin dilçiliklə bağlı göstərişindən sonra insanların öz dilinə hörməti artıb. Məşhur bir alim deyir ki, əşya dilə söz gətirir. Gözəl ifadədir. Əşya məişətə daxil olanda sən onu dərhal adlandıra bilməzsən, bu, mümkün olan şey deyil. O, əcnəbi adı ilə bizim həyatımıza daxil olur. O sözü dilimizdə dəyişə bilməyimiz sonrakı məsələdir. Bizim ulu babalarımız video görmüşdümü? Xeyr. Elə sözlər var ki, dilə yeni daxil olanda əcnəbi dildə işlənirdi, amma sonradan ona qarşılıq tapılıb. Hər dil başqa dilin sözünü qəbul edə bilmir. Bu, inteqrasiyadır, demək Azərbaycan dilinin dünya dilləri ilə inteqrasiyası gedir. Bəzən alınma və əcnəbi sözləri səhv salırıq. Alınma sözlər dilə ehtiyacdan gələn sözlərdir. Bu sözlər dilimiz üçün qaçılmazdır. Bu sözü başqa sözlə əvəz edə bilmirik, gəldiyi əşya ilə eyni cür də işlənir. Ancaq əcnəbi sözlərin dilimizdə qarşılığı olur. Biz bəzən populistcəsinə, özümüzü bir az da modern göstərmək üçün əcnəbi sözdən istifadə edirik. Əlbəttə, bu, düzgün deyil. Dilə gələn sözlərin başqa bir cəhəti də var. Uzun terminoloji izahdansa, dəqiq bir söz demək daha uğurludur. Məsələn, binanın üz tərəfi yerinə italyan sözü olan fasad, binanın iç tərəfi yerinə interyer sözü işlədə bilərik. Bu sözlər dünya dillərində işlənir. Biz bu sözlərdən qaça bilmərik. Amma bəzən dildə olan, eyni mənanı daşıyan söz əcnəbi dildən gəlir və paralel işlənir. Bu sözün işlənməsi xalqın təfəkküründən, savadından asılıdır. Amma qapıları bağlamaq, dilimizə söz gəlməsinə imkan verməmək düzgün deyil. O söz dilə daxil olmalıdır ki, bu söz lazımdır. Dünyada xalis dil yoxdur. Dilimizin 30-40 faizi ərəb sözləridir. Burada fars dili vasitəsilə keçən ərəb sözləri də var. Dilimizdə rus mənşəli sözlər çox azdır. Bunların əksəriyyəti Avropa dillərindən gələn sözlərdir. Avropa dilləri isə bu sözləri latın dilindən alıb. Latın, yunan dilləri öləndən sonra bu sözlər Avropa dillərinə keçib və canlanıb, yeni məna qazanıb. Məsələn, tibbi sözlərin əksəriyyəti latın sözləridir. Latın dili isə yoxdur, amma o sözlər Avropa dillərində canlanıb yenidən dilimizə qayıdıb. Əsas təhlükə odur ki, lazım olmayan yerdə əcnəbi sözlər işlədirlər.
Heç kimi bir-bir tutub, “bu sözü işlətmə” demək olmaz. Saytlarda maarifləndirici məlumatlar getməlidir. İnsanlar arasında təşviqat, təbliğat aparılmalıdır.
- Son illər dildə sanki alınma sözlərin sayı çoxalıb. Bu sözlərin Azərbaycan dilində qarşılığının tapılması istiqamətində işlər görülürmü? Ümumiyyətlə, son illərdə dilçi alimlər tərəfindən hansı yeni sözlər yaradılıb?
- Belə sözlər olur, amma çox vaxt insanlar tərəfindən qəbul olunmur. Bu hal ən çox publisistik üsluba xasdır. Belə sözlər daha çox mətbuatda çıxır, insanlar oxuyur, diqqətini çəkəndə yadda saxlayıb işlədirlər. Beləliklə, geniş yayılır. Qəbul olunmadıqda isə işlək olmur.
- Azərbaycanda orfoqrafiya qaydaları niyə tez-tez dəyişir? Bu, insanlarda sözlərin yazılışında çaşqınlıq yaradır. Vahid dil qaydalarını yaratmaq mümkün deyilmi?
- Son vaxtlar orfoqrafiya lüğəti iki dəfə dəyişib. Amma gərək oturuşmuş sözlərə toxunulmasın. 1975-ci ildə Əliheydər Orucov kiril əlifbası ilə bu lüğəti hazırlamışdı. 2004-cü ildə lüğətin yeni variantı, 2013-cü ildə VII nəşri çap olundu. 2021-ci ildə həmin lüğətin yenidən işlənmiş variantı nəşr edilib. Bu lüğətdən bəzi sözlər bilərəkdən və ya bilməyərəkdən çıxdaş olub. Amma 2021-ci il lüğəti çox da pis lüğət deyil. Düzdür, bu lüğəti pisləyirlər, lüğətdə bəzi naqisliklər də var. Ancaq biz onları düzəldəcəyik. Bunu xalqın müzakirəsinə vermək lazımdır. Narazı şəxslər kömək etməlidir. Elə şəxslər olub ki, hansısa düzgün olmayan sözlə bağlı müraciət ediblər. Müzakirələrdən sonra həmin sözlərin lüğətə əlavə olunub-olunmamasına baxılmalıdır. Bəkir Çobanzadə deyirdi ki, əvvəla dilə söz götürməyək, mümkün olduqca dilin dialektlərindən daha uğurlu sözləri qaytaraq. Məsələn, uzun müddətdir bizim dilimizdə şlaqbaum sözü işlənir. Ancaq düşünəndə çayın bəndi varsa, niyə qatar keçəndə yol bəndi deməyək? Analoq özü tapılır. Bu sözləri tapmaq lazımdır. Bir söz ən azı 3 dialektdə işlənir, insanlar bunu qəbul edirsə, dilə daxil olur. Bəzən isə söz doğru olduğu halda belə müxtəlif cür yazıb çaşqınlıq yaradırlar. Məsələn, söz Allah-taala-dır. Amma müxtəlif dini əsərlərdə Allah-təala formasına rast gəlinir. Bunun bir günahı da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindədir. Gərək bu işlərə nəzarət etsinlər. Dini kitablar elə belə çap olunmur. Onların nəzarətindən keçdikdən sonra nəşr olunur. Bəzi şəxslər uşaqlarına Muhamməd adı qoymaq istəyirlər. Amma bizim dilimizin ahəng qanunu tələb edir ki, bu adı Məhəmməd kimi işlədək. Elədirsə, onda gərək ərəb dilindən dilimizə keçən saat sözünü “saət” yazaq. Yəni, demək istəyirəm ki, lüğətdə düz yazılan sözləri adamlar bilərəkdən dəyişirlər.
Nazirlər Kabinetinin qərarı ilə orfoqrafiya normaları təsdiq olunub. İnsanlar tənbəllik edib lüğətə baxmırlar. Doğrudur, qaydaları tez-tez dəyişmək olmaz, gərək normalar dəyişməsin, birdəfəlik qəbul olunsun.
Bir məsələni də qeyd etmək istərdim. Modern yazıçıların dilə çox təsiri var. Azərbaycan dilində əvvəlcə mübtəda, sonra ikinci dərəcəli üzvlər, sonda isə xəbər gəlir. Bizim cavan yazıçılarımız dilimizi rus, fars dilinin kökünə salıblar. Rus dilində olduğu kimi mübtəda, xəbər əvvəl gəlir, sonra ikinci dərəcəli üzvləri işlədirlər. Bu, dili məhv eləmək deməkdir. Bir dilə feil keçəndə dili parçalayır. Bizim dilimizdə isə alınma fel yoxdur. Qorxuram ki, modern yazıçılar dilə təzyiq göstərsinlər. Dilə bu qədər təzyiq etmək olmaz. Son zamanlar şairlərin nöqtəsi, vergülü olmayan şeirlərini görürük. Axı punktuasiyanın qanunları var. Bəzən tire ilə defis işarəsini ayıra bilmirlər. Bəzən yazıçılar, şairlər mübtəda və xəbərin yerini dəyişməklə məzmunu da dəyişirlər. Bu, böyük problemdir. Keçmişdə redaksiyalarda korrektorlar, peşəkar redaktorlar olurdu.
Virtual aləmdə vəziyyət daha bərbaddır. Yazarların əksəriyyəti ali təhsilli, filoloq deyil, durğu işarələrini bilmirlər. Qorxulu tərəfi budur.
Yeni lüğətin hazırlanması ilə bağlı yaxın zamanda əhaliyə müraciət etməyi planlaşdırırıq. Kimdə yaxşı söz, maraqlı faktlar, əcnəbi sözləri əvəz edən sözlər varsa, bizə desinlər. Müzakirə keçirək, sonra lüğətin layihəsini hazırlayaq. Bu, müntəzəm olaraq davam edəcək. Bizdə “Yeni sözlər lüğəti” çap olunub. Hazırda beynəlmiləl terminlərlə bağlı kitab hazırlanır. İlin sonuna kimi 400 səhifəlik kitab çap edəcəyik. Hər bir kitab 2000-3000 sözü əhatə edir. Qəbul olunduğu halda bu sözlər qalır və işlənir. Hər sözü lüğətə salmazlar.
- Əsasən KİV-də sözlərin müxtəlif yazılış hallarına rast gəlirik. KİV bir növ sosial şəbəkə dilinə bənzəyir. Bunun əsas səbəbi nədir?
- Bunun üçün ilk növbədə insanları maarifləndirmək lazımdır. Elə insanlar var ki, filologiya təhsili olmasa da, dilin qanunlarına hörmət edir. Azərbaycanda ən tanınmış şairlər texniki təhsil almış şəxslərdir. Onlar filoloqlardan da üstündür, dilə də hörmətlə yanaşırlar. Dili korlayan şəxslər arasında filoloji təhsili olanlar da olur. Hazırda KİV-ə nəzarət yoxdur. Gərək insanlar məsuliyyətlərini başa düşsünlər. İndi elələri var ki, mesajda sözü bütöv yazmırlar. Sözün bir neçə hərfini yazırlar. Bununla dilə nə qədər zərbə vururlar. Bu, vərdiş halına keçir.
- Ötən il yeni orfoepiya qaydaları təsdiqləndi. Bu qaydaların əvvəlkindən fərqi nədir?
- Mart ayında Dilçilik İnstitutunun hazırladığı “Orfoepiya lüğəti” çapdan çıxacaq. O lüğətdə qaydalar, dəyişikliklər əks olunacaq. Bu, əsasən televiziya işçiləri üçün lazımdır. Bəzən insanlar özlərini savadlı göstərmək üçün orfoqrafiya lüğətində olduğu kimi danışırlar. Məsələn, rus dilində “H” hərfi yoxdur. Onlar Hindistanın paytaxtına Deli deyirlər. Bizdə bir sorğu keçirib soruşsaq, Hindistanın paytaxtı haradır? Hamı Dehli deyəcək. Onun adı Dehli deyil, Delhidir. Bu söz rus dilindən dilimizə keçdiyi üçün öz təsirini göstərib. Rus dilində bəzi hərflər olmadığı üçün insanların şüurunda da belə qalıb. Bu, təkcə rus dili ilə bağlı deyil. Türkiyə türkcəsində də bəzi hərflər yoxdur.
Orfoepiya qaydalarının yazılış qaydalarına yaxın olacağını deyirdilər. Amma bu, mümkün deyil. Çünki burada müəyyən prinsiplər var.
Bizim dilimizdə çox az söz var ki, vurğusu düzgün tələffüz olunmayanda başqa məna verir. Bu hal bizim dilimiz üçün spesifik deyil. Bizim dilimizdə vurğu sona düşür. Amma dildə elə sözlər var ki, iki vurğu daşıyır. Bu gün də bəzi ziyalılarımız danışanda görürük ki, İngiltərə sözündə vurğunu 3-cü hecaya qoyurlar. Normalda vurğu sonda olmalıdır. İnsan gərək özü üzərində işləsin.
- Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib. Ancaq işğal dövründə məcburi köçkünlərin başqa ərazilərdə məskunlaşması nəticəsində Qarabağ dialektinin itmə təhlükəsi yaranmışdı. Bu sahədə vəziyyət nə yerdədir?
- Qarabağ dialektinin itməsinə inanmıram, çünki yaşlı nəsil qalıb. Başqa məsələ budur ki, insanlar oradan köçüb, ermənilər orada adları dəyişiblər. Həmin adları bərpa edəcəyik, bizim əlimizdədir. Orada olan şəhər, kəndlərin, mikro toponimlərin adlarının düzgün yazılması vacibdir. Dilçilik İnstitutunda toponimlərlə bağlı ingilis dilində kitab hazırlanıb. Rus dilində də bu yaxınlarda hazırlanacaq. Həmin kitabın Azərbaycan dilində hazırlanmasına da ehtiyac olacaq. Təxminən 10 günə kitab nəşr olunacaq. Bu respublikadakı inzibati ərazilər, xüsusilə Qarabağ bölgəsi ilə bağlıdır. Düşünürəm ki, kitabın ingilis dilində olan variantı səfirliklərimiz üçün maraqlı olar. Hələ də Azərbaycan dilində yer adlarının müxtəlif yazılış formalarına rast gəlirik. Bunları normaya qoymaq lazımdır.
- Azərbaycanda toponimlər daha çox ermənilər tərəfindən dəyişdirilib. Dilçilik İnstitutu tərəfindən azad edilmiş ərazilərdə toponimlərin milliləşdirilməsi, adların dəyişdirilməsi ilə bağlı hansı işlər görülür? İndiyədək neçə toponim milliləşdirilib?
- “Qarabağ bölgəsinin dialektoloji atlası” hazırlanır. Artıq atlas üzərində iş bitmək üzrədir. Burada bütün adlar göstəriləcək, bütün toponimlər milliləşdirilmiş formada olacaq. Ermənilər tərəfindən dəyişdirilmiş adların yenidən qaytarılması, dəyişdirilməsi o qədər çətin deyil. Bununla bağlı işlər gedir. Amma toponimlərin hamısının qeydə alınması, düzgün yazılması yeni məsələdir. Hazırda milliləşdirilən toponimlərin sayı yoxdur. Bu atlasın bitməsi ilə Qarabağdakı bütün toponimlər milliləşdirilmiş olacaq. Bu, 350 səhifəyə yaxın kitabdır və bütün Qarabağı əhatə edəcək.
Şərqi Zəngəzur inzibati ərazisindəki toponimlərlə bağlı ayrı atlas hazırlanacaq. Ola bilsin ki, Şərqi Zəngəzurdakı toponimləri Qarabağ atlasına da əlavə edək. Bundan sonra Təbriz və onun ətrafı ilə bağlı da atlas hazırlayacağıq.
- Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən televiziya və radiolarda dil normalarının pozulması ilə bağlı monitorinqlər aparılır. Xüsusilə, ana dilimizdə qarşılığı olduğu halda, yerli-yersiz əcnəbi sözlərin işlədilməsinə rast gəlinir, radiolarda dil qaydaları kobud şəkildə pozulur. Bununla bağlı İnstitut tərəfindən hansısa tədbirlərin görülməsi planlaşdırılırmı?
- İnstitutda Monitorinq şöbəsi var. Rəhbərliklə razılığa gəlmişik ki, şöbənin adını dəyişib “Nitq mədəniyyəti və monitorinq şöbəsi” edək. Bununla insanların şifahi, yazılı nitqinə nəzarət olunacaq. Daxili imkanlarımız hesabına belə bir şöbə yaratmağı düşünürük. Monitorinqlər aparılıb, tövsiyələr veriləcək. Həmçinin monitorinqlərin nəticələrini də açıqlayacağıq.
- Dil normalarının pozulmasına görə cərimələrin tətbiqi bu problemin aradan qalxmasına gətirib çıxararmı?
- Bu, mütləq təsir edəcək. Bir dəfə cərimələndikdən sonra rəhbərlik də tapşıracaq ki, səhv etməyin, ehtiyatlı olun. Başqa mexanizm yoxdur. Hüquq-mühafizə orqanı deyillər ki. Amma Dilçilik İnstitutunun cərimələmə mexanizmi yoxdur.
- Dərsliklərin dili Azərbaycan dilinin norma və qaydalarına nə dərəcədə uyğundur?
- Ən qorxulu tərəf odur ki, ədəbiyyatçılar dilçilik kitabını işləyir. Tanınmış alimlər dərsliyi yazır, amma orta məktəbdə dərs demirlər deyə, onlara orta məktəbdə dərs deyən müəllimi qoşmaq lazımdır. Bu işi əsasən elmi dərəcəsi olan orta məktəb müəllimləri görməlidir. Təhsil Nazirliyi bir neçə nəşriyyatla işləyir, dərslikləri kütləvi tirajla çap edirlər. Təhsil Nazirliyi tərəfindən dərsliklərin Dilçilik İnstitutuna göndərildiyini görməmişik. Nazirlik o kitabları İnstituta göndərsə, özü qazanar. Müəllifləri çağırıb səhvləri də deyərik. İbtidai sinif şagirdləri üçün dərsliklərə elə sözlər salırlar ki, uşaqlar onun mənasını 100 il qala bilməzlər. Nazirliyə müraciət edirik ki, Dilçilik İnstitutu ilə əməkdaşlıq eləsinlər. Kitabları bizə göndərsinlər, müəlliflər də gəlsin, müzakirə edək. Kitablarda gedən səhvlərlə bağlı onlara təmənnasız kömək edə bilərik.
İnsanlar son zamanlar niyə rus dilinə meyllənir? Dərsliklərin mükəmməlliyi buna təsir edir.
- 4 cildlik “Müasir Azərbaycan dilinin qrammatikası” üzərində iş gedirdi. Hazırda kitabla bağlı işlər nə yerdədir? Hansı dəyişikliklər olub?
- Hazırda bu kitabın I cildi - Fonetika nəşr olunub. Növbəti ay üçün II cild - Leksika hazırlanır. Daha sonra növbəti cildlər də hazırlanacaq. İş gedir. Bu il üçün iki cildi nəzərdə tutmuşuq.
- Azərbaycanda müzakirəyə çıxarılan, qəbul edilən qanunların dilinin çətinliyi hər zaman müzakirə edilir. Milli Məclisdə dilçi deputatlar tərəfindən də bu problem mütəmadi gündəmə gətirilir. Qanunların dilinin asanlaşdırılması ilə bağlı təklifləriniz olubmu? Bununla bağlı xüsusi komissiya yaradıla bilərmi?
- Qanunlar mütəxəssislər üçün nəzərdə tutulur. Onların spesifik dili var. Fikir vermişik ki, qanunların əksəriyyəti rus və ingilis dilindən götürülür, tərcümə olunur, ona görə belə mənzərə ortaya çıxır. Milli Məclisdə bu məsələlər müzakirə olunur. Bununla bağlı MM-ə təkliflərimiz olmayıb. Bizə bununla bağlı müraciət olunsa, təkliflərimizi verəcəyik.
- Reklamların dili sizi qane edirmi?
- Bu, ən ağrılı yerimizdən biridir. Şəhərə baxın. Reklam Agentliyinə dəfələrlə deyilib. İri şirkətlərin adlarında, reklamlarındakı səhvlər lap pis vəziyyətdədir. İstənilən mətbu yazı ictimai fikrə təsir edir. Bu, bizdən daha çox Reklam Agentliyinin işidir. Nəzarət etməlidirlər. Onlar da Dilçilik İnstitutu ilə müqavilə bağlasınlar, kömək istəsinlər. Hansı formada istəyirlərsə, kömək etməyə hazırıq. Dilçilik İnstitutunda “qaynar xətt” var. Səhər saat 09:00-dan 18:00-dək bu xətt işləyir. Hətta axşam da gələn müraciətlər sistemə yazılır, səhər cavablandırılır. Gün ərzində çoxlu müraciətlər olur. Ən çox sözlərin yazılış qaydaları ilə bağlı müraciətlər edilir. Bəzən övladına ad qoymaq istəyənlər də zəng vurub adın mənasını soruşur. Bəzən işlər məhkəməyə gedib çıxır, hətta bizə məhkəmə məktubları gəlir. Qeyd edirlər ki, oğlumun adını Muhəmməd qoymaq istəyirəm, amma icazə verilmir. İzah edirik ki, bu, düzgün deyil, dili korlayır.
- Xüsusən Bakıda xarici dildə restoran, kafe, ticarət mərkəzlərinin adları üstünlük təşkil edir. İnstitut bunun qarşısını almaq üçün təkliflər veribmi?
- Adlarla bağlı məsələ ciddidir. Bəzən adı turizmin inkişafı ilə bağlı Azərbaycan dilində qoymurlar. Bildirirlər ki, xaricilər bunu oxuya bilmir, baxmayaraq ki, latın qrafikası ilədir və çox rahat oxuya bilərlər. Bundan başqa internetdə milli adlar qəbul olunmur, anlaşılmaz olur. Onlar düşünür ki, milli ad qoysalar, dünya standartlarına uyğun olmayacaq. Hətta bəzən restoranların, məkanların adını ingilis dilində də səhv yazırlar.
- Son dövrlərdə uşaqlara əcnəbi, bəzən heç bir mənası olmayan adlar qoyulur. Bu, əsasən nə ilə bağlıdır, hansısa adın qoyulmasına qadağa qoyula bilərmi?
- Bəzən ailədəki digər şəxsin adına uyğunluq məqsədilə, bəzən də əcnəbi dildən gələn adlar qoyulur. Bundan başqa, bir hərflə mənası başqa olan sözlər bəzən pis məna daşısa da, səhvən uşaqlara qoyulur. Ad seçəndə mənasına baxmaq lazımdır. Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Uşaqlar böyüyəndə, başa düşəndə bəzən onun üçün utancverici olur.
Adların qoyulması məsələsi tənzimlənə bilər. Bunun günahı əsasən nikah şöbələrindədir. Ad qoyulanda zəng vurub adın mənasını soruşub öyrənsinlər. Valideynlər necə gəldi ad qoyur. Bu, gələcəyə təsirini göstərəcək. İndi hiss etmirlər. Nikah şöbələrində oturan bəzi şəxslərin də səviyyəsi imkan vermir ki, belə halların qarşısı alınsın. Bu, bizim genofondumuza böyük ziyan vuracaq.
Bəzi adların qoyulmasına qadağa qoyula bilər. Bununla bağlı kitab hazırlayacağıq. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələri ilə müqavilə bağlamağa çalışacağıq. Ən çox problemlər ərəb, fars adları ilə bağlı olur. Bəzən həmin xalqların nümayəndələri özləri də gülür ki, biz bu adı əşyaya, quşa veririk, siz bunları insanlara ad kimi qoyursunuz.
- Soyadların milliləşdirilməsi ilə bağlı proses sizi qane edirmi?
- Bu söhbət neçə ildir gedir. Zaman keçir, rus soyad sonluqlarından qurtarmaq lazımdır. Hər millətin öz atributları var. Soyad sonluqlarından dərhal hiss olunur ki, həmin şəxs hansı millətdəndir. Bunun bir səbəbi də VVAQ şöbəsindəki şəxslərin rüşvətxorluğudur. Dəyişiklik üçün yalnız “Doğum haqqında şəhadətnamə” təqdim edirsiz. Bu məsələ diqqətdən yayınmamalıdır.
Bundan başqa insanlarda da tərpəniş olmalı, təbliğat aparılmalıdır. Son zamanlar milliləşmə prosesi durğunlaşıb. Əslində bunun üçün rüsum da lazım deyil. Bəzi şeylərə rüsum tətbiq olunmamalıdır.
- Ortaq türk dilinin və əlifbasının yaradılması ilə bağlı təkliflər var idi. Hazırda bu istiqamətdə işlər nə yerdədir?
- Məşhur alimimiz Afad Qurbanov bu işlə peşəkar məşğul olurdu. Bununla bağlı layihə də hazırladı. Ondan sonra müxtəlif alimlər bu işlə məşğul olub. Bu günə kimi iş gedir. Burada müəyyən əngəllər var. O xalq udacaq ki, iqtisadi cəhətdən güclüdür. Hesab edirəm ki, Anadolu türkcəsi bütün türkdilli xalqlar üçün ortaq dil ola bilər. Türkiyə iqtisadi cəhətdən bütün türk dövlətlərindən güclüdür. “Kayu” cizgi filmi evlərə girəndən sonra balaca uşaqlar da türkcə danışmağa başladı. Bu gün İranda yaşayan soydaşlarımız da bizə meyllənmirlər, onlar da Türkiyə türkcəsində danışırlar. Zaman yolumuzu ora aparır. Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir. Digər türk dövlətlərindəki yeni nəsil Anadolu türkcəsində çox söz işlədir. Düşünürəm ki, ortaq dil məfhumu yaransa, bu, Türkiyə türkcəsi olacaq. Lakin bu prosesin yekunlaşması uzanır.