Müasir yanaşmalara görə ali təhsil sistemi təkcə əmək bazarının tələblərinə uyğun kvalifikasiya formalaşdıran mexanizm deyil, insan kapitalının formalaşmasında əsas rol oynayan institusional mühitdir. Həmçinin dövlətin elmi potensialının, iqtisadi rəqabətqabiliyyətinin və sosial inkişafının təmin olunmasında strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Beynəlxalq rəqabət mühitinin tələbləri fonunda insan kapitalının inkişafı, gənc kadr potensialının formalaşdırılması və elmi fəaliyyətin gücləndirilməsi ali təhsil sistemində ardıcıl və uzunmüddətli institusional islahatları şərtləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov söyləyib.
Asiman İlyasov bildirib ki, Azərbaycanın ali təhsil sistemində son illərdə institusional yenilənmə və modernləşmə istiqamətində mühüm addımlar atılıb. Belə ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimləmənin təmin olunması, elm və təhsil müəssisələrinin fəaliyyətinin koordinasiyası və istiqamətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı kimi yenidən formalaşdırılıb. Eləcə də elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, elmi müəssisə və təşkilatların, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləmək, əlaqələndirmək və onların fəaliyyətinə dövlət nəzarətini təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi institutlar birləşdirilərək publik hüquqi şəxs statusu ilə yenidən təşkil olunması istiqamətində mühüm addımlar atılıb.
O qeyd edib ki, elm və təhsilin birləşdiyi məkan kimi ali təhsil müəssisələrinin modernləşdirilməsi çərçivəsində mühüm transformativ tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında universitetlərin infrastrukturunun yenilənməsi, laboratoriya və tədris avadanlıqlarının müasir standartlara uyğunlaşdırılması, həmçinin informasiya texnologiyalarının təhsilə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Belə yanaşma tələbələrə nəzəri biliklərlə yanaşı praktik bacarıqları yüksək səviyyədə mənimsəmək imkanı yaradır. Eyni zamanda, Azərbaycan ali təhsil müəssisələri beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəal siyasət yürüdür. Dünyanın qabaqcıl universitetləri ilə birgə həyata keçirilən proqramlar, tələbə və müəllim mübadilə layihələri, habelə birgə elmi tədqiqatlar gənc mütəxəssislərin peşəkar inkişafına stimul verir. Bu əməkdaşlıqlar həm tələbələrə, həm də akademik heyətə qlobal təcrübəni öyrənmək və öz elmi-texniki sahələrində yeni nailiyyətlər əldə etmək imkanlarını təmin edir.
Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələri beynəlxalq rəqabət mühitində yeni mərhələyə qədəm qoyur: “Bu inkişafı hər il açıqlanan beynəlxalq reytinq nəticələrində də aydın şəkildə görmək mümkündür. Məsələn, Bakı Dövlət Universiteti (BDU) nüfuzlu reytinq təşkilatı QS tərəfindən dərc olunan dünyanın ən yaxşı universitetləri siyahısında Cənubi Qafqaz regionunda lider mövqeyində qərarlaşıb və ölkəmizin akademik və elmi tədqiqat səviyyəsinin yüksəlişinə öncül töhfə verib. Eyni zamanda, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə təmsilçiliyi də genişlənməkdədir. Belə ki, ötən il QS tərəfindən dərc olunan dünyanın ən yaxşı universitetləri siyahısında Azərbaycanı təmsil edən universitetlərin sayı 9-a yüksəlib ki, onlardan 6-sı top-1000-də qərarlaşıb. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur”.
Rektorun müşaviri əlavə edib ki, ölkənin ən qədim və ən böyük elm və ali təhsil məbədi olan BDU struktur və kadr islahatları, ali təhsilin modernləşdirilməsi, beynəlxalq əməkdaşlıqların inkişafı, gənc mütəxəssislərin yetişdirilməsi və elmi potensialın artırılması sahələrində öncül rol oynayır: “Universitetdə aparılan struktur islahatları tədris və elmi fəaliyyətin səmərəliliyini artırmağa yönəlib. Eyni zamanda, akademik heyətin peşəkarlığının yüksəldilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması məqsədilə kadr islahatları da davam etdirilir. BDU-nun beynəlxalq əməkdaşlıqları, o cümlədən xarici universitetlər ilə ortaq layihələr, tələbə və müəllim mübadiləsi proqramları, eləcə də laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsi gənc mütəxəssislərin praktik bacarıqlarını və elmi təcrübəsini zənginləşdirir. Nəticədə universitet həm milli, həm də qlobal səviyyədə rəqabətqabiliyyətli kadrlar yetişdirir, elmi potensialı gücləndirir və Azərbaycanın təhsil sisteminin inkişafına mühüm töhfə verir”.