Logo

KIAMP ilə İstanbulun Beykoz Universiteti arasında strateji qardaşlıq memorandumu imzalanıb

08.01.2026 17:14 91 baxış
IMG

Türkiyədə fəaliyyət göstərən “Karabakh is Azerbaijan” Milli Platforması (KIAMP) ilə İstanbulun Beykoz Universiteti arasında çoxşaxəli strateji qardaşlıq memorandumu imzalanıb.

KIAMP-ın baş koordinatoru Elvin Abdurahmanlı və universitetin rektoru professor Burak Küntay tərəfindən imzalanan sənəd Qarabağ məsələsinin beynəlxalq aləmdə müdafiəsi, türk birliyi, peşəkar diplomatiya təlimləri, Türkiyə nazirlikləri ilə həyata keçiriləcək birgə layihələr kimi bir çox sahəni əhatə edir.

İmzalanma mərasimində bu sənəd dövlətlərimizin birgə baxışının təzahürü kimi qiymətləndirilib.

Tədbirdə çıxış edən Beykoz Universitetinin rektoru Burak Küntay bu strateji protokolla Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığı akademik səviyyəyə çatdırmaqdan böyük şərəf duyduqlarını ifadə edib. O bildirib ki, beynəlxalq diplomatiya simpoziumları, akademik tədqiqatlar və birgə təhsil layihələri ilə regional sülhün elmi infrastrukturunu qurmağı hədəfləyirlər.

Elvin Abdurahmanlı isə deyib: “Əsas məqsədimiz Türk dünyasının birliyini və Qarabağ həqiqətlərini beynəlxalq arenada elmi əsaslarla daha yüksək səslə müdafiə etməkdir. Beykoz Universiteti ilə əməkdaşlığımız sayəsində, xüsusilə Avropa İttifaqı layihələri və beynəlxalq diplomatiya simpoziumlarında Türk dünyasının həqiqətlərini qlobal miqyasda ən dəqiq kanallar vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edəcəyik. İnanıram ki, bu əməkdaşlıq Qarabağdan Türküstana qədər uzanan möhtəşəm qardaşlıq körpüsünün həm akademik, həm də mədəni cəhətdən ən güclü sütunlarından biri olacaq”.

Xəbər lenti