Logo

Prezidentin mesajı: Azərbaycanın sabahı təhsil və elmdə formalaşır

09.01.2026 15:38 67 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verdi. Bu, sadəcə müsahibə deyildi. Təhsil və elmlə bağlı səsləndirilmiş fikirlər mübaliğəsiz olaraq uğur təmin edən fəaliyyət planıdır. Bu planın məğzi isə ondan ibarətdir ki, güclü Azərbaycan güclü təhsil və elmlə qurulur. Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi çağırışları, tövsiyələri əsasında Azərbaycanın uğurlu gələcəyini təmin edə biləcək təhsil və elmin əsas elementlərini müəyyən etməyə çalışdıq.

Bunu UNEC-in rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, birincisi, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dilinə böyük diqqət ayırdı. Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı söylədikləri məhz Azərbaycan dilində təhsilə diqqət artırmağı tələb edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin, intellektual suverenliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi səciyyələndirilir. Bu məsələ təkcə dil seçimi deyil, dövlətçilik və strateji inkişaf məsələsidir. Azərbaycan dilində təhsil həm də sosial mənşəyindən asılı olmayaraq hamı üçün təhsil imkanlarını bərabərləşdirən ciddi amil, milli elmin təməli kimi qəbul edilir. Eləcə də onlayn təhsili önə çəkməklə Prezident İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi vurğulayır.

Onun sözlərinə görə, dəyərləri hər zaman bilikdən önə çəkən ölkə başçısı bu dəfə də bu yanaşmanın dəyişməzliyini təsdiqlədi və bir daha dəyərləri həlledici amil kimi qeyd etdi: "Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”. Dəyərlərin formalaşdırılması təhsildən daha çox mədəniyyətin missiyasıdır. Bu isə o deməkdir ki, təhsilin "saf, təmiz kadrlar" yetişdirməsi üçün mədəniyyətin təhsilə inteqrasiyası üçün yeni yanaşmalar tələb olunur.

Rektor qeyd edib ki, müsahibədə təhsil və elm sosial-iqtisadi inkişafın əsas amili kimi xarakterizə edilib, cəmiyyətin bütün inkişaf mexanizmlərini hərəkətə gətirən strateji kapital kimi dəyərləndirilib. Ona görə də bu istiqamətdə işlərin fəallaşdırılması vəzifə kimi müəyyən edilir. Başqa sözlə, ölkəmizin inkişafına təhsilin, elmin təsirini, töhfəsini artırmaq üçün ciddi addımların vaxtıdır.

Ə.Muradov ölkə başçısının elmlə təhsilin vəhdətinin əhəmiyyəti ilə bərabər, həm də elmin inkişaf göstəricilərinə də diqqət çəkdiyini vurğulayıb: Burada diqqəti çəkən digər məqam isə tədqiqatların milli, yerli problemlərin həllinə yönəlməsinin və praktikiliyinin vacibliyidir. Yəni praktiki tədqiqatlar elmi biliklərin milli inkişafa çevrildiyi əsas körpüdür. Eləcə də elm və təhsildə struktur islahatlarının qaçılmazlığı Prezident İlham Əliyevin çıxışından irəli gələn vacib vəzifələrdən biridir. Bütövlükdə, gəlinən nəticə odur ki, təhsil elmi canlı, yenilənən və dərin məzmunlu edir, elm isə təhsili etik dəyərlərlə, intellektual dürüstlüklə zənginləşdirir.

Xəbər lenti