Logo

AMEA Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlaşır

08.01.2026 17:12 65 baxış
IMG

AMEA-nın Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib.

AMEA-dan bildirilib ki, tədbirdə yubileylə əlaqədar elmi tədbirlərin təşkili və icrası, nəşrlərin hazırlanması və yayılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 2025-ci il 22 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunub.

Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan ictimaiyyəti və Türk dünyası ilə əlaqələrin daha da genişləndirilməsi üçün mühüm tarixi hadisə kimi dəyərləndirib. O, 1926-cı il fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultayın məhz AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında keçirildiyini xatırladaraq, qurultayın türkoloji fikrin formalaşmasında və inkişafında mühüm rol oynadığını vurğulayıb. Akademik bildirib ki, həmin qurultay bu gün də türkoloji tədqiqatlar üçün ideya və metodoloji mənbə kimi aktuallığını qoruyub saxlayır.

AMEA rəhbəri dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq, Akademiyada ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu çərçivədə Akademiyada xüsusi Tədbirlər Planının hazırlandığını söyləyən akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisələrində Türk dünyasının tarixi, ədəbiyyatı, folkloru, dili, musiqisi, arxeologiyası və fəlsəfəsi üzrə tədqiqatlar aparan struktur bölmələrin fəaliyyət göstərdiyini, həmçinin türkdilli ölkələrin akademik elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu istiqamətdə görülən işlər türk xalqlarının elmi-mədəni inteqrasiyasına mühüm töhfə verir.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində AMEA-da bir sıra kitab və monoqrafiyaların, fotosalnamə və tanıtma kitablarının nəşri, humanitar və ictimai elmlər sahələrini əhatə edən elmi-tədqiqat müəssisələrində elmi konfransların təşkili, Mərkəzi Elmi Kitabxanada kitab və virtual sərgilərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. AMEA prezidenti, həmçinin "Türkologiya" jurnalının Qurultayın 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının nəşrinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Daha sonra Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı təşkilati məsələlər müzakirə olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu, Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, Yunus Əmrə İnstitutunun müəllimi Hüseyn Musayev və başqaları çıxış edərək təkliflərini səsləndiriblər.

Müşavirədə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair tapşırıqlar verilib.

Xəbər lenti