Logo

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın strateji geoloji tədqiqat məkanına çevrilir

09.01.2026 16:06 61 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyində çıxışı zamanı elmin ölkənin milli inkişafında, resurs təhlükəsizliyində və texnoloji müstəqilliyində aparıcı rolunu xüsusi vurğulayıb. Prezident geoloji kəşfiyyat işlərini, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatları strateji prioritet kimi müəyyən edib. Prezidentin Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı geoloji tədqiqatlara Azərbaycan alimlərini cəlb etməsi elmin qərarvermə prosesinə inteqrasiyasının yeni mərhələsi kimi qiymətləndirilir. Bu yanaşma elmin artıq yalnız akademik sahə deyil, dövlət siyasətinin və iqtisadi gücün aləti kimi qəbul edildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzur bu baxımdan təkcə bərpa zonası deyil, Azərbaycan elminin yenidən formalaşdığı strateji tədqiqat məkanına çevrilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqat bürosu şöbəsinin Yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatlar haqqında danışarkən bildirib.

Rəqsanə Əsgərovanın sözlərinə görə, 1970–1980-ci illərdə aparılmış geoloji tədqiqatlar əsasən lokal filiz zonalarını əhatə edib, nadir və radioaktiv elementlər üzrə məlumatlar fragmentar xarakter daşıyıb. Ötən əsrin 90-cı illərində işğal nəticəsində seysmik stansiyalar, ekspedisiya bazaları və elmi arxivlər məhv olunub. Bu səbəbdən regionda seysmik-geofiziki infrastrukturun yenidən qurulması və kompleks monitorinq şəbəkəsinin yaradılması fundamental elmi baza rolunu oynayır. Yeni mərhələdə seysmologiya, geofizika, geokimya və petrologiya üzrə laboratoriyaların, o cümlədən Qarabağ Universiteti ilə birgə elmi mərkəzlərin yaradılması həm elmi tədqiqatların operativliyini, həm də yerli kadr hazırlığını təmin edə bilər.

Alim qeyd edib ki, 2021-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji rekonstruksiya işləri regionun mürəkkəb tektonik quruluşunu və yüksək filiz potensialını təsdiqlənib: “Müasir peyk analizləri, aeromaqnit və qravimetrik modelləşdirmə nəticəsində polimetal, mis-porfir, qızıl-gümüş, boksit, həmçinin tikinti və sənaye xammalı yataqları yenidən qiymətləndirilir. Region xüsusilə nadir torpaq elementləri, uran, torium, litium və berillium üzrə yüksək metallogen potensiala malikdir. Kəlbəcər–Laçın, Zəngilan–Qubadlı və Qarabağ struktur zonalarında bu elementlərin geokimyəvi anomaliyaları qeydə alınıb. Hidrotermal proseslər nadir və radioaktiv elementlərin daşınması və yığılmasında aparıcı rol oynayır”.

O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək strateji xammal bazası kimi formalaşma potensialına malikdir. Aparılan tədqiqatlar yalnız iqtisadi deyil, həm də elmi suverenliyin bərpasına, milli geoloji bilik bazasının yenilənməsinə xidmət edir. Prezidentin alimlərə müraciəti bu prosesin xarici mənbələrə deyil, Azərbaycan alimlərinin elmi məktəbləri və milli metodologiyaları əsasında aparılmasını nəzərdə tutur. Bu isə “elmi suverenlik” prinsipinin praktik əsasını təşkil edir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur təkcə azad edilmiş ərazilər deyil, Azərbaycan geologiyasının və elminin dirçəliş laboratoriyasıdır.

Xəbər lenti