Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı proqram xarakterli nitqində alimlər qarşısında mühüm vəzifələr irəli sürdü, çağırışlar etdi. Dövlət başçısı çıxışında ölkədə elmin bundan sonra da davamlı şəkildə inkişaf etdirilməsinin strateji əhəmiyyətini xüsusi vurğuladı.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin yubiley yığıncağındakı məruzəsində elmlə təhsilin sıx vəhdəti, Azərbaycan dilinin elmi mühitdə qorunması və inkişaf etdirilməsi, eləcə də süni intellekt və müasir texnologiyaların elmi fəaliyyətə inteqrasiyası kimi məsələlər diqqəti xüsusilə cəlb edib: “Düşünürəm ki, bu çağırışlar bütün elm sahələri üçün aktual və istiqamətverici xarakter daşıyır. Ölkə başçısı bütün elm sahələrindən, xüsusilə geologiya və geofizika istiqamətində çalışan alimlərdən böyük gözləntilərin olduğunu qeyd edib. Azərbaycanda hələ də kəşf edilməmiş zəngin mədən ehtiyatlarının və təbii sərvətlərin mövcudluğunu vurğulayan Prezident bu potensialın üzə çıxarılmasını məhz yerli geoloq və geofizik alimlərin üzərinə düşən mühüm vəzifə kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində geoloji kəşfiyyat işləri böyük əhəmiyyət daşıyır. Bu regionlar sovet dövründə ya kifayət qədər tədqiq olunmayıb, ya da mövcud texnologiyalar həmin vaxt təbii resursları tam şəkildə öyrənməyə imkan verməyib. Bu gün isə müasir texnologiyalar, peyk müşahidələri və uzaqdan zondlama üsulları vasitəsilə təbii ehtiyatların, o cümlədən qeyri-ənənəvi neft yataqlarının fiziki müdaxilə olmadan müəyyənləşdirilməsi mümkündür”.
Onun sözlərinə görə, Prezidentin göstərişi ilə artıq bir neçə aydır Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı geoloji işlər aparılır. Azərbaycan alimləri və aidiyyəti dövlət qurumları bu prosesə fəal şəkildə cəlb olunaraq müvafiq tapşırıqları icra edirlər. Ölkə başçısı çıxışı zamanı həm də nəzərə çatdırıb ki, yaxın aylarda bu istiqamətdə mühüm nəticələrin əldə olunacağı gözlənilir.
Professor bildirib ki, Prezident çıxışında bərpaolunan enerji layihələrinə də xüsusi diqqət yetirib, alternativ enerjini müasir dövrün əsas tələblərindən biri kimi dəyərləndirib: “Aydındır ki, ənənəvi istilik enerjisindən istifadənin həm iqtisadi baxımdan baha başa gəlməsi, həm də ətraf mühitin çirklənməsinə səbəb olması bu sahədə ciddi problemlər yaradır. Məhz buna görə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirəm ki, artıq Azərbaycan alimləri tərəfindən alternativ enerji mənbələri üzrə elmi əsaslandırılmış layihələrin hazırlanaraq dövlət başçısına təqdim edilməsinin vaxtı yetişib”.
Elşad Qurbanov qeyd edib ki, Azərbaycan zəngin bioloji müxtəlifliyə, əlverişli torpaq-iqlim şəraitinə və geniş təbii resurs potensialına malik ölkələr sırasındadır. Bu sərvətlərin elmi əsaslarla öyrənilməsi, qorunması və səmərəli istifadəsi həm ekoloji təhlükəsizliyin təmin olunması, həm də ölkənin iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir: “Neftin tükənən təbii resurs olması səbəbindən postneft dövrünə hazırlıq bu gün elmi və iqtisadi siyasətin əsas prioritetlərindən biri olmalıdır. Bu kontekstdə aqrar sahənin inkişafı neftdən asılılığın azaldılmasında mühüm rol oynaya bilən strateji istiqamətlərdəndir. Azərbaycanın torpaq və su ehtiyatlarının tərkibi və ekoloji xüsusiyyətləri bir çox ölkələrdən fərqlənir, bu da istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə birbaşa təsir göstərir. Yüksəkkeyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullar həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir və bu sahənin ölkəyə ciddi gəlir gətirə biləcək potensialı vardır. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə biologiya və aqrar elmlərinin qarşısında da mühüm vəzifələr müəyyən edir. Təbii ehtiyatların elmi əsaslarla tədqiqi, innovativ yanaşmaların reallaşdırılması və əldə olunan nəticələrin ölkənin sosial-iqtisadi inkişafında tətbiqi bu sahədə prioritetlərdəndir”.
Alim vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişaf prioritetlərini aydın şəkildə müəyyən edir. Dövlət başçısının nitqində elmin milli maraqlara xidmət etməsi və ölkənin strateji inkişaf məqsədləri ilə vəhdətdə fəaliyyət göstərməsi xüsusi vurğulanıb. Bu baxımdan ölkəmizin flora və fauna ehtiyatlarının elmi əsaslarla, kompleks və sistemli şəkildə dərindən araşdırılması qarşıda duran ən mühüm və zəruri vəzifələrdən biridir.