Logo

Müxtəlif səbəblərdən təhsili başa vurmayanlar sənədlərini onlayn alacaq

08.01.2026 20:26 65 baxış
IMG

Azərbaycan Respublikasında müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışların verilməsi qaydası yenilənib.

Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərara əsasən, 2010-cu il 21 yanvar tarixli 12 nömrəli əvvəlki qərar ləğv olunur.

Yeni qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanıb və təhsilin hər hansı pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi prosesini tənzimləyir. Arayışlar elektron formada Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə hazırlanır və Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim olunur.

Qaydaya əsasən arayış ali, orta ixtisas, peşə və ümumi təhsil pillələrində təhsilini başa vurmayan şəxslərə təqdim ediləcək. Arayışda şəxsin təhsil müəssisəsi, qəbul və xaric olma ili, fənlər üzrə qiymət və kredit məlumatları, təhsil səviyyəsi və digər zəruri məlumatlar əks olunacaq. Həmçinin arayışın həqiqiliyi elektron imza vasitəsilə təsdiq ediləcək və kağız surəti notariat qaydasında təsdiqlənə bilər.

Elektron arayışların hazırlanması müddəti ali və orta ixtisas pillələri üzrə 10 iş günü, peşə və ümumi təhsil pillələri üzrə isə 5 iş günü təşkil edir. Arayış üçün müraciət edilən məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra sənəd elektron kabinetdə yerləşdirilir.

Xəbər lenti