Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası təsdiqlənib.
Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, peşə təhsilini bitirən şəxslərə diplom və diploma əlavə, qısamüddətli kursları başa vuranlara isə sertifikat “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında təqdim ediləcək. Təhsil haqqında dövlət sənədlərində əks olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə oluna biləcək və həmin məlumatların təqdim edilməsi sənədlərin təqdim edilməsinə bərabər tutulacaq.
Qaydaya görə, məzunların diplom və sertifikatları 10 iş günü müddətində hazırlanacaq və peşə təhsili müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Elektron qaydada yaradılan diplom, sertifikat və diploma əlavə məzunların elektron kabinetində yerləşdiriləcək.
Peşə təhsili haqqında dövlət sənədi – diplom məzunlara peşə təhsili pilləsinin növbəti səviyyəsində, habelə yüksək texniki peşə təhsilini bitirənlərə münasibətdə ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq və ixtisas üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir. Sertifikat isə ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur.
Sənəddə diplom, sertifikat və diploma əlavədə göstəriləcək məlumatların ətraflı siyahısı, o cümlədən ixtisas (kurs) adı, peşə-ixtisas dərəcəsi, tədris dili, təlim nəticələri, qiymətləndirmə göstəriciləri və sənədlərin həqiqiliyinin yoxlanılması üçün ştrix-kod tələbləri müəyyən edilib. Məzunların müraciəti əsasında təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.
Qayda diplom və sertifikatların verilməsindən imtina halları, onların dublikatının verilməsi, səhv məlumatların aradan qaldırılması, sənədlərin ləğv edilməsi və yenidən tərtib olunması prosedurlarını da tənzimləyir. Diplomun və ya sertifikatın itirilməsi, korlanması və ya məhv olması hallarında dublikat yalnız elektron sənəd formasında veriləcək, bu sənədlərin əvəzinə arayışın təqdim edilməsi isə qadağan edilir.
Qərarın icrası peşə təhsili sahəsində rəqəmsal sənəd dövriyyəsinin genişləndirilməsinə, şəffaflığın artırılmasına və məzunların təhsil sənədlərinə operativ çıxış imkanlarının təmin edilməsinə xidmət edir.