Logo

"Bu mənim birinci və sonuncu romanımdır" – Yazıçı Nəriman Əbdülrəhmanlının şair Mahir N.Qarayevlə söhbəti

24.04.2022 11:22 527 baxış
IMG

Kulis.az saytı Yazıçı Nəriman Əbdülrəhmanlının şair Mahir N.Qarayevlə söhbətini təqdim edir.

– Əvvəlcə uzun illərin müşahidəsindən sonra gəldiyim bir qənaətlə bağlı fikrini bilmək istəyirəm. Nəzərə al ki, bu sual bilavasitə səninlə əlaqədar deyil. Müşahidələrimə görə, şairlərin nəsr yazması normal qarşılanır, olsa-olsa, ötəri iradlara rast gəlmək olar. Amma nasirin şeir yazması əksər adamlarda qıcıq doğurur. Bunu necə izah eləyə bilərsən?

– Sirr deyil ki, qələm adamlarının əksəriyyəti yaradıcılığa ilk baxışda “asan” görünən şeirlə başlayır, nəsrə sonradan keçirlər. Amma unutmayaq ki, eyni yolu keçmiş dahi Folkner hekayəni “poeziyadan sonra ən çətin janr” sayırdı. Yəni deyirdi hekayə yazmaq nə qədər çətin olsa da, şeirdən çətin deyil. Bu mənada, görünür, nasir kimi püxtələşmiş yazarlar nəsrdən poeziyaya təkrar qayıdanda, sadəcə, tələyə düşürlər. Çünki onların səhvən asan saydıqları poeziya, əslində, nəsrdən qat-qat çətindir. Əlbəttə, janr nisbi anlayışdır, hər şey istedaddan, qabiliyyətdən, bir də ədəbi zövqün keyfiyyətindən asılıdır. Yaxşı nasir ortaya yaxşı bir poeziya nümunəsi qoysa, bu məni qətiyyən qıcıqlandırmaz, eyni zamanda, özünü təsdiqləmiş yaxşı şairin alababat hekayəsini heç vaxt normal qarşılamaram.

– Sən şəxsən mənim çoxdan izlədiyim, qələmindən çıxanları oxuyub zövq aldığım seçmə şairlərdən birisən. Amma günlərin birində xəbər tutanda ki, roman yazmısan, düzü, çox təəccübləndim. Marağımı boğmağa hövsələm çatmadı, sən də sağ ol ki, xahişimi yerə salmadın, hələ çap olunmamış romanı oxumağa verdin. Sənin qədər sözə həssas, söz qarşısında, az qala, xəstəhal məsuliyyət duyan bir şair nəsrə keçməyə necə risk elədi?

– Bayaqkı məntiqlə yanaşsaq, elə bir risk-filan yoxdur, yəni mən asandan çətinə yox, əksinə, çətindən asana keçmişəm. Görünür, bir az da yaşla bağlı olub. Hərçənd romanı başlayanda yaşım altmış yox, deyəsən, qırx idi. İndi baxıram ki, mən onu yazmağa, pozmağa, sonra təzədən yazıb-pozmağa, kəsib-doğramağa nə qədər vaxt sərf eləmişəm. Amma qəti heyfslənmirəm. Əksinə, onda çox rahat idim, prosesdən zövq alırdım, çünki sərbəst işləyirdim. Yəni hikkəsiz-filansız. Heç kəs məndən roman-filan gözləmirdi, necə deyərlər, heç bir öhdəliyim yox idi. Heç öz qarşımda da. Fikir vermişəm ki, son vaxtlar bizdə şeiri də, nəsri də sanki bir-birinin acığına yazırlar. Rəqabət naminə rəqabət. Sanki hərə öz rəqibinə nəyisə sübut etməyə çalışır. Bu mənada, mənim romanım istisnadır.

– Sənin romanın, ən azı, fərqlidir. Özü də hər cəhətdən. Əlyazmanı mənə adsız vermişdin, oxuyandan sonra ona şərti olaraq “Korifey” adı qoydum. İlk təəssürat Tomas Vulf haqqında deyilmiş məşhur sözü yadıma saldı: “O, bütün dünyanı iynə ucunda yerləşdirməyə çalışırdı”. Bəlkə, ona görə ki, bu fikri “Yalqız” romanım barədə özümə də demişdilər. Hər halda, səndə belə bir cəhdi aşkarca duydum...

– Düz tutmusan, qənaətini bölüşürəm. Hə, Folknerin sözüdür: bütün dünyanı bir sancağın ucuna yerləşdirmək cəhdi... Bilirsən, necədir: bu mənim birinci və sonuncu romanımdır. Fəxri Uğurlu ilə söhbətimizdə də demişdim: bir də roman yazanın atasına lənət! İşimdən zövq ala-ala yazsam da, sənə düzünü deyəcəm: roman məni taqətdən saldı. Hamısı da o cəhdin ucbatından. Romanın ilk variantı sən oxuduğun variantdan daha yaxşı, amma həcm etibarilə dörd-beş dəfə böyük idi. Şeytan yoldan çıxartdı, başladım pozmağa, kəsib-doğramağa. O boyda mətni yazmaq mənə o qədər çətin olmamışdı, nəinki pozmaq. Təsəvvür elə ki, ilk variantdakı bircə fikri də kənara atmadan mətnin həcmini beş dəfə qısaltmalı oldum. İşin ən çətini bu idi. Xalis it əzabı! Sanki bədənin çəkisini azaltmaq üçün öz ətindən kəsirsən. Mən buna, sadəcə, məcbur idim, çünki bu ağlasığmaz cəhd özümün yox, personajlardan birinin – dünyanın ən yaxşı əsərini yazmaq istəyən Korifeyin cəhdi idi. Yəni mən bu eksperimentə əl atmasaydım, Korifeyin obrazı yarımçıq qalardı...

– Sən tanıdığım ən qəddar redaktorsan, bilirəm ki, redaktəyə girişəndə heç özünə də rəhmin gəlmir. Nə qədər işlədiyini, yazıb-pozduğunu, düzəlişlər etdiyini dərhal hiss elədim, hətta romanı zövqünə bələd olduğun bir neçə qələm dostuna da oxutmusan. Vasvasılıq sənin köhnə peşəndir. Amma daha bəs eləyər, sənə təcrübəli həmkarın kimi bütün məsuliyyətimlə deyirəm ki, əsərin çapa tam hazırdır, qoy qalanına oxucu özü qiymət versin.

– Düz deyirsən, vasvasılıq mənim canımda-qanımdadır. Özün də bilirsən, həmişə harasa qaçıram, ümumiyyətlə, həyatda hər yerə, hər şeyə tələsirəm, səbrim, hövsələm yoxdur. Bircə redaktə məsələsindən başqa. Səninlə razıyam, həqiqətən, bu “rəndə” prosesi bitib-tükənməz, sonsuz prosesdir.

– Romanda, az qala, əlli yerə parçalanmısan: həm oxucuya qeyri-adi əhvalatlar söyləyib ayrı-ayrı epizodlarla cəlbedici kollaj düzəltməyə, həm bəlli dövrün ictimai-siyasi portretini yaratmağa, həm dəhşətli müharibələrə səbəb olan dini riyakarlıqların mahiyyətini açmağa, həm də Korifeyin örnəyində əsl romanın necə yazıla biləcəyinin kodlarını göstərməyə çalışırsan... İstifadə elədiyin material o qədər zəngin, o qədər çoxşaxəlidir ki, bəlkə, hərəsindən ayrıca əsər yazmaq olardı. Amma sən hamısını bir-birinə qaynaq etməyi elə peşəkarcasına bacarmısan ki, bu işin ilk qələm təcrübəsi olduğuna adamın inanmağı gəlmir. Qəti şübhə eləmirəm: bu roman bütün meydanları tutmuş bizim “həşəmətli və əbədiyaşar” nasirlərimizdə əməlli-başlı qıcıq yaradacaq, qısqanclıq doğuracaq.

– Bəs elə ona görə deyirəm ki, indən belə bir də roman yazmağa girişmərəm: yaxşı roman, həqiqətən, zülüm işdir. Qaldı kiminsə qısqanclığına – söz vermişəm ki, romanın çapından sonra bir də nasirlərin meydanına girib yeri dar eləməyim...

– Elə isə sual öz-özünə yaranır: romanı nə vaxt çap etdirəcəksən?

– Yəqin ki, lap yaxın vaxtlarda. Belə baxanda, çapla bağlı problem yoxdur, nəşriyyat da gözləyir. Di gəl, hər dəfə söz verəndən sonra məsələ yubanıb. Nə isə, sırf texniki məsələdir. Əsas səbəb budur ki, rus dilinə tərcümə variantı müəyyən vaxt apardı. İstəyirdim əvvəl Rusiyada çap olunsun, sonra bizdə. Baxarıq.

– Romanın dili, üslubu haqqında uzun-uzadı danışmaq olar. Amma bir məqamı xüsusi qeyd eləyim: personajların da, onların yaşantıları da mənə həddən artıq yaxın, hətta doğma gəldi. Necə bilirsən, bəlkə bunun səbəbi eyni nəslə mənsub olmağımız, eyni ağrıların, çalxantıların içindən keçməyimizdi?

– Ola bilər. Bunu mənə əlyazmanı oxuyan dostların, az qala, hamısı deyib. Sən personajların çoxunu tanıyırsan, indi onlara münasibətimi də aydınca gördün. Tanış obrazlara münasibət bəzən sənə qəddar görünə bilər, amma bu qəddarlıqdakı səmimiyyət səni inandırdığı üçün situasiyalar da sənə doğma gəlir.

– Obrazların bəzilərini hətta öz adıyla vermisən, adını dəyişdiyin personajların da bir neçəsini çətinlik çəkmədən tanıdım. Amma orası çox yaxşıdır ki, mətndə bədiilik qətiyyən itmir, yəni “sənədliliyə” uduzmur...

– İcazənlə, düzəliş yox, xırda bir əlavə eləyim. Öz adıyla göstərilən Anar, Əkrəm Əylisli, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Alim Qasımov, Paşa Əlioğlu, Fazil Mustafa, eləcə də dünyasını dəyişmiş Əli Kərim, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Elçibəy, Qədir Rüstəmov və digərləri obraz deyil, onlar romanda öz konkret sözü, əsəri, misrası, yaxud hərəkəti ilə iştirak edən şəxslərdir. Korifey isə obrazdır, sən onu çətinlik çəkmədən tanısan da, istənilən halda, obrazdır. Markes deyirdi ki, mənim yaratdığım Patriarx obrazında Samosadan da, Truxilyodan da, Qomesdən də, Frankodan da nə isə var. Amma bütün bu diktatorlar arasında məni ən çox maraqlandıran Qomes olub, personajım da daha çox ona oxşayır. Mən bu fikri ikiəlli dəstəkləyirəm. Mənim Korifeyim ədəbiyyata dahi olmaq iddiası ilə gələn, amma mühitin, şəraitin, şəxsi eqoizmin, mənasız hikkənin, əyyaşlığın, tənbəlliyin, bir sözlə, nəyinsə ucbatından öz böyük potensialını, öz nəhəng talantını reallaşdıra bilməyən yaradıcı insanların ümumiləşdirilmiş faciəvi obrazıdır. Belə uğursuzların yeddisini şəxsən tanıyırdım, sən bəlkə doqquzunu tanıyırsan. O yeddi bədbəxtin hər birindən Korifeydə nə isə var... Başqası bu obrazda sənin tanıdığın adamı yox, öz tanıdığı simanı görə bilər və bu normaldır. Bax ona görə Korifeyin adını, kimliyini açıqlamıram, qoy obraz kimi yaşasın.

– Elə isə, mənim romana qoyduğun “Korifey” adıyla razılaşırsan?

– Ad məsələsi yaralı yerimdir. Necə ki, neçə ildi özümə bir təxəllüs tapa bilməmişəm, romanın da şərti adlarından heç birini seçib qurtara bilmirəm. Sənin məntiqinlə yanaşsaq, onda niyə də kitabın adı “Cahangir Fateh”, yaxud “Eldorado” olmasın? Bilirsən, Korifey əsərdə heç də baş qəhrəman deyil, Cahangir Fateh kimi, Eldorado kimi personajlardan biridir.

– Yeri gəlmişkən, Cahangir Fatehin prototipi kimdir? Bu barədə mənim öz versiyam var, amma istəyirəm sənin dilindən eşidim.

– Kimi nəzərdə tutmusansa, xahiş edirəm, adını mənə demə, elə öz fikrində, öz təxminində qal. Markesin düsturuna qayıdıb, bircə onu deyə bilərəm ki, hər növ inqilabçı düşüncədən onda nə isə var. İstər Rastinyak olsun, istər Raskolnikov. Bu baməzə obrazda Lenindən tutmuş Jirinovskiyə qədər, bir az bəri gəlsək, hətta Nemət Pənahlıya qədər kim nə istəsə tapa bilər.

 

– Bir məsələni də dəqiqləşdirmək istəyirəm: nə qədər peşəkarcasına gizlətməyə, daha doğrusu, mətnin içində ustalıqla əritməyə çalışsan da, mən romanda korifey sənətkarlardan, dünya ədəbiyyatının ən yaxşı ənənələrindən gələn, yaxşı mənada, xeyli təsir gördüm. Öz mətnində sevdiyin, oxuduğun, tərcümə elədiyin yazıçıların təsirini hiss eləyirsənmi? Yoxsa sənə məlum olan üslubların fövqündə dayanmağa cəhd göstərmisən?

– Qısa deyəcəm: sevdiyim sənətkarların hər birinin təsiri var, amma bu təsir mətndə yox, mənim özümdədir. Sən bu təsir məsələsinə toxunmaqda tam haqlısan: axı romanın müəllifi olmaqdan başqa, mən həm də əsərdə bilavasitə iştirak edən, Korifeyin macəralarla dolu həyatına, ağlasığmaz hərəkətlərinə “haqq qazandıran” şərti, adsız obrazam. Aydın olmadısa, bir qədər konkretləşdirim. Romanda paralel qoşa xətt keçir: ədəbiyyatın əbədiyyətə aparan yolunda ideal saydığı Folkneri ötməyə, aşmağa çalışan Korifey və bu yolda Heminqueyi örnək bilən adsız obraz. Müəllif şərti obraz kimi əsərdə yalnız ona görə iştirak edir ki, Korifeyi oxucuya tanıtsın, şərti obrazın müəllif olması isə mümkün deyil, çünki həmin obraz sonda intihar edib. Məsələ bu qədər sadədir. O ki qaldı üsluba – Jül Renarın qulağımda sırğa olan bir sözü var: üslub bütün üslubların yaddan çıxarılmasıdır. Romanı “hər cəhətdən fərqli” edən əsas amil bəlkə elə budur: məlum üslubların fövqündə dayanmağa yox, onları büsbütün yaddan çıxarmağa çalışmışam.

– Söz verdin ki, yaxın vaxtlarda roman oxucuya çatacaq. Mən bir oxucu kimi romanla artıq tanışam, eyni zamanda, bir yazıçı kimi tam məsuliyyətlə deyə bilərəm ki, yaxşı əsər, sanballı roman yazmısan. Necə deyərlər, sıralarımıza xoş gəldin. Amma, hər halda, soruşmaq istəyirəm: necə bilirsən, səni şair kimi sevən oxucu yazıçı kimi də sevəcəkmi?

– Nə gizlədim, yaxın dost və həmkar kimi tərəfinizdən şair qismində yüksək qiymətləndirilmək bəndəniz üçün çox xoşdur. Amma zarafat öz yerində, mən şair kimi heç vaxt populyar olmamışam. Görünür, məxsusi təqdimatlardan, reklamdan, ekran-efirdə tez-tez görünməkdən, həqiqətən, çox şey asılıdır. Boynuma alım ki, bunu gec başa düşmüşəm, yaxud belə şeylərə səriştəm çatmayıb. Düzdür, şeirimi oxuyanlardan həmişə xoş söz və yalnız xoş söz eşitmişəm. Amma bir məsələ var ki, onların sayı azdır. Hər halda, çox deyil. Əvvəllər, bu heç vecimə gəlmirdi, amma indi fərqindəyəm və düzü, bu məni bir qədər məyus edir. Necə olsa, biz oxucu üçün yazırıq, istəyirik min əzabla yazdıqlarımız oxunsun. Hərdən iradlar da eşidilir ki, axı oxucu zəif yazını niyə oxumalıdır? Əlbəttə, haqlı iraddır. Haqsızlıq ondadır ki, bizdə yaxşı əsər də pis oxunur. Bax indi haray çəkiblər ki, bəs demə, yazarlarımız Qarabağdan heç nə yazmır. Mənim Qarabağdan bəhs edən “Əcəl zəngləri – Oğuz boyları” adlı poetik silsiləm on beş il qabaq çap olunub. Oxuyan varmı?! Yadıma salanda əsəbiləşirəm. Lap qoy təvazökarlıqdan-filandan uzaq olsun, amma deyəcəm: bizim ədəbiyyatda Qarabağ haqqında o səviyyədə poema yoxdur, heç on beş il sonra da olmayacaq. Sualına cavab verə bildinmi?! Daha deyəcəyim başqa söz yoxdur, xahiş edirəm, elə bu fikrimi cavab kimi qəbul elə.

Xəbər lenti