Diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) həddindən artıq hərəkətliliklə, yerində durmaq, özünü idarə etmək, diqqəti cəmləmək və davam etdirməkdə çətinlik çəkməklə müşahidə olunan nevropsixiatrik bir pozuntudur. Verilən tərifdən göründüyü kimi, DƏHS-in əlamətlərini 3 qrupa bölmək olar: diqqət əskikliyi, hiperaktivlik və impulsivlikdir.
Diqqəti toplamaqda və davam etdirməkdə çətinlik çəkmək, eyni fəaliyyətlə uzun müddət məşğul ola bilməmək və tez sıxılmaq, tez-tez əşyalarını itirmək, dəftər-kitabını evdə və ya sinifdə unutmaq, verilən təlimatları izləməkdə və tapşırığı bitirməkdə çətinlik çəkmək, tapşırıq yerinə yetirərkən tez-tez səhvlər etmək, bunun üçün zehni əmək tələb edən tapşırıqlardan yayınmaq kimi əlamətlər diqqət əskikliyi problemi ilə əlaqəlidir.
Səbirsiz olmaq, istəklərinin o anda yerinə yetirilməsini israrla istəmək, yox sözünü anlamamaq, davranışının nəticəsini düşünmədən ağlına gələni o an etmək, növbə gözləməmək, davranışlarını idarə edə bilməmək, sualı tam almamış cavab vermək, başqalarının söhbətini bölmək, işlərinə qarışmaq kimi davranışlar isə impulsivlikdən irəli gəlir.
Uşağın həddindən artıq hərəkətli olması, oturduğu yerdən tez-tez durması, oturduğu zaman belə əl-ayağının dinc durmaması, gördüyü hər şeyə toxunması, əlinə alması, hətta söküb hissələrə ayırması, asudə vaxtını sakit, səssiz bir fəaliyyətlə keçirə bilməməsi, çox danışması onun hiperaktiv olduğunun göstəriciləridir.
Bu sindroma sahib olan uşaqların sinif mühitində daha çox diqqət problemlərindən dolayı dərsə fokuslana bilməməsi və dərsdən yayınması, çox danışaraq tez-tez oturduğu yerdən ayağa qalxaraq, ora-bura qaçaraq dərsə mane olması, sinifdəki qaydalara riayət etməməsi, unutqanlıq kimi davranış problemləri müşahidə olunur. DƏHS-in səbəb olduğu bu problemlər dərs mühitinə zərər verməklə birlikdə müəllimə öz pedaqoji bacarıqlarını da sorğuladır. DƏHS-li uşaqların bu cür davranışları və onların yaşadığı çətinliklər ilə başa çıxmaqda müəllimlərin uşağa düzgün yanaşması vacib rol oynayır. Buna görə müəllim bu sindrom haqqında maariflənməli və uşağın yaşadığı çətinliklərə bələd olmalıdır.
DƏHS ilə necə başa çıxmaq olar? DƏHS-li olduğu təxmin edilən uşaq və yeniyetmələr mütləq psixiatr müayinəsindən keçməlidirlər. Psixiatrın yazdığı dərman müalicəsi psixoloqun və ailənin dəstəyi ilə birlikdə daha yaxşı nəticə verəcək. Dərmanla müalicə uşağın məktəb fəaliyyətlərində diqqətini toplamağına kömək edə və impulsivliyini azaldaraq davranış problemlərinin daha az müşahidə olunmasına səbəb ola bilər. Ancaq dərmanla bu pozuntu aradan qalxacaq düşüncəsi yanlışdır. Burada psixoloji işin də əhəmiyyəti çox böyükdür. Belə bir diaqnoz qoyulan uşaqlarda uğursuzluq zamanı zəif psixoemosional davamlılıq, özünəinamsızlıq, aşağı özünüqiymətləndirmə, zəif özünənəzarət, sadə sosial fobiyalar, kobudluq, aqressiv davranış, asılılığa meyillilik müşahidə olunur.
Psixoloq sistemli şəkildə bu problemlərin korreksiyası ilə məşğul olmalıdır. İlk olaraq diqqətin korreksiyasından başlamaq lazımdır. Müəllim və valideynlər də bilməlidirlər ki, diqqət inkişaf etdirilmədən uşaqdan sakit, qeyri-impulsiv olmasını gözləmək doğru olmaz. Çünki hiperaktiv uşaq üçün eyni zamanda həm diqqətli və sakit olmaq, həm də davranışlarını idarə etmək çətindir. Onların sinir sistemi gərgin olduğu üçün relaksasiya və nəfəs texnikalarının əhəmiyyəti nəzərə alınmalıdır. Yaxşı olar ki, müəllimlər sinifdəki bütün uşaqların gərginliyini azaltmaq üçün dərs saatı ərzində relaksasiya texnikalarından istifadə etsinlər. Bundan əlavə, diafraqma ilə nəfəs almağı və nəfəsə nəzarət etməyi öyrənmək üçün nəfəs məşğələləri etmək həm onların fiziki, həm də emosional sağlamlıqlarına müsbət təsir edəcək.
Diqqətin korreksiyası üçün sinifdə oynaya biləcəyiniz oyunlar
“Müəllim” – Məktəblilərin əksəriyyətində müəllim roluna girmək istəyi olduğu üçün onlar bu oyunu çox bəyənəcək və həvəslə oynayacaqlar. Siz isə pis şagird olmalısınız. Kağıza kitabdan bir mətn köçürərək “dərsə hazır olun”. Əgər yazı xəttiniz aydın deyilsə, mətni çap etməyiniz daha məsləhətdir. Yazdığınız mətndə bir neçə səhvlər buraxmalısınız ki, müəllimləriniz onu düzəltsinlər. Sadəcə, punktuasiya və orfoqrafik səhvlər etməyin. Müəyyən hərfləri, şəkilçiləri dəyişdirə və yaxud ötürə bilərsiniz. Mətndə mövzuya uyğun olmayan sözlər də əlavə etmək olar. Uşaqlar səhvlərinizi yoxlayıb bitirdikdən sonra onlara sizə qiymət yazmalarını təklif edin.
“Tut-tutma” – Siz bir söz deyirsiniz və topu uşağa atırsınız. Əgər dediyiniz söz müəyyən edilmiş mövzuya aiddirsə, uşaq atdığınız topu tutmalıdır. Əks təqdirdə, topa toxunmamalıdır. Oyunda bu mövzuları seçə bilərsiniz: meyvədir – meyvə deyil, nəqliyyat vasitəsidir – nəqliyyat vasitəsi deyil, uçur – uçmur və s.
Bu oyun həm diqqəti, həm də ümumi nəticə çıxarmaq qabiliyyətini və eşidilən məlumatı nəzərdən keçirmə sürətini artırır. Uşağın intellektual inkişafını təmin etmək məqsədilə istifadə olunan söz kateqoriyaları müxtəlif mövzularda olmalıdır. Təkcə məişət və tez-tez istifadə olunan sözlərlə kifayətlənməyin.
“Mən çox diqqətliyəm” – Uşaqlardan biri aktyor, digərləri isə onun rəqibləri olsun. Aktyor öz rolunu icra edərkən (məs, diqqətlə kitab oxumaq, televizor izləmək və s.) rəqibləri ona mane olmağa, diqqətini yayındırmaq məqsədilə onu təəccübləndirməyə, lətifələr danışıb güldürməyə çalışsınlar. Ancaq heç kimə aktyora toxunmağa icazə verilmir. Aktyor özü də müəyyən qaydalara əməl etməlidir. O, gözlərini bağlaya və qulaqlarını tuta bilməz. Rejissor (müəllim, ya da uşaqlardan biri) “Stop!” deyən kimi oyun dayandırılır. Oyun bitdikdən sonra aktyordan müsahibə götürmək olar. O, müsahibədə hansı yolla diqqətli olmağı bacardığını, onlara necə fikir vermədiyini danışa bilər.
“Hindu qəbiləsi” – Hindular haqqında məlumat verdikdən sonra oyuna başlamaq olar. Hinduların əsas keyfiyyətlərini müzakirə edin: təbiətə yaxınlığı, ətrafda baş verənləri eşitmə, görmə qabiliyyəti. Hinduların çox diqqətli olmalarının və lazımi səsləri vaxtında eşidə bilmələrinin döyüş və ov zamanı onlar üçün nə qədər zəruri olduğunu vurğulayın. Oyun üçün motivasiyanı yaratdıqdan sonra onlara belə bir oyun təklif edin: uşaqlar gözlərini bağlayıb otaqdan və kənardan gələn səsləri eşitməyə çalışmalıdırlar. Oyunu daha maraqlı etmək üçün səsləri özünüz də yarada bilərsiniz. Uşaqlar səsin haradan və nədən gəldiyini tapmalıdırlar.
İradənin korreksiyası üçün oyunlar
“Susuram, pıçıldayıram, qışqırıram” – Hiperaktiv uşaqlar öz nitqlərini idarə etməkdə çətinlik çəkirlər və adətən yüksək səslə danışırlar. Bu oyun onlara nitqlərini daha rahat tənzimləməkdə kömək edəcək. Uşaqlar astadan, ucadan danışmaq və yaxud susmaq lazım olduğunu sizin işarənizlə başa düşəcək. Bu işarələri əvvəlcədən ortaq qərarla seçin. Məsələn, işarə barmağını dodaqlara yaxınlaşdırmaq – susmaq və tərpənməməyin əlaməti olsun. Əlləri başın arxasına qoymaq – yavaş hərəkət etmək və astadan danışmağı, yuxarıya qaldırılmış əllər isə ucadan danışmaq, qışqırmaq və qaçmağı işarə etsin. Başqa məşğələlərə keçid zamanı qıcıqlanma səviyyəsini aşağı salmaq üçün bu oyunu “susuram və pıçıldayıram” mərhələsində tamamlamaq məsləhətdir.
“İşarə ilə danış” – Uşağa sərbəst suallar verirsiniz. O, yalnız sizin işarənizi gördüyü halda cavab verə bilər. Məsələn, müəllim sualı verdikdən sonra başını qaşıyırsa, uşaq bu sualı cavablandırmalıdır. Bu işarəni görmürsə, sualı cavablandırmamalı və susmalıdır. Bu oyunla əlavə məqsədlərə də çatmaq olar. Uşağın maraqları, həvəsi və arzuları barədə maraqlanmaqla onun özünüqiymətləndirməsini artırmış olursunuz. Eyni zamanda, keçilən dərsə aid suallar verməklə öyrəndiklərini möhkəmləndirmiş və iradəsini gücləndirmiş olursunuz.
“Heykəltəraş oyunu” –davranışları idarəetmə bacarığını artıran oyunlardan biridir. Uşaqlar istədikləri kimi hərəkət edirlər. Aparıcı heykəltəraş dediyi an onlar heykəl kimi dayanmalı və hərəkət etməməlidirlər. Bu oyunu musiqidən də istifadə edərək oynamaq olar. Musiqi çalınan müddətdə uşaqlar rəqs etməli, siz musiqini dayandırdığınız zaman yerlərində donub qalmalıdırlar.
“Toxunma” – Bu oyun gərginliyin aradan qaldırılmasıına və toxunulmaqla duyula bilən həssaslığın artmasına kömək edir. Ayrı-ayrı materiallardan hazırlanmış əşyalar toplayın. Bu, parça, şüşə qablar taxtadan hazırlanmış müxtəlif əşyalar, pambıq, kağız və s. ola bilər. Həmin əşyaları uşağın qarşısında masa üzərində düzün və onları nəzərdən keçirməli olduğunu bildirin. Sonra gözlərini bağlayın və bu vəziyyətdə ehmalca onun əlinə toxundurduğunuz əşyanı tapmasını istəyin. Əşyanı uşağın əlindən başqa yanağına, boynuna, dizinə də toxundurmaq olar. Toxunmalar ehmalca və nəvazişli olmalıdır.
“Əsgər və gəlincik” – Bu oyun, eyni zamanda, uşaqların diqqətini və özünüidarəetmə bacarığını inkişaf etdirir. Əvvəlcə müəllim uşaqlardan əsgərin kim olduğunu, necə göründüyünü, necə salam verdiyini soruşur. Uşaqlar əsgər kimi dimdik, möhkəm dayandıqdan sonra müəllim gəlinciyin necə olduğunu, əgər gəlincik olsaydılar, ayaqüstə necə dura biləcəklərini soruşur. Bu səfər uşaqlar əl-qollarını, ayaqlarını, gövdələrini boş saxlayıb yellədərək gəlincik kimi durmalıdırlar. Bundan sonra uşaqlar verilən komandaya uyğun olaraq ya bədənlərini əsgər kimi möhkəm saxlamalı, ya da gəlincik kimi rahat olmalıdırlar.
“Top və nasos” – Bu texnikanı həyata keçirməzdən əvvəl müəllim bütün uşaqların nasosdan nə üçün və necə istifadə edildiyini bilib-bilmədiyindən əmin olmalıdır. Əgər uşaqlar nasosun nə olduğunu bilmirlərsə, müəllim şəkil və ya video vasitəsilə uşaqları nasos ilə tanış edə bilər. Uşaqların məlumatı varsa, artıq oyuna keçid etmək olar. İlk olaraq müəllim “boş top olur”. Uşaqlardan biri bu xəyali nasos ilə topu doldurmalıdır. Nasosu işə saldıqca top yavaş-yavaş şişir və gərginləşir (müəllim yavaş-yavaş ayağa qalxır, ayaq barmaqlarının üstündə durur, qollarını qaldırır, bədənlə birlikdə yanaqlar da şişir). Daha sonra uşaqlar cütlər halında yerlərini dəyişməklə bu oyuna davam edirlər.
Yuxarıda verilmiş relaksasiya texnikaları, eyni zamanda, uşaqların diqqətini və davranışlarını, bədənlərini idarəetmə bacarıqlarını artırır.
Nələrə diqqət etmək lazımdır:
Cəmilə Həsənova
ARTİ MDPİM, Əlavə təhsilin məzmunu şöbəsinin mütəxəssisi