Kulis.az Maria Fernanda Ampueronun “Məsih” hekayəsini təqdim edir. Maria Fernanda Ampuero 14 aprel 1976-cı ildə Ekvadorun Quayaquil şəhərində anadan olub. Feminist yazıçı və jurnalistdir. "Pelea de gallos" adlı ilk qısa hekayələr toplusu 2018-ci ildə nəşr olunub. Bu kitab "The New York Times"ın İspan nəşri tərəfindən 2018-ci ilin ən yaxşı 10 kitabından biri olaraq seçilib.
Hekayə müəllifin azərbaycan dilinə çevrilmiş ilk mətnidir.
Hər şey körpə olan qardaşımın qızdırmasının qalxması ilə başladı. O qədər uzun müddət idi məktəbə getmirdim ki, artıq özümü heç getməmiş kimi hiss edirdim. Sanki doğulduğum gündən etibarən bütün işim-gücüm qardaşıma qulluq etmək idi. Anam işə gedəndə evdə qalırdım, ona hər saat bir qaşıq çəhrayı şərbət, dörd saatdan bir isə rəngsiz şərbət verirdim. Anam ad günümdə mənə rəqəmləri böyük olan saat hədiyyə etmişdi. Körpə quş kimi idi, çox yüngül idi. Bəzən qucağımda əzilmiş salfet kağızı gəzdirdiyimi düşünürdüm.
Qardaşım heç gülməzdi. Gözlərini nadir hallarda açardı. Bir gecə anamın dostlarından biri onun ağlamasına dözə bilməyib hamamın qapısını yumruqladı.
O, anama dedi: “Onun ağzını bağla! Susdur o lənətə gəlmiş məxluqu. Əgər qancıq olmasaydın, belə məxluqu dünyaya gətirməzdin. Onu bədbəxtliyindən qurtar!”. Davamlı olaraq belə söyüşlər yağdırıb, qapını yumruqlayırdı. Qardaşımı və anamı vurmaqdansa hamamın qapısını yumruqla vurması daha yaxşı idi. Amma anamı da bir az yumruqladı...
Anamın bu dostunu bir də görmədik, çəhrayı dərmanı və rəngsiz dərmanı almaq getdikcə çətinləşdi, anam bir az qaynar su ilə şərbətləri çoxaltmağa başladı.
Anam qardaşımın hərarətini ölçəndə yumruqlarını sıxırdı. Yenidən barmaqlarını açanda ağarmışdı. Termometri havada silkələyib işığın altında tutub ona baxandan sonra anam səs-küy saldı. Dilini dişlərinə sürtərək çıxardığı kiçik bir səs. Anamın çıxartdığı heç bir səs körpənin daha yaxşı olduğunu demirdi mənə...
Bəzi həftə sonları anam məni babamın yanına göndərirdi. Babam Fernando məni ölmüş anası Rozitanı ziyarət üçün qəbiristanlığa aparırdı. Sonra vanilli dondurma ilə Coca-Cola içmək üçün La Palmaya gedirdik. Babası ilə gəzən bap-balaca qız.. Donlu... Qardaşı və ya bacısı olmadan. Tək uşaq. Dəcəl. Zaman su kimi axardı və bazar ertəsi gələrdi.
Bir gün günortadan sonra "Ağacdələn Vudi"yə baxarkən qardaşım ağlamağa başladı. Mən gedib baxmadım. Çəhrayı şərbətin vaxtı idi, amma gedib ona baxmadım. "Ağacdələn Vudi"yə baxmaq istədim. Bütün hissəyə tam olaraq. Həyatımda bir dəfə böyük rəqəmləri olan saata baxmadan, o böyük plastik qaşıqla şərbəti ölçməyə çalışmadan, körpəyə şərbəti uddurmağa çalışmadan, üstüm o yapışqan, qoxulu şərbətə bulanmadan bütöv şəkildə epizodları izləmək istədim. Qardaşımın ağlamasını boğmaq üçün Vudi kimi yüksək səslə, çox yüksək səslə güldüm.
Bir müddət sonra epizod bitdi və dərhal sonra “Daş dövrü” başladı. Ona da baxdım.
Körpəni görməyə gedəndə onun qışqırıqları kəsilmişdi. Mən ona toxundum. Əlimi yanan şama toxundurmuş kimi hiss etdim. Mən qonşuya zəng etdim, qonşu anamı çağırdı.
"Qardaşınıza çəhrayı şərbətinizi verdiniz?". Başımı tərpətdim.
Həkim bizə yaşıl şərbət və şam göndərdi.
Anam mənə şamı necə istifadə edəcəyimi göstərdi. Mən bunu etmək istəmirdim. Qardaşım taksinin vurub, sonra ölümə tərk etdiyi balaca qəhvəyi it kimi qışqırırdı. İtin bağırsaqları səkiyə tökülmüşdü. Qardaşım da onun kimi qışqırdı.
Çəhrayı, rəngsiz, yaşıl, şam.
Ertəsi gün biz qardaşımı babamgilin yanına qoyub Kristo del Konsuelo kilsəsinə getdik. Kilsə qaradərililərin məhəlləsində idi, yəni, qadağan olunmuş məhəllədə idi. Anamla mən Coca-Colada üzən iki top vanilli dondurmanı xatırladırdıq.
Böyük bir qara qadın anama inancını itirməməyi məsləhət gördü. “İnanın, Donita. İsa möcüzələr göstərəcək”. Sonra anamdan pul, bir az qəpik-quruş istədi. Niyə İsadan istəməmişdi ki? Əgər İsa möcüzələr etmək gücünə malik idisə, o qadın avtobus pulu olmadığı üçün piyada getməli olmaz, bizim kimi yoxsul, səfil olmazdı, pul içində üzərdi.
Qara qadın İsanın qəhvəyi paltarından asmaq üçün anama kiçik bir cır-cındır içində kukla satdı. Kilsəyə girəndə gördük ki, yer bu kiçik cındır kuklalarla doludur. Əlbəttə ki, o, kiçik ürəklər, kiçik ayaqlar, kiçik qollar, kiçik başlar və başa düşə bilmədiyim daha bir çox üzvlərlə dolu idi. Əlbəttə ki, fotoşəkillər, kartlar, rəsmlər ilə. Kartlardan birində yazılmışdı, Tanrı mənə kömək olsun, mənim doqquz yaşım var və xərçəng xəstəsiyəm.
– Ana, İsa bütün bu körpələrin içindən hansının mənim qardaşım olduğunu necə bilir? – anamdan soruşdum.
– O, çox ağıllı olduğu üçün bilir.
İçəridə çox qəribə bir qoxu var idi. Yaşlı adamlardakı kimi, toz kimi, günlərlə saçımı yumadığımdakı kimi, istidən öldüyümdəki kimi, elektrik kəsilən zaman olduğu kimi qoxu gəlirdi. Mən getməmişdən əvvəl anam boş bir şüşə Los Andes ketçup şüşəsi çıxarıb krandan doldurdu.
– Gözəl sudur, İsanın müqəddəs suyu – dedi.
O, mənə bir qurtum verdi, amma suyun müqəddəs dadı yox idi, dadı ketçup kimi idi və bir az da paslı idi və mən öz-özümə fikirləşdim ki, ketçup suyu möcüzələr yarada bilməz - eynən ketçup şüşəsinin dibini gördüyümüz ayın sonunda düyümüzə tökdüyümüzdə olduğu kimi heç nəyə oxşamır. Müqəddəs su karamel kimi qoxmalı idi, ikiqat burqer menyusu qoxusunu daşımalı idi. Kasıb adamlar kimi qoxusu olmamalı idi.
Ağzımdakı o axmaq dadla dünyaya onların yanıldıqlarını, burada yeganə möcüzənin şirəli ketçup iyi verən İsanın paltarına yapışdırmaq üçün balaca əzalar və balaca bədənlər satan bu qadının olduğunu dünyaya qışqırmaq istədim. Mənim kiçik qardaşım orada qaldı, daha doğrusu o, kiçik cındır gəlincik kimi qaldı, ətrafında yüzlərlə kiçik cır-cındır kuklalar da elə onun kimi tük ürpədici idi: başlar, qollar, ayaqlar və ürəklərlə birlikdə. Sanki partlayışdan sonra ətrafa səpələnmiş kimi.
Anam qəflətən qəzəblənərək “Uşaq burada qalacaq” dedi.
Evə qədər ağladım, çünki anladım ki, anam da nə etdiyini bilmir. Evə çatanda anam qardaşıma o sudan içirtdi və bir azın da başına tökdü. Qardaşım gözlərini və dişsiz ağzını açdı. Nəhayət, o, bizə gülümsədi.
Növbəti həftə onun üzündə yaranan eyni təbəssümlə onu kiçik bir ağ qutuya qoyduq. Qonşumuz bizim üçün ianə yığmışdı ki, bu qutunu ala bilək.
Mən məktəbə qayıtdım. Budur yenə dördüncü sinifdəyəm, hamıdan böyüyəm və heç bir dostum yoxdur.
Məndən qardaşım olub-olmadığını soruşduqda, Kristo del Konsuelodakı xalatdan asılmış balaca körpəni düşünürəm və deyirəm ki, yox, qardaşım yoxdur.
Mən izah etsəm də, onlar heç nə başa düşməyəcəklər.
Tərcümə etdi: Nargis