Kulis.az Mahir N. Qarayevin tərcüməsində Anri Abrilin “Ölüm” silsiləsini təqdim edir.
“Ulu nənəm Puerto-Rikolu zənci qadın idi; anarxist babam onun mulat qızını qaçırıb İspaniyaya aparmışdı. Nəslimizdə mavr və yəhudilər də var. Franko vətəndaş müharibəsini udandan sonra valideynlərim İspaniyadan sürgün edildi və mənim qismətimə 1947-ci ildə Paris civarında doğulmaq düşdü...
Poeziyanı mənə sevdirən Lorka və Eluar olub; elə o vaxt səkkiz yaşımdaca ilk şeirimi yazdım. Verlibri Apollinerdən və sevimli üçlüyümdən – Laforqdan, Rembodan və Korbyerdən əxz etdim. 18 yaşımda poetik dünyasına vardığım Valyexonun tilsimindən bir də 1980-ci ildə – ilk kitabımın çapından sonra qurtula bildim. 1983-cü ildə isə Parisdə Lermontova həsr etdiyim “Nərildəyən Pələng” adlı ikinci kitabım nəşr olundu...
Parisdə litseyi, Moskvada filologiya fakültəsini bitirib eyni kursda oxuduğum ukraynalı qızla evləndim və namizədlik dissertasiyası götürüb qədim slavyan dili ilə ciddi məşğul olmağa başladım. Amma tən yarı yolda dissertasiyanı kənara atdım – əski slavyan dilinə aludə durumda qəfildən dərk etdim ki, akademik elm məni zəli kimi sormaqda, içimdəki poeziya odunu söndürməkdədir. Bu atəşi közərtmək üçün tərcüməyə girişdim – 1993-cü ildə çapdan çıxan üçüncü kitab yaradıcılığımda yeni mərhələnin başlanğıcı oldu. Ukrayna və Litva şairlərini, Puşkindən Bloka, Pasternaka, Mandelştama, Svetayevaya, Axmatovaya, Tarkovskiyə qədər xeyli rus şairini və əlbəttə ki, Lermontovu fransızcaya çevirdim. Moskvada çapdan çıxmış “Russkie stixi” kitabındakı yeni şeirlərimi isə, elə adından da göründüyü kimi, rus dilində yazmışam. Çarə nədir? Özümdən asılı olmadan, aralarında çarmıxa çəkilib qaldığım üç vətənim var – İspaniya, Fransa və Rusiya...”
Anri Abril
ÖLÜM
ölüm
hərdən-hərdən ləngiyir nəsə
ömürün
hansı bir döngəsindəsə
***
şair tanıyıırdım
çox ehtirasla
vurulmuşdu ölümünə
bir ölümsüz misra
yazmadan belə
***
ölümün
ilan-qurbağa xətti
göy üzündə süzən
oxu andırır
hərdən də elə bil
göylərdən bezən
yorğun durnadır
***
ölülər də
əlbəttə ki düşünür
dərd edib dərk edərək
həyatın iç üzünü
di gəl bunu heç kəs
heç zaman dillənib dilə gətirməz
***
ölərkən
çiçəyi düşünür kəpənək
dirilmək umuduyla
ölür gün
özüylə aparır öz kölgəsini
insan ölərkən
***
fransız georges peres
iri bir roman yazdı
e hərfli
bir söz də işlətmədən
(roman eləcə də adlanır: itmə)
səd heyf
kitabın üz qabığında
müəllifin adı qaldı yenə də
fəqət sonra ölüm vardı
varıb apardı
artıq olan
axırıncı dörd e ni də
***
ölümə kim deyər: sən
adicə bir ləçərsən –
yoxsul olsun ya varlı
şikəst ya qoluzorlu
ağına-bozuna baxmadan
döşənirsən altına
sözlərsə heç zaman
macal da tapmır ki toxunsun ona
***
ölümünü
qar üstdə
kölgətək çızmışdı o –
bircə yol duymadan ki
hələ körpəliyindən
kətandan ağ qar kimi
ayağının altında xışıldayır ölümü
***
ölümün dənizində
bir sükansız gəmitək
üzəsən asta-asta…
***
kimisi gedir
baxışlarında ömür nişanı
həyat qaşqası
gedir bir başqası da
dodaqaltı deyinə-deyinə
ya da
kilsə kandarındakı kimi uzalı əllə
fəqət hər birisinin
rahat uçsun deyə
ruhları göyə
incəlmişdi
nazilmişdi dərisi
***
ölümünü neçə yol
yuxuda görmüşdü o –
ot üstdə cırcırama
axına qarışan daş
simsiz hava sayağı
ölümə qovuşunca
ömrü girdi yuxusuna –
solğun ot
su altda daş
səssiz bir sim sayağı
***
ölüm ərəfəsində
əgər yalan deyilsə
adamın öz uşaqlığına dönməsi
onda mən ola bilsin
donunun altından
tumanı ağaran
qızcığazın dalınca
ağaca dırmaşan yerdə öləcəm
***
var və vardı haqqında
danışıram mən
bir də lifdən
hörülmə kələfdən
dilim
söz açır ölümdən
ölüm
düşmür dilimdən