Kulis. az Ülvi Bahadırın “Şumaxerin azərbaycanlı oxşarları” yazısını təqdim edir.
Son illərdə təəccüb hissimi itirməyimin səbəblərini araşdıra-araşdıra işə gəlirdim. Başımı qaldırdım ki, budu ha, yenə küləklər şəhərinin xoruzunu veriblər qoltuğuna. Hər tərəf hasar, dəmir-dümür. Necə deyərlər, hasarlar keçdi səndən...
Bəs yaxşı, bu boyda həngamə nəyin üstündədir?
Təbii ki, Formula 1.
Heç vaxt sevə bilmədim bu tip yarışları. Çox mənasız şeydir. Maşınlar yanından çox sürətlə gəlib-keçir, heç görə də bilmirsən ki, hardan gəlib hara gedir. Bizə bu mənzərə çox tanışdır. Bizim də maaşlarımız eyni sürətlə gəlib-gedir, hətta bəlkə də daha sürətli...
Ancaq simpatiyamın olduğu yarışçılar da var. Məsələn, Şumaxer, Senna və s...
Şumaxer 2013-cü ildə xizəkdə qəzaya uğrayıb komaya düşəndə xeyli təəssüflənmişdim. Niyəsə sırf onun yarışlarını xüsusilə izləyirdim. Böyük adamları itirmək həmişə ağır gəlib mənə...
Həmişə düşünmüşəm ki, ölkədəki heç nə bizə xidmət eləmir. Yaradılan şərait də turizm və turistlərə hesablanır. Bizə qalanlar isə bir müddətlik yellədiyimiz balaca bayraqları yerdən yığışdırıb ziblliklərə atmaq, sonra qabağında tikilmiş süni qala divarlarının arxasında kölgələnmək...
Bölgələrə gedəndə siz də görmüş olarsınız, o arxası cəmdək iyi verən geydirmə divarları... Şərq insanını da belə banallıqla idarə eləyirlər. Baxır və “dünyanın ən qədim xalqı” olması ilə fəxr eləyir. Əslində isə qalanın arxasındakılarıq... Platonun mağarasının sakinləri... Kölgələrinə sığındığımız şou isə davam edir...
O gün Fernanda Meyreleşin “Tanrının şəhəri” filminə bir də baxdım. Kölgədəkilər ağrısını, sızıltılarını, ancaq heç nəyə baxmayaraq qəlblərindəki ümid işartısını bir daha dərindən duydum.
Şumaxerlə biz bir-bizimizə çox bənzəyirik. O da komadadır, müasir insan da. Daha doğrusu, sanki kimlərsə hərəkət və davranışlarımızı tənzimləyir. Müasir texnologiya insanın duyğuların, ürəyindəkilərdən artıq hər şeyi bilir və sənə ona uyğun məhsullar təqdim eləyir. Dəfələrlə şahidi olmuşam, dostlarla hardasa otururuq, söhbətləşirik, sonra sosial şəbəkələri açırıq ki, nə danışmışıqsa, qabağımıza ona uyğun informasiyalar çıxır.
Adamlar robot kimi dolaşır küçələrdə. Gözləri, baxışları hərəkətsiz... Jest və mimikaları eyni... Bilirsən ki, adamlar indi neyləyəcəklər. Deyəsən, qorxduğumuz başımıza gəlir.
Gözlənilməz adamlar sürətlə azalır. Heç vaxt hərəkətlərini təxmin eləyə bilmədiyim və bundan dəruni həzz aldığım adamlar da artıq özlərini “yığışdırıblar”. Yüz ölçüb, bir biçirlər. Özlərindən, təbiətlərindən uzaq düşüblər.
Əvvəllər gözlənilməz qonaqlar olurdu. Bizə gələnlərin çoxu elə idi. Bir də pəncərən baxanda görürdün ki, filankəsgil gəlir. Nə qədər deyinsən də, evə bir hərəkət, canlanma gəlirdi.
Mən özüm də gözlənilməz görüşləri sevərdim. Qəfil yadıma düşürdü, gedirdim bir gün ora, bir gün bura.
İndi azalmasının səbəbi kimi işi göstərirlər. Deyirlər ki, işlər çoxdur, artıq evdə qadın da, kişi də işləyir və s. Ancaq, məncə, əsas səbəb bu deyil. Əsas səbəb maddiyyatçılığın artmasıdır.
Mənim qəfil ziyarətlərimdə məqsəd söhbət eləyib eynimi açmaq, rahatlamaq idi. Düşünmürdüm ki, görən nə bişiriblər, ay nə bilim, niyə ucuz konfet qoyublar-filan. İndi belə deyil. Hər şeyin hesab-kitabını aparırıq. Demirəm ki, əvvəllər belə adamlar olmayıb. Olub!.. Ancaq bu qədər olmayıb, canım üçün.
İndi o adamlar axışıb-gəliblər Badi-kubəyə... Böyük şəhərlərin ilanudanı onların gözlənilməzliyi çəkib bığına... Burda sadəcə yaşamaq üçün mübarizədir. Yırtıcı, amansız mübarizə...
Həə, indi deyə bilərsiniz ki, ay qardaş, Şumaxer hara, qala divarları hara, gözlənilməz qonaqlar hara? Əslində arif adamlar hər şeydən agahdır.
Gözəl olan hər şeyimiz Şumaxer sürəti ilə keçib-getdi bilinməzliyə...Ruhumuzu, qəlbimizi boşaltdılar, sonra da qabağımızda hasarlar, divarlar çəkdilər. Arabir yoxluğumuzun qabağından işıq sürətilə ötüb-keçirlər...
Biz artıq bayraq yelləmirik. Biz özümüz bayrağıq, üstündə bayraq olan köynəyik... Asfaltlarda, hasarlarda küləklənirik...