Logo

Bir əlində avtomat vardı, birində qələm - Şair qəlbli diktatorlar

25.11.2023 23:03 279 baxış
IMG

Poeziyanı hardasa insan ruhunun məlhəmi kimi də qəbul etmək olar. Bununla yanaşı, nə qədər paradoksal olsa da, şeiriyyət həm də qəddar tiranların sevdiyi bir incəsənət növüdür. Lap qədim zamanlardan müasir dövrə qədər diktatorlar şeir yazmağa həvəsli olublar. Buna səbəb nə ola bilərdi? Bəlkə də, onlar bununla günahlardan təmizlənəcəklərinə ümid ediblər?

Beləliklə, “şair qəlbli” diktatorlardan bəzilərini təqdim edirik:

NERON

Məşhur "qualis artifex pereo" ifadəsinin müəllifinin Romanın beşinci imperatoru Neron olduğu söylənilir. Bu ifadə hardasa "necə böyük bir sənətkar ölür, mənimlə birlikdə" anlamındadır.

Neron Yulilər-Klavdilər sülaləsinin nümayəndəsidir. Hakimiyyəti dövründə repressiya və talanlarıyla cəmiyyətin müxtəlif təbəqələrinin etirazına səbəb olub.

Neron teatr tamaşalarından həzz alırdı. Oxumağa xüsusi maraq göstərsə də, səsi zəif və cır idi. Bununla belə, kütlə qarşısında çıxış etməyə çox həvəsliydi. Neron özünü böyük aktyor sayırdı. O, teatrda aktyorluq etməklə yanaşı, mahnılar oxuyar, yazdığı şeirləri söyləyər, rəqs edər, olimpiya oyunlarına qoşular, hətta qladiatorlarla döyüşərdi. Təbii ki, qatıldığı bütün yarışlarda nə qədər bərbad görünsə də, imperator olduğu üçün hər dəfə qalib elan edilərdi. Neron üçün imperatorluğun ən xoş tərəfi də bu idi. Bunu özü də etiraf edirdi: “Oyunlarda iştirak etməyi, əylənməyi imperatorluğu idarə etməkdən daha çox xoşlayıram”.

MUSSOLİNİ

İkinci Dünya Müharibəsində faşist İtaliyasının rəhbəri olmuş Mussolinin şeirləri olduqca bayağı idi. Onun bioqrafı Riçard Bosvortun dediyinə görə, əcnəbi əsilzadələr Mussolinini ziyarət edən zaman həmişə masasının üstündə tanınmış şairlərin kitablarını görərmiş. Amma sonralar yazdığı şeirlərində, – Mussolininin nasional-sosialist gəncliyininin ideyalarından uzaqlaşdığı hiss olunur.

STALİN

İosif Vissarionoviç Stalin tarixin yaddaşında müharibənin qalibi olmaqla yanaşı, həm də diktator, milyonların qatili kimi qalıb. Amma gənc yaşlarında o, ara-sıra şeirlər də yazırdı.

Gənc İosif şeirlərini təhsil aldığı ruhani seminariyasında tətbiqinə qadağa qoyulmuş gürcü dilində qələmə alırdı.

Bu şeirlər XIX əsrin 90-cı illərində gürcü mətbuatında görünməyə başlayır və gürcü ədəbiyyatının klassiki İlya Çavçavadze tərəfindən yüksək qiymətləndirilir. Bəzi mütəxəsislər isə onun şeirlərinin mövzusunun çox bəsit olduğunu və gündəlik həyatdan – Qori seminariyasından, valideynlərindən, atasının masa arxasında dostları ilə etdiyi söhbətlərdən götürüldüyünü yazırdılar. Əslində belə deyildi, həmin şeirlərdə dərin məna gizlənirdi. Stalinin şeirlərində səmada rəqs edən, şəfəq saçan Aydan, təbiəti oyadan gözəlliklərdən, şairin göylərə can atan ruhundan söz açılırdı. Hətta onun "Dila" ("Səhər") şeiri gürcülərin “Ana dili" kitabına salınıb. Həmçinin onun gürcü şairi R.D. Eristaviyə (1824-1901) həsr etdiyi şeiri 1907-ci ildə nəşr olunmuş gürcü ədəbiyyatı müntəxəbatına daxil edilib.

Nəhəng sovetlər ölkəsinə rəhbərlik etdiyi dövrdə isə Stalin bir vaxtlar şairlik həvəsində olduğunu xatırlamağı sevməzdi. Bu səbəbdən onun geniş tərcümeyi-halında bu barədə yazmaq qəti qadağan idi.

 

İosif Stalinin şeiri

Evdən-evə, darvazadan-darvazaya keçib

yad qapıları döyürdü bir-bir.

Əlində palıd ağacından düzəlmiş əsa,

dodaqlarında məsum mahnılar.

Oxuduğu mahnı Günəş qədər təmiz idi.

Böyük həqiqət səslənirdi o mahnıda,

nəhəng arzu səslənirdi...

Daşa dönmüş ürəkləri də

döyündürə bildi o mahnı.

Çoxlarının

qaranlıqda mürgüləyən ağlını oyatdı...

Amma o torpağın adamları

şöhrət əvəzinə

bardaqda zəhərli su verdilər ona.

Dedilər: "İç, lənətə gəlmiş,

iç bunu son damlasınadək.

Sənin mahnın bizə yaddır,

həqiqətin də eləcə...”

YURİ ANDROPOV

Stalinin davamçısı kimi qəbul edilən SSRİ-nin rəhbəri Yuri Andropov da bürokratikliyi romantik üslubla birləşdirmişdi. Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə həyat yoldaşına sevgi şeirləri yazmaqla yanaşı, dissidentləri təqib edir, Macarıstan üsyanını amansızlıqla yatırırdı. Özbək şairi Həmid İsmayılov Andropovun şəxsiyyətini səciyyələndirən belə bir hadisəni danışır: Andropovun məruzəsini hazırlayanlardan biri ad günü münasibətilə ona açıqça göndərir və zarafatla belə bir ifadə yazır: "Hakimiyyət insanları korlayır". Bu fikrə Andropov nəzmlə olduqca sərt cavab verir:

Bir yaramaz fikirləşmədən

Ağzından belə bir söz qaçırmış:

“Hakimiyyət insanları korlayır”

İndi özünü “alim” sayan hər kəs

O deyəni təkrarlayır.

KİM ÇEN İR

Qatı stalinçi kimi tanınan Şimali Koreya lideri Kim Çen İr də bədii yaradıcılığa meyilli olub. O, inqilabi ruhlu pyeslər və nəzəri əsərlərin müəllifi, əsasəndə "toxumçuluq” sahəsində bədii ixtiranın “atası” kimi tanınır.

Yeniyetməlik və universitet illərində Kim Çen İr şeirlər yazib. Onların arasında ən məşhuru “ Ah, Koreya, sənə şöhrət gətirəcəyəm” şeiridir. Diktator həmçinin mahnılara da sözlər yazıb. “Kino incəsənəti” adlı ilk irihəcmli əsərini 1973-cü ildə qələmə alıb.

Kim Çen İr tarixə Koreya Əmək Partiyasının lideri kimi düşsə də, daha 54 titulun sahibidir. Ədəbi fəaliyyəti ilə yanaşı, opera müəllifi kimi də tanınıb. O, 2 il ərzində 6 opera yazıb. Ölkəsində bu operalar böyük sənət nümunəsi sayılsalar da, peşəkar musiqiçilər onları ciddi qəbul etməyiblər. Kim Çen İrin ən populyar operası “Qan dənizi” adlanır. Atası Kim İr Senin eyniadlı əsəri əsasında yazılan opera Koreyaya qarşı olan yapon zülmündən bəhs edir. Həmin musiqili tamaşa 1971-ci ildə təqdimatı keçiriləndən bu vaxtacan Pxenyanın opera binasında 304 dəfə nümayış olunub.

MAO

Çin Xalq Respublikasının qurucusu, dünya əhalisinin dörddə biri üzərində söz sahibi olan Mao Dze Dun əmin-amanlıq dövründə təxminən 70 milyon çinlinin ölümünə səbəb olub. Mao da hər diktator kimi onun fikirlərinin bütün dərdlərə dərman olduğuna inanıb. Təbii ki, bu düşüncələrini kitab etməyə gecikməyib. Maonun çıxışları əsasında hazırlanmış “Sitatlar kitabı” XX əsrin ən çox oxunan kitabı olub. Bu kitab dinin qadağan olunduğu Çində müqəddəs kitab səviyyəsinə yüksəlib, xüsusən ölkədəki mədəni inqilab dövründə hər bir çinlinin üzərində daşımasının məcburi olduğu elan edilib.

Mao güclü və qəddar siyasi rəhbər olmaqla yanaşı, həm də poetik ruha malik olub. Onun poeziyası formaca ənənəvi, mövzu etibarı ilə klassikdir. Şeirləri Çində çap olunub və bir çox başqa dillərə tərcümə edilib.

Maonun şeiri:

Soyuq qərb küləyi əsir, uzaqdan

Donmuş havada,

Səhərin Ay işığında fit çalır külək.

Səhərin ay işığında,

Atların ayaq səsləri donur

Və şeypur səsləri susur.

Keçiddə dəmir mühafizəçi var demə,

Bu gün bircə addımla çıxacağıq zirvəyə,

Zirvəni keçəcəyik!

Orada dağlar dəniz qədər mavi,

Batan Günəş qan kimidir.

 

SƏDDAM HÜSEYN

Edamla bitən ömrünün son günlərinə qədər əsər yazan yeganə diktator İraqın beşinci prezidenti Səddam Hüseyn olub. Tez-tez qələmə sarılan Səddam, Kalaşnikov avtomatı ilə şəkil çəkdirməyi də xoşlayardı (maraqlıdır ki, bu silahı ixtira edən rus mühəndis Nikolay Kalaşnikov da şair olmaq istəyib).

Bütün dünya Səddamı diktator, zalım, ədalətsiz biri kimi tanıyırdı. “Huffington Post”-un yazarı Kler Fallon isə yazır ki, onun yaxşı cəhətləri də çox idi. Ən müsbət keyfiyyətlərindən biri isə peşəkar səviyyədə alleqorik hekayələr yazması olub. Bu hekayələri Hindistandakı "Hesperus” nəşriyyatı ingilis dilinə tərcümə edib. Səddam Hüseynin edamının 10-cu ildönümündə, 2016-cı ildə onun kitabının nəşr olunacağı xəbəri böyük maraqla qarşılanıb. "Şeytanın rəqsi” ("Devil’s dance”) başlığı altında toplanan hekayələri artıq işıq üzü görüb. Topluda "Təslim ol” ("Get out”), "Lənətlənmiş” ("You damned one”), "Şeytanlar” ("Devils”) kimi hekayələr, "Zəbibə və Kral” ("Zabiba and the King”) adlı ilk romanı yer alıb.

Səddam Hüseynin ədəbi irsini araşdıran Daniel Kalder bildirib ki, onun bu əsərləri kiməsə yazdırdığına inanmır. Səddam Hüseyn yaxın çevrəsində ədəbiyyata olan marağı və istedadı ilə tanınıb. "Yazar" təxəllüsü ilə o, 2000-ci ildə "Zəbibə və Kral", "Gücləndirilmiş qala" və "İnsanlar və şəhər" adlı üç roman yazıb. İraq müharibəsindən əvvəl Səddamın kitabları məktəblərdə tədris edilib.

Səddam Hüseynin son poeması olan “Onu xilas et” (“Unbind it”) edamından bir neçə gün əvvəl yazılıb.

İngiliscədən tərcümə etdi və hazırladı: Nəzakət Ağayeva (Kulis.az)

Xəbər lenti