Firdovsi Şahbazov: “Bütün bunlar rayon rəhbərliyinin bu kimi problemlərə biganə münasibətinin göstəricisidir”.
Lerik rayonunun Dico kəndində yerləşən məktəb binası acınacaqlı vəziyyətdədir. Əslində, sözügedən təhsil müəssisəsinə məktəb demək çətindir. Ora məktəb deməyə adamın dili gəlmir.
Problem ondadır ki, uzunluğu 5, eni isə 3 metr olan məktəbdə şagirdlərin təhsil alması üçün heç bir şərait yoxdur. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrum qalırlar. Çünki deyilənə görə, uzaqlıqda yerləşən məktəbə dağ yolu ilə gedilir və bu yol qışda qar, çovğun olduqda gedilməz olur. Eyni zamanda, ətrafda vəhşi heyvanların, canavarların olduğu bildirilir. O səbəbdən şagirdlər məcburən daxma tipli məktəbdəki ibtidai təhsillə kifayətlənirlər.
O da məlum oldu ki, sözügedən müəssisədən həm də seçki məntəqəsi kimi istifadə olunur. Onu da qeyd edək ki, Dico kənd məktəbində təhsil almış xeyli sayda şagird Vətən müharibəsində iştirak edib. Heç olmasa tez başa gələn modul tipli məktəbi də bu kənddə tikmirlər. Hansı ki, bunu etmək mümkündür.
Yaranan problemlə əlaqədar Lerik Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, buna aydınlıq gətirən olmadı.
“Tikintisi ucuz və tez başa gələn modul tipli məktəblər inşa etməklə problemi həll etmək mümkündür”.
Sözügedən məsələ ilə əlaqədar 2020-ci ildə keçirilən parlament seçkilərində 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd olmuş iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovla əlaqə saxladıq. Onun sözlərinə görə, nəinki Dico kəndində, rayonun digər kəndlərində də məktəblər belə acınacaqlı durumdadır: “Seçki kampaniyası dönəmində, demək olar, rayonun bütün kəndlərində oldum. Həqiqətən də bir sıra kəndlərdə, o cümlədən, Dico kəndində məktəb bərbad vəziyyətdədir. Bütün bunlar rayon rəhbərliyinin bu kimi məsələyə biganə münasibətinin göstəricisidir. Çox yaxşı bilirlər ki, hansı kənddə məktəblərin durumu necədir. Sadəcə, bu cür problemlərin aradan qaldırılması ilə bağlı təşəbbüs göstərmirlər. Əsas bəhanələri ondan ibarətdir ki, bir sıra kəndlərdə əhali az yaşadığı üçün orada məktəb tikmək iqtisadi baxımdan sərfəli deyil. Yaxşı, məktəb tikmək sərfəli olmadığına görə indi gərək orada yaşayanlar təhsil almaq hüququndan məhrum olsunlar? Son illər bir sıra rayonlarda, o cümlədən, Lerikin bəzi kəndlərində modul tipli məktəblər inşa edilib. Sözügedən məktəblərin tikintisi həm ucuz, həm də tez başa gəlir. Bu baxımdan Dico kəndində də belə bir məktəb inşa etməklə problemin həllinə nail olmaq olar. Problem ondadır ki, rayon rəhbərliyinin səriştəsizliyi üzündən buna cəhd edilmir. Bənzər problem Lerikin digər kəndlərində də mövcuddur. Lerikin 161 kəndi var. Rayonun relyefi dağlıq olduğuna görə kəndlərin bir çoxu rayon mərkəzindən uzaq olmaqla yanaşı, ucqar ərazidə olan kəndlər var. Məhz belə şəraitsizlik üzündən qız uşaqları təhsildən kənar qalırlar. Bütün bu problemlər həm də son nəticədə rayondan köç edənlərin sayının artmasına öz təsirini göstərir”.
Ekspert hesab edir ki, rayonun ucqar kəndlərinin məktəb problemi kompleks şəkildə həll edilməlidir.
Vidadi ORDAHALLI