Birinciliyi Bakı Dövlət Universitetinin 105, Jurnalistika fakültəsinin 55 illik yubileyinə həsr edirəm və bir də müəllimlərimə...
Beşillik təhsil müddətində nəticəni fikirləşmədən çoxsaylı yazı müsabiqələrinə qatıldım. Üçlüyə də düşdüm, çox zaman heç düşmədim də, "həvəsləndirici yer"ə də layiq görüldüm. Ancaq hər dəfə ən böyük uğuru bilirsiniz nədə görürdüm? Müsabiqələrə göndərdiyim esselərin sonunda qeyd etdiyim "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi" imzasında. Həm də Ustad müəllimim Cahangir Məmmədli deyirdi ki, yaradıcılıq "yoluxucu"dur, gərək qələmi əlindən yerə qoymayasan onu inkişaf, sirayət etdirəsən. Bu fikirləri qarşıma ümdə vəzifə qoydum. Və bu məqsədin sonu mənə Universitetlərarası qalibiyyəti - birinciliyi qazandırdı.
Adını unutduğum fikir adamlarından biri deyib ki, yaxşılıq korun gördüyü, karın da eşidə biləcəyi məsələdir. Əlbəttə, qalibiyyətdə tək paya sahib olan mənim imzam deyil. Üzərimdə müəllimlərimin danılmaz əməyi oldu. Bu mənada qalibiyyətimi bütün müəllimlərimə ərməğan edirəm. Jurnalistika fakültəsinin dekanı Vüqar müəllim Zifəroğlunun və dekan müavini Samir Xalidoğlunun elmi, yaradıcı və mənəvi dəstəyini sözlə ifadə etmək mümkünsüzdür...
Tədbirdə diqqətçəkən məqamı qeyd etmək istəyirəm: Bakı Dövlət Universitetinin (BDU) doğma qonaqlarını ürəkaçıqlığı ilə qarşılayan Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev nitq söyləmək üçün Vüqar Zifəroğluya söz verərkən çıxışçıya türk sevdalısı kimi, gənc türkoloq olaraq müraciət elədi. Həmin an yadıma tədbirlərin birində Jurnalistika fakültəsinin tələbəsi olduğumu bilən media nümayəndələrindən bir neçəsi Vüqar müəllimin hələ tələbə vaxtlarından Azərbaycan-Türkiyə münasibətlərində nə qədər fəal olduğunu dilə gətirdilər, müəllimimizi Ziya Göyalp təbirincə xarakterizə etdilər: Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli.
Qeyd edək ki, bugünkü tədbir "15 iyun Milli Qurtuluş günü"nə həsr olunmuşdu. Xitabət kürsüsündən sol tərəfdə əbədiyaşar Heydər Əliyevin şəkli və "Milli Qurtuluş günü" ifadəsi posterdə əksin tapmışdır. Vüqar Zifəroğlu çıxış edərkən maraqlı məqama toxundu, zəfər tariximizə silinməz hərflərlə həkk olunan antiterror əməliyyatının saatını, dəqiqəsini xüsusi incəliklə qeyd etdi. Yadıma bir anlıq Vüqar müəllimlə, Elçin müəllimin "Gerçəklər" verilişi düşdü. Həmin verilişdə də aparıcılar Şuşaya dönüşün "28 il 6 ay"-lıq say hesabını dilə gətirmişdilər. Vüqar Zifəroğlunun qürurla "Şuşa ilinin ilk efir buraxılışı" ifadəsi də xatirimdədir. Bu proqram 2022-ci ilin yanvarında efirə çıxmışdır. Ondan bir il öncə Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində: "Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi" söyləmişdir. Bu mənada hesab edirəm ki, millət taleyində bir qurtuluş tarixi də məhz Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Gəlin, ötən ili, daha doğrusu Xankəndi şəhərində İlham Əliyevin nitqindən bir hissəni xatırlayaq: "...Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır..." Tam aydın olur ki, xalq öz rəhbərini doğru seçibmiş.
Bu ifadələr mənə Mark Tvenin fikirlərini xatırlatdı: “20 il sonra sən etdiklərinə görə deyil, etmədiklərinə görə təəssüflənəcəksən. Ona görə də lövbəri qaldır və sakit limandan uzaqlaş. Yelkənin arxasından əsən küləyi yaxala. Arzu tut. Açılışlar et”. Göründüyü kimi, İlham Əliyevin tarixi missiyası göz önündədir. O, Vətən torpaqlarının azadlığına hakimiyyətinin ilk illərindən - qaçqınların, köçkünlərin, şəhid ailələrinin ziyarəti ilə, öz doğum günlərini sərhəddə əsgərlərlə birgə qeyd etməklə, dünyanın aparıcı kürsülərindən Qarabağ həqiqətlərini elə dünyaya çatdırmaqla başlamışdı.
Tədbirdə mükafatçılar arasında adım ilk yerdə çəkiləndə qürurla bərabər, həm də həyəcanlandım. Anidən daxili həyəcanım Rəşad Məcidin ünvanıma söylədiyi xoş sözlərin fonunda sovuşmuş oldu. Artıq neçənci dəfədir ki, Rəşad müəllimin böyüklüyünü, müdrikliyini, mənəvi ruhunun təmizliyini görürəm. O, hər dəfə nüfuzlu tədbirlərdə, sanballı fikir adamlarının yanında tələbəyə dəstək olur, ona qol-qanad verir. Doğru və xoş sözə, yaxşılığa qızırğalanmır. Bu, heç də adi məsələ deyil, üstəlik də indiki təbəddülatlı zamanda, kompüterin əsirinə çevrilən əksəriyyətin infantil həyat tərzi yaşadığı dönəmdə...
Çıxışçılar arasında "Şərq" qəzetinin, daha doğrusu Şərq ənənələrini yaşadan jurnalist məktəbinin baş redaktoru Akif Aşırlı üzünü gənc tələbələrə tərəf tutdu, gənclərə milli ruhu yaşatdıqları üçün təşəkkür etdi. Hələ Akif müəllimlə ötən həftə Bakı Dövlət Universitetində "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı kitabın təqdimatında görüşmüşdük. Akif müəllim səxavətlə demək olar ki, bütün tələbələrə özü ilə gətirdiyi kitabları ərməğan etdi. İnanıram ki, ümumi şəkildə səsləndirəcəyim, daha doğrusu ünvanlayacağım sualdan tələbələr inciməz. Görəsən, həyat rəhni olan kitabı açıb bircə dəfə də vərəqləməyən, rəhmi gəlməyən birinə dəyərli hədiyyə ərməğan etmək nə dərəcədə doğrudur? Düzü, çox vaxt çalışıram ki, əlimdə olan kitablar haqqında fikir bildirim, ən azından içliyilə tanış olum. Fəqət, bunları düşünən biri kimi, Akif müəllimin kitabından həmin gün qismətimə pay düşmədi. Bundan bir neçə ay əvvəl ayaqüstü olsa da Akif müəllimlə görüşümüz baş tutmuşdu. O zaman tədqiqatçı alimə milli mətbuat sahəsində çəkdiyi zəhmətə, fədakarlığa görə tələbə təşəkkürümü bildirmişdim.
Ümumiyyətlə, müsabiqənin başladığı və yekunlaşdığı günə qədərki tarixi müvəffəqiyyətli hesab etmək olar. Bu uğurda əlbəttə, təşkilatçıların da əməyi danılmazdır. Zəhməti çiyinləri üzərinə götürənlərdən biri də, deyərdim, ən birincisi Aysel xanım Qaybalıyeva idi. Yüksək idarəçiliyi, kommunikasiya bacarığı və insani keyfiyyətləri ilə seçildi. Hesab və güman edirəm, mənim kimi digər müsabiqə iştirakçıları — tələbələr Aysel xanımın zəhmətini unutmayacaqlar.
Müsabiqə təşkilatçılarına təşəkkürümü bildirirəm. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluya və bütün müəllimlərimə minnətdaram. Fakültə yoldaşım Südabə Məmmədovanın timsalında bütün qalib tələbələri təbrik edirəm. Və təvazökarlıqdan uzaq məsələ olsa da, ancaq bir məqamı vurğulamaq istəyirəm. Beşillik təhsil müddətində yaradıcı addımlarla irəliləməyə çalışdım. Bunun müqabilində onlarla, yüzlərlə yazılar hazırladım. Müxtəlif qəzet, jurnal və saytlar zəhmətimizi materialları dərc etdirməklə ödədilər. Hər birinə çox təşəkkür edirəm. Əlbəttə, bu illər ərzində bacardıqca tələbələrlə də işlədim. Onların ilk qələm məhsullarına canla-başla dəstək verdim. Yanan şam, əriyən mən oldum. Bunu başa düşən tələbələr də oldu, sağ olsunlar, anlamayanlar da. Bu tələbələrin içərisində Südabə Məmmədova, Məryəm Abdullazadə, Tehran Yusifli ilə yaradıcı fəaliyyətimiz davam etməkdədir.
Universitetin bakalavr pilləsinin son addımını qalibiyyətlə tamamlamağım, hesab edirəm ki, ən böyük mükafatım və uğurum oldu. Bu qalibiyyəti Bakı Dövlət Universitetinin 105, Jurnalistika fakültəsinin 55 illik yubileyinə həsr edirəm.
Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi
Bakı Dövlət Universiteti — Bakı Slavyan Universiteti
14 iyun, 2024-cü il