Logo

Qızlar təhsildə: problemin kökləri və həll yolları

05.07.2024 07:46 413 baxış
IMG

Qızların təhsilinə sərmayə qoymaq icmaları, ölkələri və hətta bütün dünyanı dəyişir. Çünki qızların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi onların şəxsi inkişafı, səlahiyyətlərinin artırılması və cəmiyyətin ümumi inkişafı üçün vacibdir.  Belə ki, təhsil alan qızların gənc yaşda ailə qurmaq ehtimalı az, sağlam, məhsuldar həyat sürmək ehtimalı daha çoxdur. Onlar daha yüksək gəlirlər qazanır, özləri və ailələri üçün daha yaxşı gələcək qururlar.

Qızların təhsili məsələsinin bu qədər diqqətdə olmasına baxmayaraq, təhsildə gender bərabərsizliyi hələ də davam edir.Dünyada 32 milyon ibtidai məktəb və 67 milyon tam orta məktəb yaşında olmaqla 129 milyon qız məktəbə getmir. Təhsil almayan qızların 54%-i böhrandan təsirlənən ölkələrdə yaşayır. Uzun sürən münaqişələr, müharibələr qızların məktəbdən qalmasına səbəb olur və təhsildə gender boşluqları yaradır. Münaqişənin təsirinə məruz qalan ölkələrdə qızların məktəbdən kənarda qalma ehtimalı təsirə məruz qalmayan ölkələrdə yaşayan qızlara nisbətən iki dəfə artıqdır.

Qızların təhsilinə maneələr – yoxsulluq, erkən nikahlar və gender əsaslı zorakılıq - ölkələr və icmalar arasında dəyişir. Yoxsulluq qızın təhsil ala bilməsini və ya başa vura bilməsini müəyyən edən ən mühüm amillərdən biridir. Tədqiqatlar ardıcıl olaraq təsdiqləyir ki, ailənin aşağı gəliri, ucqar yerlərdə yaşamaq, əlillik və etnik-linqvistik azlıq qrupuna mənsub olmaq qızların təhsil almasına və ya başa çatdırmasına mane olur.Kasıb ailələr çox vaxt oğlan uşaqlarının təhsilinə sərmayə qoymağa üstünlük verirlər. 

Hökumətlər qızların təhsilə çıxışını təmin edən siyasət həyata keçirməli, uşaq nikahına, ayrı-seçkiliyə qarşı qanunlar tətbiq etməli və qızların təhsili üçün resurslar ayırmalıdır. Qızlar üçün təhlükəsiz və əlverişli təhsil mühiti yaratmaq məqsədilə məktəblər təkmilləşdirilməlidir. Qərəzləri aradan qaldırmaq, inklüziv tədris metodlarını təşviq etmək və qızlara görə dəstəkləyici öyrənmə mühitləri yaratmaq üçün gender əsaslı müəllim hazırlığı proqramları təmin edilməlidir.Təhsilin fərdlər və cəmiyyət üçün faydalarını vurğulayaraq, qızların təhsilinə mane olan zərərli sosial-mədəni norma və ənənələrə etiraz etmək üçün məlumatlılıq artırılmalıdır. Eyni zamanda, iqtisadi cəhətdən imkansız qızların təhsillərini başa vurmalarına kömək etmək üçün təqaüd proqramları, qrantlar və maliyyə stimulları yaradılmalıdır.

Valideynlər, icmalar və yerli təşkilatlar qızların təhsilinə dəstək olmaq, maneələri aradan qaldırmaq, qızların məktəbə qəbulunu təşviq etmək üçün cəlb edilməlidir. Uzaq ərazilərdə və ya böhranlar zamanı qızlara çatmaq üçün onlayn təhsil və distant təhsil kimi texnologiya və innovativ yanaşmalardan istifadə edilməlidir. Hökumətlər qızların təhsilinə üstünlük verməli, kifayət qədər vəsait ayırmalı, inklüziv siyasət aparmalı və təhsildə gender paritetinə nail olmaq istiqamətində irəliləyişə nəzarət etməlidir.

Xəbər lenti