Xarəzm torpağının tanınmış şairəsi, Özbəkistan Yazıçılar Birliyinin üzvü, dosent Səyyarə Səməndər “Aşiqlərə salam deyin” şeirlər kitabı ilə ilk dəfə Azərbaycan oxucularının görüşünə gəlib.
TƏHSİL.BİZ xəbər verir ki, şeirləri özbəkcədən Azərbaycan dilinə xarəzmli gənc şair Rəhmət Babacan tərcümə edib. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Aşiqlərə salam deyin” şeirlər kitabının redaktoru və “Alovlarda yanmayan Səməndərquşam!” adlı “Ön söz”ün müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı Almaz Ülvi Binnətovadır. Almaz xanım qeyd edir ki, şairənin indiyə qədər Özbəkistanda “Sənə deyə bilmədiyim sözlərim”, “Ürəyim”, “...Və yenə bahar”, “Azadlıq kimi xoşbəxtlik yoxdur”, “Tək sevgi...”, “Fəqət eşq” şeir topluları işıq üzü görüb. Şairin Əlişir Nəvai, Nadirəbəyim və Üveysinin qəzəllərinə yazdığı müxəmməslərində, məsnəvisində, üçlük və dördlüklərindəki lirik əhval-ruhiyyənin, mürəkkəb emosional yaşantıların özünəməxsus bədii şərhi var. Onun yaradıcılığında yüksək ictimai ruh xüsusi yer tutur və bu mövzuda yazdığı 30-a yaxın şeiri musiqiyə çevrilərək xalqımızın sevilən nəğmələrinə çevrilib. Bu yeni toplu şairin yeni şeirləri, klassik janrlardakı sehrli duyğuları və irihəcmli yeni əsərləri, həyat həqiqətlərini əks etdirən tablolardakı dərin müşahidələri ilə sizi daha yaxından tanış edəcək, könlünüzə həmdəm olacaq”.
O, daha sonra yazır: “Səyyarə Səməndər də mənim kimi filoloqdur. O, alimlərin şairi, şairlərin alimidir. Məhz bu keyfiyyəti, onun özbək klassik ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilməsi, tədqiqatçı xarakteri yaradıcılığının formalaşmasına, mükəmməlliyinə təkan verir...”
Qeyd edək ki, Səyyarə Səməndərin ötən il Özbəkistanda “Agahi” nəşriyyatında çap olunmuş “Fəqət eşq” kitabına da Almaz Ülvi Binnətova “Ön söz” yazıb.