Mayın 7-də Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü ilə Elm və Təhsil Nazirliyi (ETN) və ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) əməkdaşları ilə ali təhsil müəssisələrinin (ATM) səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, görüşün təşkilində məqsəd Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dair miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində işin təkmilləşdirilməsi olub.
DMX-nin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev ənənəvi olaraq hər il təşkil edilən maarifləndirmə tədbirinin təhsil sahəsində miqrasiya proseslərinin idarə olunması və təhsil müəssisələrinin məsul şəxslərinin və əcnəbi tələbələrin qanunvericiliyin tələbləri üzrə məlumatlandırılmasında önəmini vurğulayıb. Daha sonra DMX-nin şöbə rəisi Şəhriyar Mustafayev tərəfindən əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, məlumatların dəqiq və dolğun hazırlanması barədə qeydlər edib.
Tədbirdə çıxış edən EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əcnəbi tələbələrin təhsilinin təşkilinə diqqətin artırılması, eyni zamanda, miqrasiya qanunvericiliyinin tələblərinə riayət edilməsi istiqamətində ETN, o cümlədən EATDA tərəfindən təhsil müəssisələrinə verilən təlimatlar və bu sahədəki işin təkmilləşdirilməsi üçün gözləntilər haqqında danışıb. Həmçinin elektron resurslar üzrə vaxtında, dəqiq və çevik tədbirlərin görülməsinin zəruriliyi haqqında fikirlərini bölüşüb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.