Logo

Müasir Azərbaycanın memarı – elmi sessiya

08.05.2025 16:45 87 baxış
IMG

Mayın 8-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycanın memarı” mövzusunda elmi sessiya keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, elmi sessiyada muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəylinin “Azərbaycan sevdalısı – Heydər Əliyev” adlı məruzəsi dinlənilib.

Şəfəq Əlibəyli Ulu Öndər Heydər Əliyevin bütün dünya azərbaycanlılarına ünvanlanmış sözlərini yada salaraq qeyd edib ki, “hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq”.

Sonra muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda çıxış edərək Ümummilli Liderin Azərbaycan klassiklərinin irsinin qorunmasına dəstəyindən, görkəmli yazıçılara və şairlərə, onların yaradıcılığına, ümumiyyətlə ziyalılara verdiyi dəyərdən, ədəbiyyatın inkişafına qayğısından bəhs edib. Məruzəçi, həmçinin Heydər Əliyevin təşəbbüsü ilə bir çox ədiblərin yubileylərinin dövlət səviyyəsində keçirildiyini, klassik və çağdaş ədəbiyyat nümunələrinin nəşr edildiyini deyib.

Tədbir muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Heydər Əliyev və ədəbiyyat muzeyləri” mövzusunda məruzəsi ilə davam edib. Sevinc Heydərova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyət illərində (xüsusilə 1969-1982-ci illər və 1993-2003-cü illər) Azərbaycan mədəniyyətinə və ədəbiyyatına xüsusi önəm verilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ədiblərin ev-muzeylərinin yaradılması, genişləndirilməsi və yenidən qurulması üçün mühüm tədbirlər həyata keçirilib. Xüsusən Ulu Öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan bu mədəniyyət ocağına diqqət və qayğısının muzeyin inkişafında həlledici rolu olub. “Mədəniyyət xalqın ruhudur. Ədəbiyyat isə bu ruhun sözlə ifadəsidir,” – deyən Heydər Əliyev Ədəbiyyat Muzeyinin fondlarının zənginləşdirilməsinə dəstək olub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini əks etdirən kitab sərgisi nümayiş olunub.

 

Xəbər lenti