Logo

Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi

08.05.2025 16:48 93 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi” adlı tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə çıxış edən baş direktor akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunması və milli dövlət quruculuğu prosesində misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin yorulmaz fəaliyyəti və qətiyyəti nəticəsində müasir dövlətçilik əsasları formalaşıb, Konstitusiya qəbul olunub, milli ideologiyamız – azərbaycançılıq məfkurəsi və siyasi təfəkkürümüz bərqərar edilib. Həmin dövrdə biri-birini tamamlayan siyasi və iqtisadi islahatlar həyata keçirilib, demokratik inkişafla bağlı mühüm qərar və qanunlar qəbul olunub.

İnstitutun baş direktoru, həmçinin deyib ki, görkəmli siyasi və ictimai xadim Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin sosial-iqtisadi inkişafı, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb.

Akademik A.Həşimov diqqətə çatdırıb ki, Ümummilli Lider təkcə dünya miqyasında tanınan siyasi və dövlət xadimi deyil, eyni zamanda, Azərbaycan elminin böyük hamisi, elmi inkişafın strateji əhəmiyyətini dərindən dərk edən şəxsiyyət idi. O, elmdə əldə olunan uğurları dövlət quruculuğunun əsas şərtlərindən biri kimi qiymətləndirirdi. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmə xüsusi diqqət və qayğı göstərib, bu sahənin inkişafı üçün mühüm qərarlar qəbul edib, Azərbaycan elminin qüdrətinin artmasında müstəsna rol oynayıb. O, ziyalılara, alimlərə həmişə yüksək qiymət verib və onların fəaliyyətini hər zaman dəstəkləyib.

Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra institutun elmi şurasının növbəti iclası keçirilib. Gündəlikdəki məsələlər Şura üzvlərinin müzakirəsinə təqdim olunub, məsələlər ətraflı müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti