Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş çöl-tədris təcrübəsi çərçivəsində Hirkan Milli Parkına təlim səfəri ediblər.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tələbələr Hirkan Milli Parkında müxtəlif bitki və heyvan növlərinin yaşayış mühitini öyrənməklə yanaşı, Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş “BioGün 2025” adlı maarifləndirici tədbirdə də iştirak ediblər. Tədbir BDU ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında anlaşma memorandumu əsasında birgə təşkil olunub.
Maarifləndirici tədbirdə 144 tələbə iştirak edib. Onlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Hirkan Milli Parkının nadir və endemik növlərlə zəngin ekosistemi ilə tanış olub, biomüxtəlifliyin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsipləri barədə biliklərini artırıblar. Bu, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına, biomüxtəlifliyin praktiki öyrənilməsinə və ekoloji düşüncənin formalaşmasına mühüm töhfə verir.