Bakı Dövlət Universitetinin ərazisində yaradılmış “Tələbə məkanı” layihəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə əməkdaşlığı ilə reallaşdırılıb. Məqsəd tələbələrin sosial həyatına rəng qatmaq, asudə vaxtlarını səmərəli keçirmələri və eyni zamanda, şəbəkələşmək imkanlarını genişləndirməkdir.
TƏHSİL.BİZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. Onun sözlərinə görə, tələbə məkanında yaradılmış şərait tələbələrə müxtəlif tədbirlər, disputlar və müzakirələr təşkil etmək imkanı verir: “Burada yalnız Bakı Dövlət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər.
Bu məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasəti əsas götürülüb. Ərazidəki bütün işıqlandırma günəş panelləri vasitəsilə təmin olunur”.
Rektor bildirib ki, bu məkan tələbələrin istirahəti, dərslərə hazırlaşması və vaxtlarını səmərəli keçirmələri üçün kiçik bir “oazis” kimi layihələndirilib: “Layihənin mühüm cəhətlərindən biri də 24 saat fəaliyyət göstərəcək minikitabxanadır. İstənilən tələbə istənilən vaxt oradakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilər. Hətta öz kitablarını da kitabxanaya əlavə edə bilər.
Doğrudur, müasir texnologiyalar rəqəmsal kitabların istifadəsini artırır, lakin hesab edirik ki, bu ənənəvi format və yaradılan mühit bir qədər nostalji olsa da, tələbələrin maariflənməsinə, fərqli üslublarda olan əsərlərlə tanış olmalarına imkan verəcək.
Bu layihə Bakı Dövlət Universitetinin cari ildə reallaşdırdığı təşəbbüslərindən biridir. Qarşıda bizi daha böyük və maraqlı layihələr gözləyir. Onları da həm universitet olaraq, həm də müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində reallaşdıracağıq”.