Logo

AMEA-nın müxbir üzvü Namiq Cəlilovun 70 illik yubileyi qeyd olunub

26.05.2025 17:01 100 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, BDU-nun Astrofizika kafedrasının professoru Namiq Cəlilovun 70 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.

Əvvəlcə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev universitetin tanınmış məzunlarının yubileylərinin keçirilməsinin ənənə xarakteri aldığını bildirib. O diqqətə çatdırıb ki, BDU ölkədə kadr hazırlığında özünəməxsus yeri olan elm və təhsil müəssisəsidir. BDU-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Astrofizika kafedrasının yaradılması və bu sahədə milli kadr hazırlığına başlanması heç də təsadüfi deyildi. Həmin dövrə qədər digər sahələrdə olduğu kimi, astrofizika üzrə kadrlar da keçmiş SSRİ-nin tanınmış təhsil ocaqlarında hazırlanırdı. Kafedranın açılması ilə bu sahədə milli kadr hazırlığına başlanıldı. Bu gün həmin kadrlar ölkədə astronomiya, astrofizika elmini inkişaf etdirən əsas alimlərdir. Namiq Cəlilov məhz bu məktəbin tanınmış yetirmələrindəndir. Rektor Elçin Babayev bildirib ki, Namiq Cəlilov BDU-nun Fizika fakültəsini bitirdikdən sonra Rusiya və Almaniyanın məşhur elm ocaqlarında işləyib. Günəş fizikası, kosmik plazma fizikası sahəsində tanınmış mütəxəssis olan Namiq Cəlilovun aldığı mühüm elmi nəticələr dünya miqyasında öz təsdiqini tapıb.

Sonra elm və təhsil sahəsində uğurlu fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Namiq Cəlilova BDU-nun Fəxri fərmanı təqdim olunub.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyevin təbrik məktubu səsləndirilib.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi katibi, dosent Orxan Xəlilov, AMEA-nın həqiqi üzvü, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri Cavad Abdinov, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru dosent Rəvan Mehdiyeva, BDU-nun Doktorantura şöbəsinin müdiri, Nəzəri fizika kafedrasının dosenti Mirnamik Bəşirov çıxışlarında Namiq Cəlilovun məhsuldar elmi yaradıcılığından bəhs edib, onun Günəş-Yer əlaqələri, qlobal istiləşmə ilə bağlı tədqiqatlarının əhəmiyyətini vurğulayıblar.

Tədbir elmi sessiya ilə davam edib. Elmi sessiyada “Naməlum planet məsələsinə müasir baxışlar”, “Ekstremal sıxılmış nüvə maddəsi ifrat yüksək enerjili kosmik şüaların mümkün mənbəyi kimi”, “Görünən və görünməyən Kainat: müasir astrofiziki baxışlar”, “Günəş küləyində yaranan dayanıqsızlıqlar haqqında” mövzularında məruzələr dinlənilib.

Sonda yubilyar BDU rəhbərliyinə təşəkkür edib, hər bir alimin elmi tədqiqatları, həyat tərzi ilə gələcək nəsillərə örnək olmalı olduğunu deyib, gəncləri əməksevər olmağa, daha çox mütaliə etməyə səsləyib.

Xəbər lenti