Logo

BDU-da “Tələbə məkanı”nın açılışı olub

27.05.2025 10:20 93 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) birgə əməkdaşlığı ilə universitetin həyətində “Tələbə məkanı” açılıb.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, yeni açılan “Tələbə məkanı” BDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərə ən gözəl nümunələrdən biridir. Azərbaycan Konstitusiyasında hər bir şəxsin təhsil hüququ ilə yanaşı, istirahət hüququ, sosial xidmət hüququ var. “Tələbə məkanı” BDU tələbələrinin sosial həyatına rəngarənglik qatacaq, onların şəbəkələşməsinə imkan yaradacaq.

Rektor bildirib ki, “Tələbə məkanı” tələbələrin asudə vaxtlarını keçirəcəyi, birgə debatlar, müzakirələr aparacağı, ünsiyyət quracağı bir yer olacaq: “Burada yalnız Bakı Dövlət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər. Bu məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətimizin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasəti əsas götürülüb. Ərazidəki bütün işıqlandırma Günəş panelləri vasitəsilə təmin olunur. Layihənin mühüm cəhətlərindən biri də 24 saat fəaliyyət göstərəcək minikitabxanadır. İstənilən tələbə istənilən vaxt oradakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilər. Hətta öz kitablarını da kitabxanaya əlavə edə bilər”.

AHİK sədri Sahib Məmmədov Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, Ulu Öndərin məzunu olduğu BDU-nun Azərbaycanın elm-təhsil məkanında böyük rolunun olduğunu qeyd edib. Bildirib ki, son illərdə universitetdə müasir dövrün çağırışlarına uyğun olaraq islahatlar həyata keçirilir. O, AHİK-in BDU ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb, “Tələbə məkanı”nın universitet tələbələrinin sosial inkişafına xidmət etdiyini vurğulayıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə çıxışlarında “Tələbə məkanı”nın tələbələrin sosiallaşmasına, liderlik bacarıqlarının artmasına, universitetin inkişafına təkan verəcəyini bildiriblər.

 

 

 


 

Xəbər lenti