Logo

Şəki Regional Elmi Mərkəzində Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

27.05.2025 11:41 92 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzi (REM) və Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı 28 May - Müstəqillik Gününə həsr edilmiş birgə tədbir keçirib.

Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib.

Tədbirdə Şəki REM-in baş direktoru dosent Yusif Şükürlü müstəqillik yolunda Azərbaycan Xalq Cümhuriyyətinin milli mənlik şüurunun yaranması, tarixi-mədəni yaddaşın bərpası kimi önəmli missiyanı yerinə yetirdiyini diqqətə çatdırıb.

Sonra YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək mayın 28-ni xalqımızın qürur günü adlandırıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan Azərbaycan Xalq Cümhuriyyəti ölkənin müstəqilliyini dünyaya bəyan etdi, cəmi 23 ay ömür sürdü, lakin müstəqil və milli dövlətçilik tariximizdə şanlı səhifəyə çevrildi. Daşqın Mikayılov milli ruh, müstəqillik, dövlətçilik uğrunda ömürlərini fəda edən siyasi xadimlərin iradəli, əzmkar, mübariz ruhunun, keşməkeşli və məşəqqətli həyat yolunun gənclər üçün örnək olduğunu vurğulayıb. O, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycanın Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya arenasında əldə etdiyi nailiyyətlərdən, bu siyasi xəttin uğurla davam etdirilməsində misilsiz xidmət göstərərək Vətənimizin bütövlüyünü təmin edən Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətindəki qətiyyətli addımlarından danışıb.

Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov arxiv materiallarından, elmi ədəbiyyatlardan əldə edilmiş faktlara istinad edərək tezislər şəklində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən süqutuna qədər 23 aylıq dövrün şərhini verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olub və qadınlara ilk dəfə seçki hüququ verib.

Rahim Həsənov Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi adlandırmasının siyasi əhəmiyyətini diqqətə çatdırıb. O, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin yalnız tarixi torpaqlarımızın bərpası istiqamətində deyil, eyni zamanda, Azərbaycanın dünya arenasındakı rolunun və yerinin müəyyənləşməsində əhəmiyyətli olduğunu deyib.

Daha sonra “Azərbaycan Respublikasının milli müstəqilliyinə aparan yol” haqqında videoçarx nümayiş olunub.

Sonda Şəki REM-in nəşri olan kitablar YAP Şəki rayon təşkilatına hədiyyə edilib.

Xəbər lenti