Sentyabrın 3-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Özbəkistan Elmlər Akademiyasının V.İ. Romankovski adına Riyaziyyat İnstitutu və Türkiyə Cümhuriyyəti Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş nitqi ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq qonaqları salamlayıb, aktual mövzulara həsr olunan konfransın əhəmiyyətinə toxunub. Həmtəşkilatçılara təşəkkürünü ifadə edən alim konfransa uğurlar arzu edib.
Misir Mərdanov tədbirin əhəmiyyətindən bəhs edərək, riyaziyyat və mexanikanın müasir elm və texnologiyadakı rolu haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, bu kimi beynəlxalq tədbirlər elm adamları arasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə və ideya mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir. Fundamental və tətbiqi elmlərin kəsişməsində dayanan riyaziyyat və mexanika bu gün elmi tərəqqinin aparıcı istiqamətlərindəndir: “Elm sərhəd tanımır və bu kimi beynəlxalq elmi platformalar elmi dialoqun və yeni yanaşmaların formalaşmasına imkan yaradır,” – deyə professor qeyd edib.
Misir Mərdanov çıxışında Azərbaycanda riyaziyyat elminin tarixi və bu sahənin müasir mərhələlərini də ətraflı təhlil edib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin adından salamlayaraq, onlara elmi fəaliyyətlərində və tədbirin işində uğurlar arzulayıb.
Akademik Rasim Əliquliyev riyaziyyat fənninin tədrisi və elmi tədqiqatlarda tətbiqi ilə bağlı bir sıra vacib məsələlərə toxunub. Alim qeyd edib ki, müasir dövrdə riyaziyyat yalnız fundamental elm sahəsi kimi deyil, həm də süni intellekt, informasiya texnologiyaları, iqtisadiyyat, mühəndislik və digər sahələrdə əsas metodoloji baza kimi çıxış edir. Bu baxımdan, riyaziyyatın daha geniş auditoriyaya, xüsusilə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə düzgün və sistemli şəkildə öyrədilməsi mühüm zərurətə çevrilib. Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayaraq elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Konfrans çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Maksad Kalimoldayev çıxış edərək riyaziyyat elminin müasir çağırışları və elmi innovasiyaların əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, həmçinin Qazaxıstanla Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunaraq, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Akademik qeyd edib ki, ortaq tarixi və mədəni köklərə əsaslanan bu münasibətlər iki ölkənin elmi institutları arasında birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Çıxışı zamanı o, gənc alimlərin qarşılıqlı mübadiləsinin və beynəlxalq elmi forumlarda fəal iştirakının vacibliyini də vurğulayıb.
Tədbirin sonunda konfrans öz işini plenar sessiyalar və tematik seksiyalarla davam etdirib.
Qeyd edək ki, üç gün davam edəcək konfransda 10-dan artıq ölkədən tanınmış alimlərin iştirakı ilə məruzələr təqdim olunacaq, həmçinin gənc tədqiqatçılar üçün elmi seminarlar və panel müzakirələri keçiriləcək.
Konfrans riyaziyyat və mexanika elmlərinin qarşıdakı illərdəki inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli elmi platforma kimi dəyərləndirilir.