Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndə heyəti 2-3 sentyabr tarixlərində Ankara şəhərində keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.
TƏHSİL.BİZ xəbər verir ki, forumun ikinci günü iştirakçılar əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad edərək Anıtqəbiri ziyarət ediblər.
Sonra üzv təşkilatların nümayəndələrinin iştirakı ilə UAESEB-in yeni xidmət binasının açılış mərasimi keçirilib. Açılışda Türkiyə Kamu-Sen Konfederasiyasının sədri Önder Kahveci də iştirak edib. Tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.
UAESEB-in yeni inzibati binasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev və Qırğızıstan Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri Rustam Nurmatov arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi Azərbaycan və Qırğızıstanın elm və təhsil işçiləri həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ittifaq üzvlərinin mənafeyi naminə əmək və sosial münasibətlər sahəsində birgə təşəbbüslərin təşviqi, eləcə də sosial-iqtisadi dəyişikliklərin və qlobal iqtisadi transformasiyaların yaratdığı çağırışlar zamanı qarşılıqlı və faydalı təcrübə mübadiləsinin aparılmasıdır.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 2006-cı ildən UAESEB-in bərabərhüquqlu üzvüdür.