Logo

Nazir müavini: Ana dilimizi mükəmməl bilməliyik

06.11.2025 14:30 50 baxış
IMG

“Yeni texnologiyaların yaradılması və yaradıcı cəmiyyətin formalaşması hər bir ölkənin inkişafında mühüm rol oynayır”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar keçirilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” adlı konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.

O qeyd edib ki, yeni texnologiyalar yaratmaq lazımdır. Bu gün hər bir ölkənin gücü onun yaradıcı cəmiyyətinin formalaşmasından asılıdır. Yaradıcı insanlar ölkənin gələcəyini müəyyən edə bilərlər:

“Əziz gənclər, ölkəmizin gələcək quruculuğu sizdən asılıdır. Bunun üçün bizim çox möhkəm təməlimiz var. Bizim böyük mütəfəkkirlərimiz, qədim tariximiz var, yaşadığımız torpaq dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Azıx mağarası bunun bariz sübutudur. Təkcə bizim alimlər deyil, dünya alimləri də bunu təsdiqləyirlər. Azıx mağarasının 5000 ildən çox yaşı var. Bu təməl bizə imkan yaradır ki, bu gün ölkəmizin gələcəyini inşa edək. Bu bizdən asılı olacaq. Biz milli kimliyimizi bundan sonra daha da mükəmməlləşdirməliyik”.

Nazir müavini həmçinin milli-mənəvi dəyərlərin qorunmasının və müasir texnologiyalardan düzgün istifadənin vacibliyinə də toxunub:
“Biz ana dilimizi mükəmməl bilməli və onu inkişaf etdirməliyik. Bunu həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıblar. Tariximizi dərindən öyrənməli, milli-mənəvi dəyərlərimizi daha da möhkəmləndirməli və qloballaşan dünyada onları qorumalıyıq. Bizim gənclər sağlam, savadlı olmalı və müasir texnologiyalardan bacarıqla istifadə etməlidirlər. Eyni zamanda, yad təsirlərdən uzaq qalmalıdırlar”.

Xəbər lenti