Logo

“Hacı Kərim Sanılının ədəbi və pedaqoji irsi” - elmi-praktik konfrans

10.12.2025 08:37 83 baxış
IMG

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli şair, maarifçi və ictimai xadim Hacı Kərim Sanılının ədəbi, pedaqoji və ictimai irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransı universitetin rektoru professor Cəfər Cəfərov açaraq, Hacı Kərim Sanılının Azərbaycan ədəbiyyatı və maarifçilik tarixində oynadığı mühüm roldan danışıb. Qeyd edilib ki, Hacı Kərim Sanılı XX əsr Azərbaycan maarifçiliyinin ən parlaq simalarından biridir. Onun həyat yolu təkcə bir müəllimin taleyi deyil, xalqın təhsil uğrunda keçdiyi mübarizə yolunun canlı bir təcəssümüdür. Hacı Kərim Sanılı Gəncə, Zəngəzur və Qazax ərazilərində rus-müsəlman məktəblərində müəllimlik və məktəb müdirliyi etmiş, kəndlərdə savadsızlığın aradan qaldırılması, qızların təhsil hüququnun müdafiəsi, maarifin genişləndirilməsi istiqamətində böyük fədakarlıq göstərmişdir. Rektor konfrans çərçivəsində təqdim edilən məruzələrin, aparılacaq müzakirələrin Sanılının irsinin daha dərindən anlaşılmasına, həmçinin pedaqoji nəzəriyyə və təcrübənin inkişafına mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov “Hacı Kərim Sanılı – şair, maarifçi, ictimai xadim” mövzusunda çıxış edib. Akademik bildirib ki, Sanılının yaradıcılığı təkcə poeziya nümunələri ilə məhdudlaşmır, həm də maarifçilik ideallarını cəmiyyətə ötürən mühüm ideoloji xətt kimi çıxış edir. Akademik vurğulayıb ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan ziyalı mühitinin formalaşdığı bir dövrdür və həmin dövrdə Sanılı kimi maarifpərvər şəxslərin fəaliyyəti yeni düşüncə tərzinin, milli özünüdərkin inkişafında xüsusi rol oynayıb. O, Sanılının həm şair, həm müəllim, həm də ictimai xadim kimi fəaliyyət göstərdiyini, bu üç sahənin vəhdətinin onun irsini daha da dəyərli etdiyini bildirib. Akademik məruzəsində Sanılının dövrün ziyalıları ilə əlaqələrinə, xüsusilə maarifçilik hərəkatı ilə bağlı təşəbbüslərinə toxunub və onun irsinin müasir humanitar elmlər üçün ciddi araşdırma predmeti olduğunu qeyd edib.

ADPU-nun Ümumi pedaqogika kafedrasının professoru İramin İsayev “Vidadidən Sanılıya” adlı məruzəsində klassik ənənənin davamı olaraq Hacı Kərim Sanılının poetik irsinin inkişaf xəttini, dövrün ideya-mədəni prosesləri ilə əlaqələrini və maarifçi dünyagörüşünün öndə duran məqamlarını diqqətə çatdırıb.

Tədbirdə Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu, “CARÇI Express” jurnalının baş redaktoru Sərxan Carçıyev, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent İlhamə Qəsəbova, Qazax rayon Çaylı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Könül Məhərrəmova, “Ağrı yaddaşı” kitabının redaktoru Mahir Cavadlı, ADPU-nun Kimya və biologiya fakültəsinin tələbəsi Fatimə Sanılı və Hacı Kərim Sanılının qohumu Nüşabə Sanılı çıxış ediblər. Çıxışlarda Sanılının irsinin yeni nəsil tərəfindən daha dərindən öyrənilməsinin vacibliyi vurğulanıb.

Sonda aparılan müzakirələrdə Hacı Kərim Sanılının irsinin elmi yanaşmalarla sistemli şəkildə araşdırılmasının ədəbiyyatşünaslıq və pedaqogika elmi üçün önəmli olduğu qeyd edilib, tədbirin gələcək tədqiqatlar üçün mühüm platforma rolunu oynadığı bildirilib.

Xəbər lenti