Logo

Ədəbiyyat Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

12.12.2025 12:20 42 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yaşayan böyük yol” mövzusunda tədbir keçirilib.

Muzeydən TƏHSİL.BİZ-ə bildirilib ki, əvvəlcə Ulu Öndərin 30 ildən artıq müddətdə Azərbaycan ədəbiyyatı və incəsənətinə verdiyi töhfələrin mənzərəsini fotoşəkillərin, sənədlərin dili ilə əyani şəkildə əks etdirən 8 lövhədən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin əziz xatirəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif məkanlarında minnətdarlıqla anıldığını bildirib. Qeyd edib ki, böyük şəxsiyyətlər haqqında danışmaq, xatirələrini yad etmək həm də onların içərisindən keçdiyi tarix haqqında düşünmək fürsəti verir.

O, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərdən, ölkəsinin tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən danışıb.

Akademik Rafael Hüseynov zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin həm də SSRİ-nin ali rəhbərliyində əsas simalardan biri olduğunu söyləyib. Bu səbəbdən də Ümummilli Liderin hadisələrin mahiyyətini içəridən bildiyini, cəmiyyəti, sovet quruluşunun qanunlarını yaxşı tanıdığını və ona ən üst qatdan baxmaq imkanına malik olduğunu bildirib. Qeyd edib ki, təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yüksəlib. Bu, sovet dönəmində nadir hadisə idi. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilən ilk azərbaycanlı kadr idi. O, bu vəzifəyə yüksələnədək həddən artıq böyük işlər həyata keçirmişdi.

Direktor bildirib ki, xalqımızın çətin sınaqlarla qarşılaşdığı dövrdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlayıb, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını alıb, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirib. O, sovet dönəmində Ulu Öndər Heydər Əliyevin müdrik şəxsiyyəti sayəsində Azərbaycanın Sovet İttifaqına daxil olan digər respublikalar arasında önə çıxdığını, keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayıb.

Hələ sovet hökumətinin ən sərt dövründə Heydər Əliyevin Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyduğunu deyən akademik Rafael Hüseynov bu tarixi hadisənin Ümummilli Liderin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində reallaşdığını diqqətə çatdırıb. Alim Azərbaycanda hərbi məktəb quruculuğunu sovet dövrü üçün son dərəcə cəsarətli, strateji qərar kimi dəyərləndirib və Cəmşid Naxçıvanski adına hərbi məktəbin müasir hərbi kadrların formalaşmasındakı mühüm rolunu önə çəkib.

Akademik Rafael Hüseynov qeyd edib ki, milli-mənəvi dəyərlərə, mədəni irsimizə hər zaman böyük həssaslıqla yanaşan və yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətini və incəsənətini daim xüsusi diqqət mərkəzində saxlayıb. Bəstəkarlarımızın, memarlarımızın, rəssamlarımızın, şair və ədiblərimizin yaradıcılıq inkişafı və rifah yüksəlişi üçün Ümummilli Lider onlara hər zaman böyük qayğı göstərib, problemlərinin həlli üçün məqsədyönlü addımlar atıb. Hələ sovet dönəmində birbaşa Ulu Öndərimizin səyləri nəticəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.

Azərbaycan ziyalılarının keçmiş İttifaq və dünya miqyasında tanıdılmasına yönəlmiş bu səylər Ümummilli Liderimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğısının parlaq təzahürüdür.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. Akademik Rafael Hüseynov Heydər Əliyevin müstəqilliyimizin yalnız XX əsr içərisində deyil, bütün gələcək boyu yaşamasının əsas memarı olduğunu bildirib. Dahi Liderin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib.

Ulu Öndərin yolunu davam etdirəcək böyük şəxsiyyət yetişdirdiyini söyləyən akademik Rafael Hüseynov Prezident, Ali Baş Komandan İlham Əliyevin ata nəsihətini yerinə yetirərək işğal atındakı torpaqlarımızı qəhrəman Ordumuzun şücaətliyi ilə geri qaytarmağa nail olduğunu, dünyada görünməyən tarix yazdığını vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyevin açdığı işıqlı yolu uğurla davam etdirərək Azərbaycanın istiqlalını daha da sarsılmaz edib, ölkəmizi dünya dövlətləri arasında üstün mövqeyə çıxarıb.

Xəbər lenti