Logo

AzMİU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub

18.12.2025 13:56 71 baxış
IMG

Dekabrın 18-də Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, yubiley tədbirindən öncə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun AzMİU-nun yaradılmasındakı müstəsna xidmətlərini, ali təhsil və milli kadr hazırlığı prosesinə böyük qayğısını dərin ehtiramla yad ediblər. 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. 
Universitet kollektivi daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, Vətən uğrunda canını fəda edən Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub. 

Rəsmi tədbirdən öncə “Gülüstan” sarayında təşkil olunan “Təhsil və irs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.

Təntənəli yubiley yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.

Rəsmi tədbirdə çıxış edən rektor, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal və hibrid tədris modellərinin tətbiqi, eləcə də insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətin AzMİU-nun inkişafına təsirindən danışıb. 

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, “ağıllı şəhər”, “yaşıl memarlıq”, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır”, - deyə professor Gülçöhrə Məmmədova əlavə edib. 

Rektor çıxışında yubiley ərəfəsində AzMİU-nun seçdiyi devizə də diqqət çəkib: ““Əsrə bərabər 50 il” devizini seçməyimiz təsadüfi deyil. Bu yarım əsr təkcə universitetin yaşı deyil – Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda, bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir”.

Professor Gülçöhrə Məmmədova 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisinin məzun olduğunu deyib: “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”. 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.

 Çıxış zamanı bildirilib ki, AzMİU-da həyata keçirilən təhsil islahatları, beynəlxalq akkreditasiyalar və xarici ali məktəblərlə qurulan əməkdaşlıqlar universitetin qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Nazir beynəlxalq reytinqlərdə əldə olunan nəticələrin məqsədyönlü fəaliyyətin göstəricisi olduğunu, bu nailiyyətlərin həm akademik keyfiyyətin yüksəldilməsi, həm də elmi tədqiqatların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Emin Əmrullayev AzMİU-da rəqəmsal transformasiya sahəsində görülən işləri yüksək qiymətləndirib, tədris prosesində müasir rəqəmsal platformaların tətbiqi, elektron resursların genişləndirilməsi və idarəetmədə innovativ həllərin universitetin dayanıqlı inkişafına mühüm töhfə verdiyini bildirib. Vurğulayıb ki, bu istiqamətdə atılan addımlar tələbələrin bilik və bacarıqlarının artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Nazir sonda AzMİU kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb, universitetin ölkənin sosial-iqtisadi inkişafına, mühəndis və memarlıq sahələrində peşəkar kadr potensialının gücləndirilməsinə bundan sonra da əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş AzMİU əməkdaşlarına dövlət təltifləri elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim edilib. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunmuş universitet əməkdaşlarına da təltiflər təqdim edilib. 

Daha sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.

Rəsmi hissənin davamında yubiley münasibətilə universiteti təbrik edən qonaqlar çıxış edib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunub.

AzMİU-nun 50 illik yubileyinin qeyd edilməsi universitetin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın mühəndislik, memarlıq və dizayn təhsilinin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Bu yubiley ölkənin insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinə verilən töhfənin və AzMİU-nun milli intellekt mərkəzi kimi rolunun bir daha təsdiqidir.

 


Xəbər lenti