Qarabağlı fəxrlərimizin ruhu şad olur
20-ci yazı
İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.
Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.
Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.
İyirminci yazımız Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin professoru olmuş Ağa Əliqəmə oğlu Əliyevlə (Ağa Laçınlı) bağlıdır.
Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil almışdır. 1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışmış, 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olmuşdur.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" kimi kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, Dünya ədəbiyyatı kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan alim "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.
1967-2006-cı illərdə işlədiyi Filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub. Ağa Laçınlı klassik şeirimizin və folklorumuzun, aşıq poeziyasının böyük ənənələri ilə çağdaş insanın yaşantılarını vəhdətdə görüb, vəhdətdə əks etdirirdi.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat etmişdir.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi alimin ruhunu şad etmişdir, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Ağa Laçınlının dünyaya göz açdığı Laçın şəhərində ən hündür nöqtəyə sancacağı gün isə uzaqda deyil!